“Gəzməyə qərib ölkə,
Ölməyə vətən yaxşı” - deyiblər.
Onlar buraya nə gəzməyə gəlmişdilər, nə də ki, öz istəkləri ilə…
Müharibə onları doğma yurdlarından, ailələrindən, sevdiklərindən ayırıb min kilometrlərlə uzağa, yad bir ölkəyə gətirmişdi.
Sumqayıtda yerləşən Alman əsirləri qəbiristanlığındayıq.
Qəbiristanlığın Yeni Kotej qəsəbəsində salındığını bilirik. Qəsəbəyə çatanda soraqlaya-soraqlaya qəbiristanlığı axtarırıq. Ağlımızda düzəngahlıq, açıq ərazi canlanır. Axırda bir dükana yaxınlaşırıq. Qəbiristanlıq hardadır?, deyəndə, “bir az irəli gedin, evlərin arasındadır, görəcəksiniz”, deyir. Necə yəni evlərin arasında? - bu sual məni düşündürür. Evlərin arasında da qəbiristanlıq salınar? Bir insan niyə evinin pəncərəsinin qəbiristanlığa açılmasını istəsin?

Gəlib çatırıq. İri dəmir darvaza qarşılayır bizi. Qapını açıb, içəri keçirik. Bura bizim gözümüzün öyrəşdiyi məzarlıqlardan deyil. Sadəcə sinə daşları var. Qəbirlər sıra ilə, bir-birinin ardınca düzülüb. İstənilən halda kənardan baxan insan burada yatanların dini mənsubiyyətini təxmin edə bilər.

Bir qədər yaxınlaşıram, məzarların heç birinin üzərində ad, soyad, hətta sıra nömrəsi belə yoxdur. Hansı şəxsin harada dəfn olunduğunu müəyyənləşdirmək üçün qəbiristanlığın kənarında yerləşdirilmiş lövhəyə baxmaq lazımdır. Orada dəfn olunanların siyahısı sıra nömrələri ilə göstərilib. Amma həmin nömrələr məzarların üzərində qeyd edilməyib. Məsələn, siyahıda 10-cu sıranın 25-ci nömrəsinə uyğun şəxsin məzarını tapmaq üçün sıraları və qəbirləri bir-bir saymalısan.

311 insanın son mənzili
Qəbiristanlıqda ümumilikdə 311 hərbi əsir dəfn olunub. Onlardan 269-u alman, 21-i avstriyalı, 21-i isə macar əsillidir. Burada ilk dəfn 1945-ci ildə həyata keçirilib. Düşərgə 1949-cu ildə fəaliyyətini dayandırdığından həmin tarixdən sonra məzarlıqda yeni dəfn olmayıb.
İkinci Dünya müharibəsində SSRİ-yə əsir düşən almanların bir hissəsi Azərbaycana gətirilərək tikinti sahəsində işlədilib. Dövlət İncəsənət Muzeyi, Hökumət Evi, Səhiyyə Nazirliyinin binası məhz almanlar tərəfindən tikilib. 1940-cı ildə Mingəçevir SES-in əsası qoyulub. 1941-ci ildə stansiyanın tikintisinə 10 minə yaxın alman hərbi əsir cəlb edilib.
Sumqayıtda Boru yayma zavodunun tikintisində, küçələrin salınmasında, yaşayış binalarının inşasında məhz burada yatan hərbçi əsirlər çalışıblar.

Əməkləri ilə qurulmasına kömək etdikləri şəhər sonradan onların bir qismi üçün son mənzilə çevrilib.
Kənardakı lövhəyə daha diqqətlə baxıram. Bir məzarda iki insan dəfn edilib. Beşinci sırada iyirmi beşinci məzarda iyirmi altıncı adamı da basdırıblar.
Deyirlər ki, 1949-cu ilin yanvarında iki hərbi əsir dünyasını dəyişir. Lakin həmin vaxt torpağın donması ilə daha bir qəbir qazmaq mümkün olmur. Buna görə də iki əsiri eyni məzarda dəfn edirlər.

Dəfn olunmuş əsirlərin kimliyinin müəyyənləşdirilməsində Sumqayıt şəhər Bələdiyyəsinin üzvü Akif Kərimov iştirak edib.
Onun sözlərinə görə Alman hərbi əsirlərin Sumqayıtın İnşaatçılar qəsəbəsində düşərgəsi olub. Onlar şəhərdə yaşayış binalarının, Cəfər Cabbarlı adına Mədəniyyət Sarayının, iaşə kombinatlarının tikintisində çalışdırılıblar.

Burada dəfn olunan əsirlərin hər biri öz əcəli ilə dünyasını dəyişib.
Hərbi əsirlərin adları Rusiyanın Krasnoyarsk şəhərindəki arxivdən tapılıb. Sənədlərin Azərbaycana gətirilməsi böyük çətinliklə baş tutub. Uzun illər arxivdə saxlanılan kağızların bəzi hissələri çürüyüb, mürəkkəb solub, qatlanmış yerlərdə isə yazılar oxunmaz hala düşüb.
Uzun sürən araşdırmalardan sonra hərbi əsirlərin adlarından ibarət siyahı Almaniya hökumətinə təqdim edilib. Nəticədə 16 nəfər öz yaxınlarının məzarını tapa bilib.
Hər il noyabrın son bazar günü müharibələrdə həlak olanların anım mərasimi keçirilir. Bunun səbəbi Almaniyada qeyd olunan “Volkstrauertag” - Xalq Matəmi Günü ilə bağlıdır.

Yenə qəbirlərə baxıram. Qəbiristanlığın kənarında əraziyə əkilməsi üçün qoyulmuş dibçək güllər diqqətimi çəkir.

Onlardan birini götürüb məzarların arası ilə irəliləyirəm. Bir qədər dayanıb məzarlardan birini seçir, əlimdəki dibçəyi qəbirin baş hissəsinə yerləşdirirəm.
Burada kimin uyuduğunu, neçə yaşında olduğunu, hansı şəhərdən gəldiyini bilmirəm. Bəlkə də, onu doğma ölkəsində illərlə gözləyənlər olub. Bəlkə də, ailəsi onun taleyindən heç vaxt xəbər tuta bilməyib.

Bir vaxtlar bu insanların da evləri, ailələri, qayıtmağı arzuladıqları şəhərləri olub. Müharibə isə onların həyatını başqa istiqamətə yönəldib. Bəziləri üçün bu yol elə Sumqayıtda bitib.
Dibçəyi məzarın başına qoyub geri çəkiləndə ağlıma başqa bir sual gəlir: Bəs bizim əsirlər? İkinci Dünya müharibəsində əsir düşən, itkin sayılan azərbaycanlılar haradadır? Hansı ölkələrdə, hansı torpaqlarda uyuyurlar? Onların məzarlarını ziyarət edən varmı?

Bu suallar mənim üçün yad deyil. Çünki mənim də qohumlarım arasında müharibəyə gedib geri qayıtmayanlar, itkin düşənlər var. Onların nə ölüm xəbəri gəlib, nə də sağ qalmaları ilə bağlı hər hansı məlumat əldə edə bilmişik.
Son illərdə onların izinə düşməyə çalışmışam. Adlarını müxtəlif mənbələrdə axtarmışam. Bəlkə hansısa ölkənin arxivində, əsir düşərgələrinin siyahılarında, dəfn yerləri ilə bağlı sənədlərdə izlərinə rast gələrəm. Bəlkə hansısa yad torpaqda məzarları var. Amma axtarışlarım indiyədək nəticəsiz qalıb.

Son illərdə Almaniyada azərbaycanlı əsirlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində də addımlar atılıb. Bergen-Belzen, Buxenvald, Daxau və Zaksenhauzen kimi düşərgələrin ərazilərində soydaşlarımızın xatirəsinə lövhələr qoyulub.
Bir az əvvəl tanımadığım bir alman əsirinin məzarına gül qoydum. İndi isə düşünürəm ki, bəlkə də, haradasa, uzaq bir ölkədə bir azərbaycanlı əsirin məzarı da kimsə tərəfindən ziyarət edilməyi gözləyir.

Müharibə insanı yalnız doğma torpağından ayırmır. Bəzən onu adından, xatirəsindən, hətta öz məzarından da uzaq salır.
Ən ağrılısı isə onların valideynlərinin taleyidir. Oğullarının müharibədən qayıdacağına ümid edən valideynlər ömürlərinin son gününə qədər gözləyiblər. Nə ölüm xəbəri alıblar ki, yas tutsunlar, nə də qapıdan içəri girəcəklərinə olan ümidlərini itiriblər. Oğullarını gözləyə-gözləyə dünyadan köçüblər.

Müharibələr bitir, cəbhələr susur, illər keçir. Amma bəzi ailələr üçün müharibə heç vaxt bitmir. Çünki onlar hələ də bir xəbər gözləyirlər. Bir vaxtlar yola saldıqları doğmalarının taleyindən xəbərsiz yaşayırlar.
Və bəzən ən ağır itki bir insanın ölümünü bilmək deyil, onun harada, necə və nə vaxt həyatdan köçdüyünü heç vaxt öyrənə bilməməkdir.
İnsan üçün ən ağırı ölüm xəbəri deyil, illərlə cavabını ala bilmədiyi sualdır. Çünki ölümə yas tutmaq olur, amma naməlumluğa…
Və bəlkə də, müharibənin bitməyən tərəfi elə budur: illər keçir, nəsillər dəyişir, amma kimlərinsə qapısı hələ də döyülməmiş qalır.
Foto - İlkin Nəbiyev ©️ APA GROUP

