Azərbaycanlı polislər beynəlxalq şahmat turnirinin qalibi oldu
20 noyabr 2026 18:00 (UTC +04:00)

Azərbaycanlı polislər beynəlxalq şahmat turnirinin qalibi oldu

0

Azərbaycanlı polislər Qazaxıstanın paytaxtı Astanada keçirilən “Arlan Chess Cup 2026” beynəlxalq şahmat turnirinin qalibi olub.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, noyabrın 17-də hüquq-mühafizə orqanlarının əməkdaşları arasında təşkil olunan yarış ilk dəfə beynəlxalq səviyyədə keçirilib.

Qazaxıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Azərbaycan komandası turnirdə birinci yeri tutub. Qalib komandanın heyətində Hacıəli Əhədzadə, Rauf Məmmədov və kapitan Zaur Məcidov çıxış ediblər.

İkinci yer Gürcüstan komandasına qismət olub. Komandanın heyətində Tornike Qabuniya, Zurab Ksovreli və kapitan Besik Kakaladze yer alıblar.

Üçüncü pillədə isə Qazaxıstanın “Arlan-1” komandası qərarlaşıb. Komandanı Arman Aubakirov, Oljas Tugelbayev və kapitan Arman Jaldıqulov təmsil ediblər.

Beynəlxalq turnirin ən yaxşı şahmatçısı Qırğızıstan təmsilçisi Almazbek Abakirov seçilib.

Yarış çərçivəsində keçirilən respublika turnirində isə 55 şahmatçı mübarizə aparıb. Fərdi yarışda Akmola vilayəti Polis Departamentinin əməkdaşı Yerlan Turimbetov birinci, Cəzaların İcrası Sistemi Komitəsinin nümayəndəsi Yergali Sauran ikinci, Türküstan vilayəti Polis Departamentinin əməkdaşı Paşa Osmanov isə üçüncü yeri tutub.

Respublika turnirinin komanda yarışında Türküstan vilayəti Polis Departamentinin komandası qalib gəlib. Atırau vilayəti Polis Departamentinin komandası ikinci, Qazaxıstan DİN-in Nəqliyyatda Polis Departamentinin komandası isə üçüncü olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 402

Oxşar yazılar