Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Mircəlil Əzizlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, prosesdə dövlət ittihamçısı çıxış edərək Mircəlil Əzizlinin 5 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 il azadlıqdan məhrum edilməsini təklif edib.
Növbəti məhkəmə prosesi dekabrın 9-u saat 12:00-a təyin edilib.
Xatırladaq ki, hadisə 2025-ci il avqustun 16-da Suraxanı rayonu, aeroport şosesində baş verib.
Belə ki, Təbriz Şəfiyev idarə etdiyi avtomobildə texniki nasazlıq yarandığından maşını yolun kənarında saxlayaraq problemi aradan qaldırmağa çalışıb.
Bu zaman həmin zolaqla hərəkətdə olan Mircəlil Əzizlinin idarə etdiyi “Toyota” markalı avtomobil onun maşınının arxa hissəsinə çırpılıb.
Zərbənin təsirindən avtomobilin qarşısında dayanan Təbriz Şəfiyev ikinci hərəkət zolağına düşüb. O, həmin zolaqla hərəkət edən Bəxtiyar Rəhimlinin idarə etdiyi “Mercedes” markalı avtomobilin altında qalaraq hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, M.Əzizliyə Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti qaydalarını sərxoş halda və ya nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.