İran Prezidenti Məsud Pezeşkian ölkənin əyalətləri arasında mövcud olan sosial-iqtisadi bərabərsizlikdən bəhs edərək, Qərbi Azərbaycan ostanının digər bölgələrdən geri qalmasını nümunə göstərib.
Lent.az xəbər verir ki, bu barədə İranın "Fars" informasiya agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, 1979-cu il İslam inqilabından əvvəl mərhum atası Qərbi Azərbaycanda çalışarkən 400 tümən maaş alıb. Halbuki Pezeşkianın özü sadəcə orta təhsil haqqında attestatla Sistan və Bəlucistan ostanının ucqar ərazilərində işləyərək 1 800 tümən, yəni 4.5 dəfə çox qazanc əldə edib. Bu fərq dövlətin müxtəlif regionlarda əməyə verdiyi qiymətin necə kəskin fərqləndiyinin əyani sübutudur.
Qeyd etmək lazımdır ki, 1954-cü ildə Qərbi Azərbaycan əyalətinin Mahabad şəhərində anadan olan Məsud Pezeşkian özü də İranda ən böyük milli azlıq sayılan və müxtəlif hesablamalara görə, sayları 15-20 milyon nəfər arasında dəyişən etnik azərbaycanlılardandır. Onun 2024-cü ildə prezident seçilməsi ölkənin bölgələrini təmsil edənlər üçün mühüm hadisəyə çevrilib.
Pezeşkian vurğulayıb ki, inzibati və maliyyə resurslarının Tehranda mərkəzləşməsi qeyri-bərabərliyi daha da dərinləşdirir, mütəxəssisləri paytaxta köçməyə məcbur edir. İran ekspertləri bildirirlər ki, dövlət investisiyaları qeyri-mütənasib bölünür, böyük hissəsi paytaxt regionunun payına düşür, əyalətlər, xüsusən də sərhədyanı bölgələr isə davamlı olaraq infrastruktur və kadr çatışmazlığından əziyyət çəkir.
Onun fikrincə, əməkhaqqı ödənişlərində və vəsaitlərin bölüşdürülməsindəki ədalətsizlik İran regionlarının balanslı inkişafına ciddi maneə yaradır.
İran Prezidenti Qərbi Azərbaycan əyalətinin inkişaf baxımından geri qaldığını etiraf edib.