Kopenhagen Universitetinin alimləri qəhvə istehlakının bağırsaqların fəaliyyətinə təsirini araşdırıblar.
Lent.az xəbər verir ki, tədqiqat zamanı könüllülərdən həzm sistemi boyunca hərəkət edərək temperaturu, turşuluğu və bağırsaq yığılmalarını ölçən kiçik elektron kapsul udmaları istənilib.
Nəticələr göstərib ki, müntəzəm qəhvə içən insanların bağırsaqlarında mikroorqanizmlərin müxtəlifliyi daha çoxdur. Onların nazik bağırsağında turşuluq səviyyəsi daha yüksək, yoğun bağırsağında isə əzələ yığılmaları daha intensiv olub.
Alimlərin fikrincə, bu yığılmalar həzmi yaxşılaşdıra və qəbizliyin qarşısını almağa kömək edə bilər. Bununla belə, qəhvənin bağırsaqlarda turşuluğu artırmasının sağlamlığa təsiri hələ tam aydın deyil.
Tədqiqatçılar hesab edirlər ki, əlavə araşdırmalar qəhvədən qəbizliyin təbii yolla aradan qaldırılmasında istifadə imkanlarını üzə çıxara bilər.