Türkiyənin İstanbul şəhərinin Ataşehir rayonunda özlərini polis kimi təqdim edərək iki qadını aldadan 5 nəfər həbs edilib.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, şübhəlilər 64 yaşlı Gülşən Ş.-yə zəng edərək adının terror təşkilatı ilə bağlı istintaqda hallandığını bildiriblər. Onlar qadını aldadaraq 1 milyon 700 min lirə dəyərində qızıl-zinət əşyalarını ələ keçiriblər.
Qadının şikayəti əsasında polis əməkdaşları Beytullah K.-nı saxlayıblar. Araşdırma zamanı onun qızılları Azərbaycan vətəndaşı Yaşar M.-ə təhvil verdiyi müəyyənləşib. Yaşar M.-in qızılları sataraq əldə etdiyi vəsaiti kriptovalyutaya çevirdiyi məlum olub.
Növbəti əməliyyat zamanı Yaşar M. və daha üç nəfər saxlanılıb. Şübhəlilərin Osmaniyədə yaşayan 50 yaşlı Nuran Ş.-ni də eyni üsulla aldatdıqları üzə çıxıb.
Hadisə ilə bağlı ümumilikdə 5 nəfər barəsində həbs qərarı verilib.
Araşdırma davam etdirilir.