Xəbər verdiyimiz kimi, aparıcı Fira Cəlilovanın (Firuzə İskəndərova) Novxanı qəsəbəsində yerləşən bağ evində axtarışda olan şəxsin gizlədildiyi müəyyən edilib və həmin şəxs polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.
Evdə quraşdırılmış təhlükəsizlik kameralarının görüntülərini yayan aparıcı isə evinə basqın edildiyini, mənzildən pul və qızıl oğurlandığını iddia edib.
Yayılan rəsmi məlumatdan bu qənaətə gəlinir ki, aparıcı yalan danışıb.
Bəs bilə-bilə yalan məlumat verən, həmçinin cinayətkarı evində gizlədən şəxsi hansı məsuliyyət gözləyir?
Qeyd edək ki, Cinayət Məcəlləsinin 307-ci maddəsi cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmədən bəhs edir.
Həmin maddənin 307.1. bəndinə görə ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə min beş yüz manatdan iki min beş yüz manatadək cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Maddənin 307.2. bəndinə görə qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə üç min manatdan altı min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Həmçinin, 307.3. bəndində isə qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılma nəzərdə tutulur.
Hüquqşünas Şamil Paşayev Lent.az-a açıqlamasında bildirib ki, axtarışda olan şəxsin bağ evində saxlanılması özlüyündə ev sahibini cinayət məsuliyyətinə cəlb etmək üçün kifayət etmir: "Əvvəlcə həmin şəxsin hansı əmələ görə axtarıldığı, ev sahibinin törədilmiş cinayət barədə nə bildiyi və şəxsin gizlənməsinə qəsdən kömək edib-etmədiyi müəyyənləşdirilməlidir.
Məsələn, ev sahibinin ağır cinayət törədildiyini bilə-bilə həmin şəxsə polisdən gizlənməsi üçün yer verməsi aktiv gizlətmə kimi qiymətləndirilə bilər. Nəzərə almaq lazımdır ki, yaxın qohumlarla bağlı xəbər verməmək istisna təşkil edir. Oğurluq və ya digər xüsusiyyətlərlə bağlı iddialar isə araşdırma nəticəsində Cinayət Məcəlləsinin 296-cı maddəsinə əsasən yalan olduğunu bilə-bilə şəxsi cinayət törətməkdə ittiham etmək məsuliyyətə səbəb olur".