Türkiyənin İstanbul şəhərində görüldüyü iddia edilən şirlə bağlı hüquq-mühafizə orqanlarına məlumat verən şəxsin “Başakşehir” klubunun hücumçusu Bertuğ Yıldırım olduğu üzə çıxıb.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, futbolçu İstanbulun Sarıyer rayonunda görüldüyü iddia edilən şirin yaşadığı evin ətrafında olduğunu bildirib. Futbolçu yayılan görüntülərin də evinin təhlükəsizlik kameraları tərəfindən qeydə alındığını açıqlayıb:
“Dünən təlim-məşq toplanışında idim. Mənə zəng edib şirlə bağlı məlumat verdilər. Əvvəlcə inanmadım. Daha sonra evimizdə çalışan xanım zəng edərək şiri gördüyünü dedi. Bundan sonra jandarmaya zəng etdim və şirin evimizin ətrafında olduğunu bildirdim. Yayılan video da bizim evin təhlükəsizlik kamerasının görüntüləridir. Toplanış axşamı bir qədər də şir məsələsi ilə məşğul olduq. Ümid edirəm ki, tapılar. Mənim evim də oradadır. Qayıdanda bəlkə özüm də şiri axtardım”.

Qeyd edək ki, noyabrın 22-də axşam saatlarında İstanbulun Sarıyer rayonunda şir görüldüyünə dair məlumatlar sakinlər arasında təşvişə səbəb olub.
Ərazidə axtarışlara başlanılıb və təhlükəsizlik kameralarının görüntüləri araşdırılıb. İlkin araşdırma zamanı görüntülərdəki heyvanın dişi şir ola biləcəyi ehtimal edilib. Jandarma, Təbiəti Mühafizə və Milli Parklar İdarəsi, eləcə də bələdiyyə əməkdaşları əraziyə cəlb olunublar. Sakinlərə xəbərdarlıq edilib, heyvanın təhlükəsiz şəkildə tutulması məqsədilə axtarış tədbirləri genişləndirilib. Axtarışlarda termal kameralarla təchiz edilmiş dronlardan və digər avadanlıqlardan istifadə olunub.
İstanbul valiliyi isə noyabrın 23-də axşam saatlarında əldə edilən yeni görüntülərin araşdırılmasından sonra açıqlama yayıb. Bildirilib ki, ərazidə şirin olmasına dair heç bir konkret dəlil aşkarlanmayıb.
“Müxtəlif rakurslardan çəkilmiş yeni görüntülərin araşdırılması nəticəsində kadrlardakı heyvanın şir və ya pişiklər fəsiləsinə aid digər iri heyvan növlərindən biri olmadığı qənaətinə gəlinib” – açıqlamada qeyd olunub.
***
23 noyabr, saat: 07:33
İstanbulun Sarıyer rayonunda dişi aslanın görüntülənməsi təşvişə səbəb olub.
Lent.az xəbər verir ki, aslan axşam saatlarında müşahidə kameralarına düşüb.
Hadisədən sonra jandarm, təbiəti mühafizə əməkdaşları və bələdiyyə işçiləri ərazidə axtarışlara başlayıblar.
Axtarışlar nəticəsində heyvan meşəlik ərazidə aşkarlanıb. Bölgəyə termal kameralarla təchiz olunmuş qruplar göndərilib, yaxınlıqda yaşayan sakinlərə xəbərdarlıq edilib.
Mütəxəssis baytarların da iştirak etdiyi qrup aslanın tutulması istiqamətində tədbirləri davam etdirir.