Futbol əfsanələrinin  çəkildiyi   məşhur serialın yeni mövsümü  gəlir
25 noyabr 2026 18:54 (UTC +04:00)

Futbol əfsanələrinin çəkildiyi məşhur serialın yeni mövsümü gəlir

0

“Apple TV” platformasının ən uğurlu layihələrindən biri olan “Ted Lasso” idman-komediya serialının beşinci mövsümünün çəkiləcəyi açıqlanıb.

Lent.az xəbər verir ki, “Deadline” nəşrinin məlumatına görə, yeni bölümlərin çəkilişlərinə 2027-ci il aprelin 14-də başlanılması planlaşdırılır. Serialın ilin sonunda ekranlara çıxacağı gözlənilir.

Baş rolu yenidən amerikalı aktyor Ceyson Sudeykis canlandıracaq.

Serialın dördüncü mövsümünün ilk bölümü təxminən 297 milyon dəqiqə izlənərək platformanın rekord göstəricisinə imza atıb.

Serial nədən bəhs edir?

Ekran əsəri Amerika futbolu üzrə məşqçi olan Ted Lassonun İngiltərənin uydurma “Riçmond” futbol klubuna baş məşqçi təyin edilməsindən bəhs edir.

Futbolun qaydalarını və taktikasını demək olar ki, bilməyən Lasso psixoloji dəstək, qarşılıqlı etimad və komanda ruhu sayəsində futbolçuların hörmətini qazanmağa başlayır.

Serialda futbolla yanaşı, dostluq, ailə problemləri, psixoloji sağlamlıq və şəxsi inkişaf mövzularına da toxunulur.

2026-cı ilin avqustunda yayımlanan dördüncü mövsümdə baş qəhrəman İngiltərəyə qayıdaraq “Riçmond” klubunun yeni yaradılmış qadın futbol komandasına rəhbərlik edir. Beşinci mövsümdə də bu hekayənin davam etdiriləcəyi gözlənilir.

Serialda hansı futbol əfsanələri çəkilib?

Pep Qvardiola. İspaniyalı mütəxəssis serialın üçüncü mövsümündə “Riçmond”un “Mançester Siti” ilə qarşılaşmasından sonra Ted Lasso ilə söhbət edərək məşqçilik fəlsəfəsini bölüşüb.

Tyerri Anri. Fransa millisinin və “Arsenal”ın əfsanəvi hücumçusu bir neçə bölümdə futbol eksperti kimi iştirak edib.

Qari Lineker. İngiltərə millisinin sabiq hücumçusu serialda özünü canlandıraraq Anri ilə birlikdə futbol verilişində yer alıb.

İan Rayt. “Arsenal”ın əfsanəvi futbolçusu ikinci mövsümdə “Riçmond” və “Tottenhem” qarşılaşmasını şərh edib.

Kris Kamara. İngiltərəli sabiq futbolçu və tanınmış televiziya aparıcısı idman eksperti obrazında ekranlara çıxıb.

Bundan başqa, İngiltərə Premyer Liqasının sabiq futbolçuları Cey Botroyd və Corc Elokobi də epizodik rollarda çəkiliblər.

Serial niyə bu qədər məşhurlaşıb?

2020-ci ilin avqustunda yayımlanmağa başlayan “Ted Lasso” ilk mövsümündə “Emmi” mükafatının 20 nominasiyasına namizəd göstərilərək debüt edən komediya serialları arasında rekord müəyyənləşdirib. Layihə iki il ardıcıl olaraq ilin ən yaxşı komediya serialı seçilib.

Serialın uğurunun əsas səbəblərindən biri futbolun yalnız qələbə və məğlubiyyətlərdən ibarət olmadığını göstərməsidir. Bu xüsusiyyəti ilə ekran əsəri futbolla maraqlanmayan tamaşaçıların da rəğbətini qazanıb.

Yeni mövsümdə daha bir neçə məşhur futbol simasının çəkiləcəyi də istisna edilmir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 192

Oxşar yazılar