"Babası lütün biri olub" - Siyavuş Novruzov OD PÜSKÜRDÜ
24 noyabr 2026 15:41 (UTC +04:00)

"Babası lütün biri olub" - Siyavuş Novruzov OD PÜSKÜRDÜ

0

“Vəzifəli şəxslərin öncədən bəyannamə təqdim etməsi müsbət məqamdır”.

Lent.az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Maraqlar toqquşması haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Regional məsələlər sədri Siyavuş Novruzov bildirib.

Deputat deyib ki, qanun layihəsində çox düzgün olaraq bəyannamənin əvvəlcədən elan olunması məsələsi göstərilib: “Biz mütəmadi olaraq belə hallarla rastlaşırıq. Son vaxtlar cənab Prezidentin korrupsiyaya qarşı apardığı mübarizə nəticəsində ayrı-ayrı məmurların məsuliyyətə cəlb olunmasının şahidi oluruq. Onların qeyri-qanuni, korrupsiya yolları ilə əldə etdikləri vəsaitləri ailə üzvlərinin, qohum-əqrəbasının, ətrafının adına rəsmiləşdirməsi və nəticə etibarilə özlərinin heç nəyə sahib olmaması, hətta yaşayış evlərinin belə olmaması, kirayədə yaşaması kimi hallara rast gəlirik. Bu da insanlarda bir ikrah hissi doğurur.

Hesab edirəm ki, bəyannamənin əvvəlcədən elan olunması burada düzgün yanaşmadır. Bir çox halda çoxu göstərir ki, keçmişdən buna vəsaitlər qalıb, babasından qalıb, əslində yoxlasan, babası lütün biri olub. Sadəcə, əldə etdiyi vəsaitin mənbəyini əsaslandırmaq üçün hər hansı bir şəxsin adını ortaya atır və bildirir ki, bu sərvət onun vəsaiti hesabına əldə olunub. Hesab edirəm ki, bəyannamə bütün bunları açıq şəkildə ortaya qoyacaq.

İkincisi, bu, qanun ədalətsiz sahibkarlığın qarşısını alacaq. Bu gün ədalətsiz sahibkarlıqla məşğul olan kifayət qədər insan var. Onlar əldə etdikləri qeyri-qanuni vəsaitlər hesabına ticarət, tikinti, fermerlik və digər sahələrdə fəaliyyət göstərməklə kiçik və orta sahibkarlığın belinə minirlər.

Kiçik və orta sahibkarlıqla məşğul olan vətəndaş bankdan 23-24 faizlə kredit götürərək, öz işini qurmaq istəyəndə külli miqdarda vəsait xərcləyir, bütün çətinliklərə baxmayaraq fəaliyyətini davam etdirir, ardınca istehsal etdiyi məhsulu da dəyərinə, bəzən isə dəyməzinə satmağa məcbur olur. Çünki qarşı tərəfin əlindəki pulun mənbəyi məlum deyil və bu qeyri-qanuni vəsait hesabına əldə etdiyi üstünlük ona rəqabətdə imkan yaradır.

Nəticədə minlərlə insan, xüsusilə kənd yerlərində yaşayan vətəndaşlar onların yaratdığı bu vəziyyətə görə hər hansı bir bizneslə məşğul olmaq imkanından məhrum olurlar. Hesab edirəm ki, biz bu qanunu qəbul etməklə həmin ədalətsiz rəqabəti də aradan qaldırmalıyıq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 170

Oxşar yazılar