Bakıda UEFA Çempionlar Liqası çərçivəsində keçirilən “Sabah” – “Barselona” qarşılaşması zamanı dünyasını dəyişən rusiyalı azarkeşin biznesmen olduğu məlum olub.
Lent.az Rusiya teleqram kanallarına istinadla xəbər verir ki, 39 yaşlı Anton P. məhz bu qarşılaşmanı izləmək üçün Azərbaycana gəlib.
Oyun zamanı onun qəfil halı pisləşib, huşunu itirərək tribunada yıxılıb. Şahidlər tibb işçilərini çağırsalar da, kişinin həyatını xilas etmək mümkün olmayıb.
İlkin ehtimala görə, onun ölümünə ürək çatışmazlığı səbəb olub. Hazırda meyiti morqdadır.
Mərhum Rusiyanın Krasnoyarsk diyarının İqarka şəhərindən olub, son bir neçə ildə isə Moskvada yaşayıb. O, layihələndirmə və tikinti şirkətinin baş direktoru olub, həmçinin daşınmaz əmlakın icarəsi ilə məşğul olub.
Tez-tez səyahət edən Anton Maldiv adalarında istirahət etməyi sevirmiş. O, Moskvanın “Lokomotiv” futbol klubunun azarkeşi olub.

***
12:06
"Sabah" - "Barselona" klublarının oyunu zamanı ölən azarkeşlə bağlı yeni təfərrüat məlum olub.
Lent.az-ın əldə etdiyi xəbərə görə, mərhum azarkeş 39 yaşlı Anton Aleksandroviç Petrişşev qarşılaşmanı izləmək üçün Rusiyadan 11 yaşlı oğlu ilə Bakıya gəlibmiş. Hadisə zamanı onun azyaşlı oğlu da yanında olub.
Məlumata görə, Anton Petrişşevin meyiti tibbi ekspertizadan sonra Rusiyaya göndəriləcək.
***
09:52
Bakıda UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçirilən "Sabah" - "Barselona" qarşılaşmasını izləmək üçün Rusiyadan Azərbaycana gələn azarkeş stadionda ölüb.
Lent.az "Teleqraf"a istinadla xəbər verir ki, hadisə oyunun ikinci hissəsində Bakı Olimpiya Stadionunda qeydə alınıb.
Qarşılaşmanı tribunadan izləyən Rusiyanın Krasnoyarsk diyarından Bakıya gəlmiş 39 yaşlı Anton Aleksandroviç Petrişşevin qəfil halı pisləşib. O, stadionda dünyasını dəyişib.
Mərhumun meyiti müayinə üçün morqa təhvil verilib.
İlkin ehtimala görə, azarkeşin ölümünə ürək çatışmazlığı səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
