Yeni Ceyms Bondun  azarkeşlik etdiyi   komanda bəlli oldu –  Əvvəlki 007-lər   hansı komandaları sevirdi?
20 noyabr 2026 18:22 (UTC +04:00)

Yeni Ceyms Bondun azarkeşlik etdiyi komanda bəlli oldu – Əvvəlki 007-lər hansı komandaları sevirdi?

0

Dünya kinosunun ən məşhur casusu Ceyms Bondu canlandıracaq yeni aktyorun kimliyi açıqlanıb. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, noyabrın 16-da “Amazon MGM Studios” 40 yaşlı Robert Pattinsonun yeni Ceyms Bond olacağını rəsmən elan edib. Aktyor sonuncu dəfə 2021-ci ildə ekranlara çıxan “Ölməyə vaxt yoxdur” filmində agent 007-ni canlandıran Deniel Kreyqi əvəzləyəcək.

Maraqlıdır ki, Ceyms Bond rolunu canlandıran aktyorların bir çoxu futbol həvəskarı olub. Onların arasında “Liverpul”, “Mançester Siti”, “Arsenal”, “Seltik” və “Reyncers” klublarını dəstəkləyənlər var.

Bəs məşhur agent 007 obrazını canlandıran aktyorlar hansı futbol komandalarına azarkeşlik ediblər?

Robert Pattinson – “Arsenal”

Londonda dünyaya gələn Robert Pattinson uşaqlıq illərindən “Arsenal” azarkeşidir. Aktyor 2011-ci ildə verdiyi müsahibədə futbola olan sevgisindən danışıb. O bildirib ki, Hollivudda çalışarkən ən çox darıxdığı şeylərdən biri İngiltərə qəzetləri, futbol xəbərləri və sevimli komandasının oyunlarıdır.

2025-ci ildə “Mikki 17” filminin təqdimatı zamanı Pattinsondan “Arsenal”ın keçmiş futbolçularından hansını yenidən komandada görmək istədiyi soruşulub. Aktyor 1997–2000-ci illərdə London klubunun formasını geyinmiş fransalı yarımmüdafiəçi Emmanuel Petini seçib. Pattinson futbolu çox sevdiyini, lakin özünün bu oyunda o qədər də yaxşı olmadığını etiraf edib.

Şon Konneri – “Seltik” və “Reyncers”

Ceyms Bond obrazının ilk məşhur ifaçısı Şon Konnerinin futbol sevgisi olduqca maraqlı tarixə malikdir. Şotlandiyanın Edinburq şəhərində anadan olan aktyor əvvəlcə “Seltik” klubuna azarkeşlik edib. Bu sevgini ona atası aşılayıb. Lakin sonradan Konneri futbol dünyasında böyük rəqabətlə tanınan “Reyncers” klubunu dəstəkləməyə başlayıb. Onun fikrinin dəyişməsinə klubun o zamankı sahibi Devid Mürreylə dostluğu təsir göstərib. 

Konneri gəncliyində peşəkar futbolçu da ola bilərmiş. Onun sözlərinə görə, vaxtilə “Mançester Yunayted”in məşqçisi Mett Basbi ona müqavilə təklif edib. Lakin gələcəyin Ceyms Bondu futbol əvəzinə aktyorluğu seçib.

Corc Leyzenbi – Tennis həvəskarı

Avstraliyalı aktyor Corc Leyzenbi 1969-cu ildə çəkilən “Əlahəzrətin gizli xidmətində” filmində Ceyms Bond obrazını canlandırıb. Leyzenbi böyük tennis həvəskarı kimi tanınıb. O, mütəmadi olaraq Uimbldon turnirini izləyib və özü də tennis oynayıb. Aktyor 2002-ci ildə amerikalı keçmiş tennisçi Pem Şrayverlə evlənib. Şrayver karyerası ərzində cütlüklər yarışında 21 dəfə “Böyük Dəbilqə” turnirlərinin qalibi olub.

Rocer Mur – Futbolu sevirdi, amma sevimli klubu bəlli deyil

Rocer Mur Ceyms Bondu ən çox rəsmi filmdə canlandıran aktyordur. O, 1973–1985-ci illərdə yeddi filmdə agent 007 rolunu oynayıb. Bəzi mənbələrdə aktyorun İngiltərənin “Redinq” klubunun azarkeşi olduğu bildirilir.

Timoti Dalton – “Mançester Siti”

1980-ci illərin sonlarında iki filmdə Ceyms Bond rolunu oynayan Timoti Dalton uzun illərdir “Mançester Siti” klubunu dəstəkləyir. Mançester yaxınlığında böyüyən aktyor uşaqlıqdan komandanın oyunlarını izləyib. Dalton 2011-ci ildə “City Magazine” jurnalına müsahibəsində dostu ilə avtobusa minərək “Meyn Roud” stadionuna getdiyini xatırlayıb. Onlar bəzən bilet almadan tribunaya daxil olmağa çalışıblar.

Aktyor “Mançester Siti”nin uğursuz çıxış etdiyi illərdə də klubdan üz döndərməyib. Dalton müsahibələrində bir gün komandasının İngiltərə çempionatını və Çempionlar Liqasını qazanmasını arzuladığını bildirib.

Pirs Brosnan – “Tottenhem” 

1995–2002-ci illərdə dörd filmdə Ceyms Bondu canlandıran irlandiyalı aktyor Pirs Brosnan da futbola marağı ilə seçilib. Aktyor gəncliyində Londonda yaşayarkən “Tottenhem”in oyunlarını izləyib. Brosnan 2020-ci ildə verdiyi müsahibədə yaxın dostunun bu komandaya azarkeşlik etdiyini və birlikdə stadiona getdiklərini açıqlayıb.

Deniel Kreyq – “Liverpul”

Robert Pattinsondan əvvəl Ceyms Bondu canlandıran Deniel Kreyq “Liverpul”un ən tanınmış məşhur azarkeşlərindən biridir. Uşaqlığının bir hissəsini Mersisayd bölgəsində keçirən aktyor uzun illərdir bu komandanı dəstəkləyir. O, dəfələrlə “Liverpul”un oyunlarını stadiondan izləyib, futbolçularla görüşüb və klubun müxtəlif tədbirlərində iştirak edib. Kreyq 2012-ci ildə maraqlı açıqlama verərək “Liverpul”un əfsanəvi kapitanı Stiven Cerrardın Ceyms Bond rolunu uğurla oynaya biləcəyini söyləyib.

Aktyor bunu futbolçunun liderlik keyfiyyətləri ilə əlaqələndirib. 2018-ci ilin iyulunda Kreyq “Liverpul”un “Mançester Siti”ni 2:1 hesabı ilə məğlub etdiyi yoldaşlıq oyunundan sonra komandanın paltardəyişmə otağına baş çəkib. O, burada Məhəmməd Salah və Sadio Mane də daxil olmaqla bir sıra futbolçularla görüşərək xatirə şəkilləri çəkdirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 188

Oxşar yazılar