Hindistanın Manipur ştatında saxta spirtli içkidən zəhərlənmə nəticəsində azı 18 nəfər ölüb, mindən çox insan xəstəxanaya yerləşdirilib.
Lent.az xəbər verir ki, ANI agentliyinin məlumatına görə, bunu ştatın Qanunvericilik Assambleyasında Hindistan Milli Konqresi Partiyasının fraksiya rəhbəri Meqaçandra Sinqh bildirib.
Onun sözlərinə görə, spirtli içkilərin tərkibində metanol aşkarlanıb. Bu maddə zəhərlənən şəxslərdə ciddi sağlamlıq problemlərinə, o cümlədən böyrək funksiyalarının pozulmasına səbəb olub.
Deputat qeyd edib ki, cümə günü 600, şənbə günü səhər saatlarında isə daha 300 nəfər xəstəxanaya yerləşdirilib.
Ştat hakimiyyəti son günlər mənşəyi şübhəli olan spirtli içkilər qəbul etmiş və ya zəhərlənmə əlamətləri hiss edən sakinləri dərhal tibbi yardıma müraciət etməyə çağırıb.
Sakinlərə özünümüalicə ilə məşğul olmamaq və şübhəli içkilərin qablaşdırmalarını saxlamaq tövsiyə edilib.