Xaçmaz rayonunda iki avtomobilin toqquşması nəticəsində 7 nəfər xəsarət alıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Xaçmaz-Quba avtomobil yolunun rayonun Armudpadar kəndi ərazisindən keçən hissəsində baş verib.
“QAZ-3110” və “VAZ-21099” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ-21099” markalı avtomobildə olan sürücü və 6 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Məlumata görə, xəsarət alanlar Xaçmaz rayonunun Əbilyataq kənd sakinləri, bir ailənin üzvləri – ata, ana və onların dörd qız övladıdır.
Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.