Xurmanı yeməzdən əvvəl bəziləri qabığını soyur, digərləri isə qabığı ilə birlikdə yeyir. Bəs əslində hansı üsul daha doğrudur?
Lent.az xarici mediaya istinadən xəbər verir ki, xurmanın qabığı yeməlidir və onu hər dəfə soymağa ehtiyac yoxdur. Lakin bəzi hallarda qabığın çıxarılması sağlamlıq baxımından daha məqsədəuyğun hesab edilir.
Xurmanın qabığını soymaq vacibdirmi?
Xurmanın qabığında qida lifləri, polifenollar və karotinoidlər mövcuddur. Hətta bəzi faydalı bitki birləşmələrinin konsentrasiyası qabıqda meyvənin lətinə nisbətən daha yüksək olur. Bununla belə, qabığı soyulmuş xurma da qida dəyərini qoruyur. Əgər qabıq çox qalın və ya dadı xoşagəlməzdirsə, onu rahatlıqla soymaq olar.
Həzm sistemi ilə bağlı problemləri olan insanlar isə xurmanı qabığı ilə yeyərkən daha diqqətli olmalıdırlar. Çünki qabıqda çoxlu lif və tanin adlanan aşılayıcı maddələr var. Bu maddələr bəzi hallarda həzmi çətinləşdirə bilər. Həddindən artıq xurma istehlakı nadir hallarda mədədə həzm olunmamış qida qalıqlarından və bitki liflərindən ibarət bərk kütlələrin yaranmasına səbəb ola bilər. Bu vəziyyət bezoar adlanır. Xüsusilə mədə əməliyyatı keçirmiş, mədənin boşalması ləngiyən və ya qidanı çeynəməkdə çətinlik çəkən şəxslər ehtiyatlı olmalıdırlar. Belə hallarda xurmanın qabığını soymaq və istehlak miqdarını məhdudlaşdırmaq tövsiyə edilir.
Xurmanı necə yemək daha doğrudur?
Xurmanın yeyilmə üsulu təkcə şəxsi zövqdən deyil, həm də onun növündən və yetişmə dərəcəsindən asılıdır.
Fuyu - Yumru və bir qədər yastı formada olan bu xurma növünü bərk halda da yemək mümkündür. Onu dilimlərə ayıraraq qabığı ilə birlikdə istehlak etmək olar.
Hachiya - Uzunsov və ucu sivri olan bu xurma növü isə Fuyudan fərqlənir. Onu bərk halda yemək məsləhət görülmür. Çünki yetişməmiş meyvədə taninlərin miqdarı yüksək olduğundan ağızda güclü büzüşmə hissi yaradır.
Bu növ xurmanın tam yetişməsini, çox yumşaq və demək olar ki, jeleyəbənzər hala gəlməsini gözləmək lazımdır. Bundan sonra meyvəni iki yerə bölüb şirin lətini qaşıqla yemək, qabığını isə kənara qoymaq olar. Mütəxəssislər xurmanı istehlak etməzdən əvvəl yaxşıca yumağı, həzm problemi olan şəxslərin isə qabığını soyaraq yeməyi tövsiyə edirlər.