364 minlik qızıl aparan qadının qızı: “Anam üfürüb,  oxuyub qaytaracaq”
25 noyabr 2026 15:55 (UTC +04:00)

364 minlik qızıl aparan qadının qızı: “Anam üfürüb, oxuyub qaytaracaq”

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə himayəsində olan 15 yaşlı bacısı oğlu Ü.M.-ə işgəncə verməkdə və dələduzluqda təqsirləndirilən Günay Novruzovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, prosesdə zərərçəkmiş B.S. ifadə verib. O, təqsirləndirilən Günay Novruzovaya sırğa və üzüklərdən ibarət dörd komplekt qızıl verdiyini bildirib:

“Ümumilikdə 363 min 70 manatım gedib. Mən aldadıldığımı Günay saxlanıldıqdan sonra anladım və həmin vaxt qızılları geri istədim. Onun qızı dedi ki, səndən başqasının da qızılları var, qarışdıraram. Bildirdi ki, anam çıxandan sonra üfürüb, oxuyub qaytaracaq. Bir dəfə də ondan istəyəndə qızı dedi ki, qızılları Nərimanovdakı lombarda qoymuşam”.

Növbəti məhkəmə prosesi dekabrın 16-sı saat 11:00-a təyin edilib.

Xatırladaq ki, 2019-cu ildə Ü.M.-in atası Vüsal Məmmədov həyat yoldaşı Fəridə Məmmədovanı övladlarının gözü qarşısında qətlə yetirib.

Hadisədən sonra uşaqların xalası Günay Novruzova Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət edərək onların qəyyumu təyin olunmasını xahiş edib.

2025-ci il sentyabrın 1-də yeniyetmənin məişət zorakılığına məruz qalması barədə daxil olan məlumat əsasında hüquq-mühafizə orqanlarının nümayəndələri ailənin yaşadığı ünvana baş çəkiblər.

Məlum olub ki, yeniyetmə qəyyumu ilə birlikdə Lənkərandadır. Daha sonra polis əməkdaşları onları Bakıya gətiriblər.

Günay Novruzovanın qəyyumluğuna xitam verilib və o, saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, G.Novruzovaya Cinayət Məcəlləsinin 133.2.4, 133.2.6 (əzabvermə) və 178.3.2-ci (külli miqdarda dələduzluq) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 186

Oxşar yazılar