Yer kürəsinin torpaq ehtiyatlarının iqtisadi dəyəri təxminən 325 trilyon dollar qiymətləndirilir. Lakin alimlərin diqqət çəkdiyi əsas problemlərdən biri bu təbii sərvətin qorunmasını nəzərdə tutan vahid və məcburi beynəlxalq sazişin olmamasıdır.
Lent.az xəbər verir ki, araşdırmaya görə, dünya üzrə quru ərazilərin təxminən 40 faizi artıq deqradasiyaya uğrayıb. Bu vəziyyət qlobal iqtisadiyyatın illik 44 trilyon dollarlıq fəaliyyətini risk altına qoyur.
Torpaq ərzaq istehsalı ilə yanaşı, suyun süzülməsi, karbonun saxlanılması və ekosistemlərin qorunması baxımından da mühüm əhəmiyyət daşıyır. Lakin eroziya, kimyəvi çirklənmə, pestisidlər və torpaq ehtiyatlarından səmərəsiz istifadə bu təbii sərvətə ciddi zərər vurur.
Alimlər bildirirlər ki, mövcud beynəlxalq sazişlər atmosferin, okeanların və biomüxtəlifliyin qorunmasını əhatə etsə də, torpaqların mühafizəsi ilə bağlı hərtərəfli hüquqi mexanizm mövcud deyil.
Tədqiqatda Sahara səhrası ilə Amazon meşələri arasındakı əlaqə də nümunə göstərilir. Hər il təxminən 27,7 milyon ton Sahara tozu Atlantik okeanını keçərək Amazon hövzəsinə çatır və tərkibindəki fosforla meşə torpaqlarını zənginləşdirir. Bu, torpaq ekosistemlərinin qlobal miqyasda bir-biri ilə əlaqəli olduğunu göstərir.
Problemin həlli üçün alimlər 2032-ci ilədək Torpağın Qorunması üzrə Qlobal Konvensiyanın qəbul edilməsini təklif edirlər. Sənəd ölkələrin torpaq ehtiyatlarının mühafizəsi istiqamətində fəaliyyətini əlaqələndirməyi nəzərdə tutur.
Tədqiqatın həmmüəllifi, professor Aleks Makbratni bildirib ki, torpaq ərzaq təhlükəsizliyi, biomüxtəliflik və iqlim dəyişikliklərinə davamlılıq üçün əsas rol oynasa da, beynəlxalq ekoloji siyasətdə lazımi diqqəti görmür. Alimlərin fikrincə, əsas problem elmi biliklərin və texniki imkanların çatışmazlığı deyil, beynəlxalq siyasi iradənin zəifliyidir.