Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında son vaxtlar Suriyada döyüşməyə gedən azərbaycanlılarla bağlı məsələ qaldırılıb.
APA-nın məlumatına görə, cari məsələlərin müzakirəsi zamanı çıxış edən deputat Zahid Oruc bildirib ki, son vaxtlar Suriyaya kütləvi axın edən azərbaycanlı gənclər orada konkret terror dəstələrinin tərkibinə qatılırlar.
O qeyd edib ki, onlar orada terror ruhunda yetişdirilir və sabah hansısa qüvvələr tərəfindən Azərbaycana qarşı istifadə olunacaq: “Nəzərə alsaq ki, ora gedənlərin sayı getdikcə çoxalır, təcili Azərbaycan dövləti hərəkətə keçməlidir. Biz parlament olaraq bununla bağlı qanunvericilikdə dəyişik etməliyik və Baş Prokurorluq da buna əsasən bununla bağlı cinayət işi qaldırılmalıdır. Humanist və dini baxımdan buna yanaşdıqca, qarşısı alınmayacaq. Təcili inzibati tədbirlər görülməlidir. Çünki bu gün Suriyaya döyüşə gedənlər sabah Azərbaycan dövlətçiliyi üçün baş bəlasına çevriləcək”.
Spiker Oqtay Əsədov da bildirib ki, məsələ çox ciddidir, amma ora döyüşməyə gedənlərin hamısını terrorçu adlandırmaq olmaz: “Əlbəttə, bunun qarşısını almaq lazımdır və bununla bağlı nə lazımdırsa, görüləcək. Muzdlu döyüşçülər təhlükəli və çətin məsələdir, bunun qarşısının alınması da çətindir. Amma təhlükəliliyini nəzərə alaraq lazımı addımlar atılacaq. Bizim də üzərimizə nə düşsə, edəcəyik”.