Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə ölkəyə qaçaqmalçılıq yolu ilə qızıl-zinət əşyaları gətirməkdə təqsirləndirilən Dövlət Vergi Xidmətinin sabiq əməkdaşı Fuad Orucov və digər şəxslərin cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Lent.az xəbər verir ki, prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, onlara hüquq və vəzifələri izah olunub.
Qısa müşavirədən sonra cinayət işi məhkəmə baxışına verilib.
Növbəti proses dekabrın 10-u saat 14:00-a təyin edilib.
İttihama görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İstintaq İdarəsinin əməliyyat müvəkkili vəzifəsində çalışan Fuad Orucov hazırda məhkum edilmiş Kamran Məhərrəmov, Xəyyam Qurbanov və digər şəxslərlə cinayət əlaqəsinə girib.
Onlar Türkiyədən ümumi dəyəri təxminən 1 milyon 700 min manat olan 18 kiloqramdan artıq qızıl-zinət əşyasını qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirməkdə ittiham olunurlar.
İstintaq zamanı Fuad Orucovun yaşadığı evə baxış keçirilərkən “Makarov” tipli tapançaya aid 39 ədəd patron da aşkarlanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 206.3.3-cü (vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) maddələri ilə cinayət işi başlanılıb.
Fuad Orucov barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.