Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nemət Məmmədovun sədrliyi ilə sahibkarlara qarşı 300 min manata yaxın dələduzluq etməkdə təqsirləndirilən Nadir Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, iclasda dövlət ittihamçısı ittiham aktını elan edib.
Təqsirləndirilən Nadir Allahverdiyev özünü təqsirli bilməyib.
O, sərbəst ifadəsində zərərçəkmiş Kamran İsayevə ittihamda göstərilən məbləğdə deyil, daha az borcunun qaldığını bildirib:
"Onunla alver münasibətim olub, hər hansı dələduzluq kimi problem olmayıb heç vaxt. 28 min manat borcum olub, ödəmişəm, 17 min manatlıq mal qalıb aramızda".
Nadir Allahverdiyev digər epizodlar üzrə də ittihamları qəbul etməyib. O, baş verənləri əvvəllər birgə biznes fəaliyyəti ilə məşğul olduğu şirkətlərin planı kimi qiymətləndirib.
Təqsirləndirilən şəxs bildirib ki, həmin şirkətlərlə ərzaq və qeyri-ərzaq məhsullarının alqı-satqısını həyata keçirib. Onun sözlərinə görə, digər iş adamlarının ona külli miqdarda borcu olduğundan öz öhdəliklərini vaxtında yerinə yetirə bilməyib.
Məhkəmənin növbəti iclası dekabrın 7-nə təyin olunub.
Xatırladaq ki, ittihama əsasən, Nadir Allahverdiyev spirtli içkilərin və ət məhsullarının satışı ilə məşğul olan sahibkarlardan məhsul alıb, lakin ödəniş öhdəliklərini yerinə yetirməyib.
Nəticədə zərərçəkmişlərə ümumilikdə 300 min manata yaxın maddi ziyan dəydiyi iddia olunur.
Faktla bağlı cinayət işi başlanılıb. Nadir Allahverdiyevə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.
İstintaq dövründə təqsirləndirilən şəxsin 40 min manat ödəniş etdiyi bildirilir.
Cinayət işi üzrə “Polad SR” MMC, “Organic Line” QSC, “ALKO LMD AZƏR SPİRT 2024” MMC və Kamran İsayev zərərçəkmiş qismində tanınıblar.