Elmira Şabanova  kimdir? – Deputatın qadağası ilə kinodan uzaqlaşan Xalq artisti
26 noyabr 2026 10:29 (UTC +04:00)

Elmira Şabanova kimdir? – Deputatın qadağası ilə kinodan uzaqlaşan Xalq artisti

0

Xalq artisti, aktrisa Elmira Şabanova vəfat edib.

Lent.az Bioqrafiya rubrikasında onun haqqında məlumatları təqdim edir.

- Elmira Şabanova kimdir?

Elmira Balahüseyn qızı Şabanova Azərbaycan teatr və kino aktrisası, pedaqoq, Xalq artisti idi.

- O nə zaman və harada dünyaya gəlib?

O, 1940-cı il noyabrın 1-də Bakıda anadan olub. Atası SSRİ Ali Sovetinin deputatı olub

- Harada təhsil alıb?

O, 1958-ci ildə M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Aktyorluq fakültəsinə daxil olub. 1962-ci ildə ali təhsilini başa vurub. Aktrisa 1969-cu ildə həmin institutun Rejissorluq fakültəsini də bitirib. Tələbəlik illərində görkəmli rejissor Tofiq Kazımovdan sənətin sirlərini öyrənib.

- Aktrisa olmağa necə qərar verib?

Elmira Şabanovanın aktrisalığa marağı Qreta Qarbonu ekranda izlədikdən sonra yaranıb. Məhz bu aktrisanın ifası onda kino sənətinə böyük həvəs oyadıb. Beləliklə, gələcəkdə Azərbaycan kinosunun tanınmış simalarından birinə çevriləcək Elmira Şabanova sənət yolunu seçib.

- Kinoda ilk addımlarını hansı filmlə atıb?

Onun kino debütü “Əsl dost” filmi ilə başlayıb. Daha sonra “Səhər” filmində Sevda obrazını canlandırıb. 

- Bəs necə olub ki, sənətə yeni başlayan aktrisa uzun müddət kinodan uzaq qalıb?

O, institutun birinci kursunda rejissor Rüfət Şabanovla ailə qurub. Lakin həm atası, həm də həyat yoldaşı onun filmlərə çəkilməsinə qarşı çıxıb. Rüfət Şabanov həyat yoldaşının sevgi mövzulu filmlərdə rol almasını istəmirmiş. Nəticədə Elmira Şabanova uzun müddət sevdiyi sənətdən uzaq qalmalı olub.

- Kinoya nə vaxt qayıdıb?

Uzun fasilədən sonra 1977-ci ildə “Bədbəxtliyin astanasında” filmi ilə yenidən kinoya qayıdıb. Bundan sonra onun yaradıcılığında yeni mərhələ başlayıb. Aktrisa müxtəlif rejissorların ekran əsərlərində rol alaraq özünəməxsus ifa tərzi ilə seçilib.

- Hansı filmlərdə çəkilib?

Elmira Şabanova 30-a yaxın bədii filmdə rol alıb. Onun filmoqrafiyasına “Əsl dost”, “Səhər”, “Ötən ilin son gecəsi”, “Gəmi saatının sirri”, “Qəm pəncərəsi”, “Təhminə”, “Fəryad”, “Gecə qatarında qətl” və “40-cı qapı” kimi ekran əsərləri daxildir. Bu filmlərdə yaratdığı obrazlar aktrisanın geniş aktyorluq imkanlarını nümayiş etdirib.

- Tamaşaçılar onu daha çox hansı obrazlarla xatırlayır?

Aktrisa xüsusilə ana və xarakterik qadın obrazlarının mahir ifaçısı kimi tanınıb. “Fəryad” filmində İsmayılın anası, “Təhminə”də Aliyə, “Qəm pəncərəsi”ndə isə Həmidə xanım obrazlarını canlandırıb. Onun ifasında obrazların daxili dünyası, yaşadıqları ağrı və duyğular təbii şəkildə tamaşaçıya çatdırılıb.

- Elmira Şabanova yalnız kino sahəsində çalışıb?

O, pedaqoji fəaliyyətlə də məşğul olub. 1962–1997-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda müəllim və dosent kimi çalışıb. Gənc aktyorların yetişməsində mühüm rol oynayıb. Bundan başqa, radio və televiziya tamaşalarında da iştirak edib.

- Ailəsində kimlər yaradıcılıqla məşğul olub?

Elmira Şabanova rejissor Rüfət Şabanovla ailə qurub. Onların övladlarından Fuad Şabanov rejissor, qızı Leyla Şabanova isə kinoşünas kimi fəaliyyət göstərib.

- Elmira Şabanova hansı fəxri adlara layiq görülüb?

O, 2000-ci ildə Əməkdar artist, 2006-cı ildə isə Xalq artisti fəxri adına layiq görülüb. 2003-cü ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub.

- Elmira Şabanova nə vaxt vəfat edib?

Xalq artisti 2026-cı il noyabrın 25-də, 86 yaşında dünyasını dəyişib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 210

Oxşar yazılar