Abşeronda meyvə-tərəvəz satıcısı bıçaqlanıb.
Lent.az xəbər verir ki, hadisə Xırdalan şəhəri, Heydər Əliyev prospektində qeydə alınıb.
31 yaşlı Tahir Musayev (şərti adla) prospektin kənarında meyvə-tərəvəz satılan yerə gələrək, pul vermədən alçaları yeyib. Bu zaman satıcı Murad (şərti adla) ona irad bildirib. Həmçinin satıcının köməkçisi də hadisəyə qarışaraq, Tahirə qarşı kobud ifadə işlədib. Nəticədə Tahir evdən bıçaq götürərək geri qayıdıb və ona kobud cavab verən şəxsi axtarıb. Murad həmin şəxsin getdiyini deyib və Tahirlə aralarında mübahisə yaranıb.
Mübahisə zamanı Tahir bıçaqla Muradın qarnına və qoluna zərbələr vuraraq, xəsarətlər yetirib. Yaralı xəstəxanaya yerləşdirilərək ona ilkin yardım göstərilib.
T. Musayev isə saxlanılıb və barəsində cinayət işi başlanıb.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, meyvə-tərəvəz satan Muradla əvvəllər eyni cəzaçəkmə müəssisəsində cəza çəkiblər. O, törətdiyi əməldən peşman olduğunu və zərərçəkənlə barışdığını deyib. Həmçinin zərərçəkən Murad da Tahirə qarşı şikayət və tələbinin olmadığını bildirib.
Muradın sözlərinə görə, əvvəllər də Tahir dəfələrlə onun mağazasında pul vermədən meyvələri yeyib. Lakin utandığı üçün söz deməyib.
Məhkəmənin qərarı ilə Tahir Musayev 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.