“Azərbaycan kinosu yox, Bakı kinosu var” – Nadir Bədəlovla MÜSAHİBƏ
20 noyabr 2026 14:10 (UTC +04:00)

“Azərbaycan kinosu yox, Bakı kinosu var” – Nadir Bədəlovla MÜSAHİBƏ

0

Elmlər Akademiyası metrosunun ətrafı tələbə səs-küyünün, tələsik addımların və dərsə yetişmək istəyən gənclərin səngimədiyi məkanlardan biridir. Bu dəfə yolum Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə düşüb. Gəlişimin səbəbi isə Azərbaycan kinosuna ayrılan vəsait, bu sahəyə qoyulan sərmayə və kinonun gələcəyi ilə bağlı suallara cavab axtarmaqdır. Universitetə çatmaq üçün atdığım ilk addımlar məni yanlış ünvana aparır. Bir qədər irəlilədikdən sonra istiqaməti səhv saldığımı, universitetin əsas binası əvəzinə başqa korpusuna gəldiyimi anlayıram. Ətrafı bir daha nəzərdən keçirib yolumu dəyişirəm. Ardınca əsas korpusa doğru addımlayıram. Universitetin pilləkənləri ilə qalxdıqca tələbə həyatının səs-küyü məni qarşılayır. Dəhlizdə bir-biri ilə söhbət edən, əlində kitab və dəftər tutan, dərsin başlamasını gözləyən gənclər var. Kimi dostu ilə nəyisə müzakirə edir, kimi tələsik addımlarla auditoriyaya yönəlir. Bu mənzərənin içində müsahibimin məni dərs otağının qapısında gözlədiyini görürəm.

Salamlaşırıq. Müsahibədən əvvəl yaranan ilk təəssüratımı onunla bölüşürəm: “Bura Bakı Dövlət Universiteti olmasa da, özümü yenidən tələbə kimi hiss etdim”. O isə gülümsəyərək cavab verir: “Mən də sizi görəndə elə bildim, siz də tələbəsiniz”.

Müsahibə üçün dərs otaqlarından birini seçirik. Qarşısında əyləşdiyim insanı dinlədikcə özümü müsahibəyə gəlmiş müxbirdən daha çox, müəllimin qarşısında əyləşən tələbə kimi hiss edirəm. Bu hissdən uzaqlaşmaq üçün yerimi dəyişirəm. Axı bu dəfə auditoriyada dərs dinləməyə yox, suallar verməyə gəlmişəm. O isə tələbələrini gözləyir. Cəmi bir saat sonra elə bu otaqda dərsi başlayacaq. Hələlik otaqda sakitlikdir. Auditoriyanın divarları, partalar və qarşımdakı boş lövhə bir azdan başlayacaq dərsin intizarındadır. Mənim üçünsə dərs artıq başlayıb – sadəcə bu dəfə mövzumuz Azərbaycan kinosu, suallarımız isə onun bu günü və gələcəyi haqqındadır.

Lent.az-ın budəfəki müsahibi Azərbaycan Kinotənqidçilər və Kinoşünaslar Gildiyasının rəhbəri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, sənətşünas, pedaqoq, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibi, ssenari müəllifi Nadir Bədəlovdur.

- İşləriniz və dərsləriniz necə gedir, Nadir müəllim?

- Hər şey yaxşıdır, qaydasındadır. 12:30-da dərsim başlayacaq. Gənclərimiz öyrənməyə həvəslidir, çalışırlar.

- Tələbələrinizə bu sahəni öyrədərkən ilk növbədə hansı amillərə diqqət yetirirsiniz?

- İlk növbədə təxəyyülə — xüsusilə kino təxəyyülünə və yaşadığımız dünyaya qarşı həssaslığa önəm verirəm. Cəmiyyətə qarşı həssas olmaq çox vacibdir. Çalışıram ki, onlara bu həssaslığı aşılayım.

- Keçid balı səbəbilə bu ixtisası seçənlər daha çoxdur, ya həqiqətən maraq göstərərək gələnlər?

- Dərs dediyim qruplara 10-15 tələbə gəlirsə, onlardan 3-4 nəfəri sahədə qalıb uğur qazanırsa, bu, müəllim üçün yaxşı nəticədir. Hamı eyni olmur; bəziləri həqiqətən oxumaq, öyrənmək üçün gəlir, bəziləri isə təsadüfi keçid balı sayəsində düşür. Müşahidə edirəm ki, tələbələrin marağı və meyli müxtəlifdir. Kinoşünaslığımız hələ formalaşma mərhələsindədir. Bizdə kinoşünaslıq şöbəsi əvvəllər yox idi, mən vaxtilə Moskvada oxumuşam, bu ixtisas müstəqillik dövründə yaranıb. Təxminən 20-25 illik tarixi olan sahə hələ tam oturuşmayıb, tədricən formalaşmalıdır. Bəzən tələbələr sadəcə topladıqları bala görə bu ixtisasa düşürlər. Belə hallarda vəzifəmiz onları maraqlandırmaq, kinoşünaslığa bağlamaqdır. Hər kursdan 3-4 nəfər belə yetişsə, uğurdur, sayı çox olsa, daha da yaxşı.

- Bəs Azərbaycan kinosunun hazırkı vəziyyəti sizi qane edirmi?

- Əgər məni, eləcə də mənim kimi kino ilə ciddi məşğul olan insanları bugünkü durum qane etsəydi, bu, inkişafın dayanması və axtarışların bitməsi demək olardı. Kinonu yaradan təkcə filmləri çəkənlər deyil, eyni zamanda onun ətrafındakı mühiti və kino təfəkkürünü formalaşdırmaq lazımdır. Kinoşünas kimi deyirəm ki, kinoşünaslıq sahəsindəki bugünkü axtarışlardan, yeni yazılardan, maraqlı tapıntılardan və müəyyən istiqamətverici məqalələrdən tam razı deyiləm. Amma bu, hər şeyin pis olması anlamına gəlmir. Bugünkü çatışmazlıqlarımız bizə sabah üçün stimul verir, biz axtarışdayıq və daha yaxşı olmaq istəyirik. Bu baxımdan gedən proseslərdən razıyam, lakin ümumi səviyyə və indiki vəziyyət əlbəttə ki, qaneedici deyil.

- Müasir filmlərdən hansıları izləmisiniz və gənc nəslin yanaşmasını necə qiymətləndirirsiniz?

- Müasir filmləri izləyirik; nələrsə çıxdıqca baxır və müzakirə edirik. Yenə deyirəm ki, bu proses məni məhz axtarışların mövcudluğu baxımından qane edir. Gənc rejissorlarımız gəlirlər, araşdırırlar və görürəm ki, yeni söz demək istəyirlər. Məncə, gedişat pis deyil. Ən vacibi biganəliyin olmaması və yaradıcılıq istəyidir. Yeni gələn gənclər kinoya bağlıdırlar, axtarışdadırlar və bu, adamı sevindirir.

- Bu gün Azərbaycan kinosunda rejissordan daha çox ssenaristə ehtiyac olduğu deyilir. Siz necə düşünürsünüz?

- Mütləq bu fikirdə qalıram. Əlbəttə, rejissora da ehtiyac var, amma hər şey ssenaridən başlayır, əvvəlcə ssenari olmalıdır. Bu gün rejissorlar özləri ssenari yazırlar, bu, yaxşı, uğurlu və ya uğursuz ola bilər, lakin ümumilikdə bu yanaşma xoşuma gəlmir. Hesab edirəm ki, ssenaristlik ayrı bir sahədir və onun öz baxışları var, rejissor isə ayrı bir yoldur. Filmə baxanda əslində iki iş görürük: Biri ssenaristin əməyidir, biri də rejissorun. Bu iki funksiya bir adamda birləşəndə müəllif özü ilə razılaşır və nəticədə itki baş verir.

- Amma özü yazıb özü çəkən rejissorlar da var. Dünya kinosundan da buna xeyli misal çəkmək olar. Berqman kimi.

- Bəli, onlar var idi, amma bu, fərqli haldır. Orada yaradıcı şəxs mətnin vizual variantını qurur. Ümumi götürdükdə isə rejissorun yönümü başqadır, ədəbi ssenarinin yönümü tamam fərqlidir. Onlar əslində yaxşı mənada tandem yaradır. Bu tandemdə bir-biri ilə ziddiyyətlər də olur: üstünlük vizual həlldə qalmalıdır, yoxsa söz həllində?

- Bu gün rejissorların sayı ssenaristlərin sayından çoxdur. Sizcə, sahədə doğrudan da ssenarist qıtlığı yaşanır?

- Bizdə ədəbi-bədii yaradıcılıq mühiti var və orada ssenarilərin incəlikləri öyrədilir. Görkəmli ssenaristlər gəlir, dəstək olurlar, bəzən dəvət edirik və burada ustad dərsləri keçirlər. Yəni ssenaristlər var, tam yoxdur deməzdim. Sadəcə, bu gün rejissor eqosentrizmi bir qədər önə çıxır. Mənə elə gəlir ki, ədəbiyyat sanki kinodan uzaqlaşıb, kinomuz isə onun üzünə qapılarını bağlayıb. Halbuki gözəl klassik əsərlərimiz var. Niyə onları ekrana gətirməyək?

- Bəs niyə gətirmirik?

- Gətirməliyik. Əlbəttə, yeni gələn gənclər müasir kino çəkmək, öz istədiklərini görmək istəyirlər. Lakin dünya kinosunun tarixinə baxsaq, çəkilən filmlərin təxminən 70-80 faizi hansısa əsərin ekranlaşdırılmasıdır. Bu fakt özü sübut edir ki, əsər birinci növbədə yaranmalıdır. Onun kino dili başqadır, ədəbi dili başqa. Məhz buna görə deyirəm ki, bu iki istiqamət bir şəxsdə cəmləşməməlidir. Ədəbi dil ilə kino dili birləşəndə aralarında qəribə bir tandem və daxili mübarizə gedir. Tamaşaçı kimi baxanda bunun fərqində olmasaq da, ondan yeni məlumatlar alırıq və bu, filmin bədii səviyyəsinə birbaşa təsir göstərir.

- Əvvəllər Azərbaycan kinosunda ədəbiyyata daha çox müraciət olunurdu, amma son illər bu tendensiya azalıb. Gənc nəsil isə daha çox gündəlik danışıq tərzində, jarqonların yer aldığı seriallar, qısametrajlı filmlər çəkir ki, izləyici toplasın. Doğrudan da baxanlar az deyil.

- Elə filmlər var ki, orada küçə və məişət dili də eşidilir. Çünki bizim danışdığımız dil tək bir dildən ibarət deyil, orada müxtəlif dillər var. Alim dili, bazar dili, tələbə dili, məktəb dili, ailə dili, eləcə də fərqli peşələrin öz dili mövcuddur. Siz jurnalistsiniz, sizin öz diliniz var, sabah idmançılarla görüşüb müsahibə alsanız, onların tamam başqa dildə danışdığını və hadisələrə fərqli baxdığını görəcəksiniz. Bütün bu dillər bədii ədəbiyyatda birləşir, bəzən toqquşur və ədəbiyyatın gözəlliyi məhz bu çoxdillilikdədir. Küçə dili də olmalıdır, bədii-ədəbi dil də, rəsmi dil də, diplomatik dil də — hamısı yerində olmalıdır. Bu, dilin zənginliyini artırır. Dili sərt nəzarət altında saxlayıb “bu olar, bu olmaz” deməyi sevmirəm. Dil açıq sistemdir, hər kəs ora daxil ola və özünü orada tapa bilər. Eyni hal kinoda da özünü göstərir. Bu, yaxşıdır, lakin ədəbi əsərləri əvəz etmir. Ədəbi əsərin gözəlliyi müxtəlif dilləri birləşdirməsindədir və məhz buna görə kinoya gəlməlidir. Kino əsərlərimiz də yaranmalıdır ki, ortaya çıxsın. Müasir dövrdə elə yazıçılarımız var ki, əsərlərində kino potensialı görünür.

- Hansı əsərləri nəzərdə tutursunuz?

- Ad çəkməyəcəyəm, çünki bu, ayrı-seçkilik yarada bilər. Bu gün axtarışlar gedir.

- Müasir ədəbiyyata da yönələk, o öz yerində. Amma klassik ədəbiyyatda hələ çəkilməyən çox əsər var.

- Əlbəttə. Kinomuz klassik ədəbiyyatımız qarşısında borcludur, ədəbiyyatımızı lazımınca ekrana gətirə bilməyib. Elə klassik hekayələr, povestlər oxuyuram ki, onları çəkməmək sözün əsl mənasında günahdır — götürüb ekran həllini vermək lazımdır.

- Yenə qayıdırıq ssenarist qıtlığı məsələsinə. Aktyorlar da ssenarist azlığından tez-tez şikayətlənirlər. Görünür, ədəbi mətnlərə az müraciət olunmasının da bunda payı var.

- Ssenari yazmaq olar, yazan yaza bilər, amma bu prosesdə prodüser və rejissor önə çıxır. Müəllif öz əsərini təkbaşına layihə kimi təqdim edə bilmir, adətən bunu rejissor və prodüser götürür, sistem bizdə belə qurulub. Əgər ədəbi əsərlərin ekran təcəssümü adlı yeni bir layihə, təşəbbüs yaransa, fərqli nəticə verə bilər. Ssenaristlər yetişir, hətta paradoksal səslənsə də, bəzən rejissorlar da ssenari yazırlar. Mən ssenari müsabiqələrində münsif kimi iştirak edirəm və orada maraqlı işlər görürəm. Lakin sonradan həmin mətn ssenari kimi güclü olsa da, rejissor həllində uduza bilir. Rejissor uduzanda isə filmlə birlikdə ssenari də uduzur, bu hallar da yaşanır.

- Demək istədiyim elə budur. Rejissor öz, ssenarist də öz işini görsə, nəticə də fərqli olar.

- Əlbəttə.

- Sizcə, bu gün hansı mövzulara toxunulmalı olduğu halda kənarda qalır?

- Çəkilən filmlər arasında sosial mövzuları bir qədər də genişləndirmək və daha dərindən işləmək lazımdır. Bu gün ətrafda olduqca maraqlı hadisələr, vəziyyətlər baş verir, müşahidə edirəm, amma bunları kinomuzda görmürük. Tutaq ki, küçəyə çıxıb avtobusa minək və uzun yola gedək, o yol boyu avtobusda nə qədər maraqlı məqamlar, hadisələr yaşanacaq, amma bunlar kinoda yoxdur. Demirəm ki, mütləq avtobus haqqında çəksinlər, ümumiyyətlə, bugünkü həyatımız kinoda az əks olunur. Sosial mövzular daha geniş və dərindən işlənməlidir. Üstəlik, bəzən həddindən artıq mücərrəd, cəmiyyətdən uzaq mövzulara yönəlirlər. Yaradıcı insan öz subyektiv yaşantılarını, ekzistensial duyğularını daha çox önə çəkir. Sosial filmlərdə təxəyyül yaxşıdır, amma həddindən artıq özünə qapanmaq olmaz. İnsanın hissləri, emosiyaları geniş okean kimidir, lakin biz cəmiyyətdə yaşayırıq. Bu dünya təkcə məndə və ya sizdə deyil, pəncərədən baxanda yoldan keçən qızda da, oğlanda da var. Cəmiyyətin real həyatı ilə ayaqlaşıb burada nə baş verdiyini görmək lazımdır.

- Yaradıcılığınızda diqqət çəkən məqamlardan biri də tarixi mövzulara daha çox önəm verməyinizdir. Bunun səbəbi nədir?

- Hər kəsin öz dünyagörüşü var. Mənim baxışıma görə, biz tarixin içində yaşayırıq, ondan kənarda deyilik və istəsək də, istəməsək də, tarixlə məşğul olmalıyıq. Tarix mövzusunda yazılarım da var, amma daha çox ssenarist və kinoşünas mövqeyindən yanaşıram. Tarix bu gün də davam edən keçmişdir. Biz bu prosesin içindəyik, ondan qaça bilmərik, sabahın necə olacağını seçə bilməsək də, tarix davam edir. Azərbaycan tarixi baxımından XIX əsrin sonu, XX əsrin gedişi və XXI əsrə qədərki dövr mənim üçün xüsusi əhəmiyyət daşıyır, müxtəlif mərhələlərini araşdırıram. Tarixi və klassik filmlərimizdən yazanda isə ilk növbədə həmin dövrün mühitini, hansı şəraitdə və problemlərin içindən yarandığını üzə çıxarmağa çalışıram. Sadəcə bədiilik tələb etməklə kifayətlənməyib, filmin daxilindəki dövrə bağlı məsələləri də göstərmək lazımdır.

- Sizcə, “Mirzə Cəlilin Azərbaycanı” o dövrdən bu günə hansı məsələlərə güzgü tutur? Bu işi ərsəyə gətirdikdə nələrə xüsusi diqqət etmişdiniz?

- O, təxminən 5-7 il əvvəl çəkilmiş sənədli filmdir, rejissoru Tahir Əliyev idi, Mirzə Cəlilin yubileyi münasibətilə hazırlanıb. Həmin vaxt Mirzə Cəlil məni daim düşündürən, bəzi məqamlarda razılaşdığım, bəzilərində razılaşmadığım mühüm yazıçı idi. Müstəqillik dövründə onun külliyyatı çap olunanda “Azərbaycan” məqaləsi önə çıxarılmışdı. Həmin yazı bu gün də düşündürücü tarixi suallara toxunur: Mirzə Cəlil deyir ki, Azərbaycan deyəndə yalnız Bakını nəzərdə tutmamalıyıq, Ərdəbili, Marağanı da əhatə edən daha geniş bir məkanı görməliyik və bu coğrafiyanın öz baxışları, dünyagörüşü, kinematoqrafik potensialı var. Halbuki Mirzə Cəlil kino ilə xüsusi maraqlanmayıb, bu barədə demək olar ki, yazmayıb. Amma məsələ ondadır ki, kino tarixini adətən XIX əsrin sonundan, Lümyer qardaşlarından başlatmaqla yanaşı, kinodan əvvəlki dövrdəki “kino duyumu”nu da araşdırmaq lazımdır. Kino həm əks etdirmədir, həm oyun, həm də insan beyninə təsir mexanizmidir. Bunun əlamətləri əvvəlki dövrlərdə də var. Mən Nizami Gəncəvinin əsərlərində kinematoqrafik məqamlar görürəm və bunu göstərmək lazımdır. Bu, yalnız mənim yox, illərdir bütün dünyanın araşdırdığı mövzudur. Kino XIX əsrin sonunda birdən-birə göydən düşməyib; ona qədər də bu sənətə tələbat və maraq olub. “Mirzə Cəlilin Azərbaycanı” dedikdə məhz bu genişliyi nəzərdə tuturam. Bugünkü filmlərimiz isə əsasən Bakı çərçivəsində qalır. Azərbaycan kinosu deyil, daha çox Bakı kinosu var. Kinomuz Bakı studiyasından başlayıb, 1950-ci illərdə genişləndirilməyə çalışılsa da, yenə əsas mərkəz Bakı idi. Bu gün də prodüser mərkəzlərində, studiyalarda çəkilən filmlərin əksəriyyəti Bakı filmləridir, alternativ və bölgələri əhatə edən yanaşma zəifdir. Problem budur. Bəlkə, Cəlil Məmmədquluzadənin həmin əsərini diqqətlə oxuyaq və fərqli, geniş bir kino yaradaq. Hələ ki bu tendensiyanı görmürəm. İstəyərdim ki, kino həqiqətən Azərbaycan miqyasında olsun, yalnız Bakı çərçivəsində qalmasın.

- Bayaq təxəyyüldən danışdıq. Tarixi filmlərdə tarixi şəxsiyyətlər olduğu kimi təsvir olunmalıdır, yoxsa ssenarist özündən nələrsə əlavə etməlidir?

- Tarixi şəxsiyyəti olduğu kimi, tam dəqiqliyi ilə təsvir etmək qeyri-mümkündür. Tarixi mövzularda da təxəyyül, sözsüz ki, iştirak etməlidir, lakin tarixə sadiqlik, tarixi sorğu-sual etmək və ona maraq mütləq olmalıdır. Əgər "mən bu gün nə istəyirəm, onu da edəcəyəm, mənim bədii təxəyyülüm tarixdən üstündür" deyib tarixdən üz çevirsək, bu, düzgün deyil. Tarixə sadiq qalmaq vacibdir, tam olduğu kimi alınmasa da, o sadiqlik filmdə hiss olunmalıdır.

- Bu il Azərbaycan kinosunun davamlı inkişafı üçün 9 milyon manat vəsait ayrılıb. Sizcə, bir il üçün bu məbləğ yetərlidirmi?

- Pis deyil, yaxşıdır. Lakin kinoya daha çox vəsait də lazımdır. Məsələ təkcə məbləğdə deyil, həm də onun hara və necə xərclənməsindədir. Fikrimcə, ilk növbədə o filmlərə dəstək verilməlidir ki, qoyulan vəsaiti geri qaytara bilsinlər. Yəni tamaşaçı toplasınlar, kassaya gəlir gətirsinlər, maraq oyatsınlar. Bunun üçün mühit və infrastruktur da olmalıdır: kinoteatr şəbəkəsi genişlənməli, kinoşünaslıq inkişaf etməli, tənqidi və təhlili yazılar, jurnallar çıxmalı, filmlərin təbliği düzgün qurulmalıdır. Onda kino sosial institut kimi işlək vəziyyətə düşər və özünə gəlir gətirər. Əgər filmlər 500 min, 800 min, 1 milyon və ya daha çox tamaşaçı toplaya bilsə, çəkilən xərci qarşılamaq mümkündür. Çətinliklərin səbəbini araşdırmaq və problemli sahələrə doğru vəsait yönəltmək lazımdır.


 

- Keçən müsahibəmizdə aktyor Rəşad Kəsəmənli qeyd etmişdi ki, ssenaristlər sevdikləri sahə olduğu üçün bu işlə məşğul olurlar, amma paralel olaraq başqa işlərdə də çalışırlar, çünki maddi gəlir yetərli deyil. Siz bu barədə nə düşünürsünüz?

- Doğrudur. Yaxşı filmlər çəkilsə və tamaşaçı cəlb edə bilsə, vəziyyət dəyişər. Tamaşaçı kinonun əsas dayaqlarından biridir, biz tamaşaçı üçün işləyirik. Tamaşaçıya çatan və gəlir gətirən film olsa, ssenarist başqa iş axtarmaz, yalnız ssenari yazmaqla məşğul olar. Maddi qazancı da yaradıcı insan özü təmin etməlidir, peşəkar odur ki, öz sahəsindən dolanışığını çıxarır. Heç kim kənardan hazır gəlir gətirmir. Elə ssenari yazmaq lazımdır ki, gələcəkdə həmin filmə milyonlarla tamaşaçı gəlsin.

- Deməli, bu məsələ həm də ssenaristin özündən asılıdır.

- Əlbəttə. Müəllif nəzərə almalıdır ki, o, tamaşaçı üçün yazır və elə yazmalıdır ki, insanlar filmi bir-birinə məsləhət görsün, gedib baxmaq istəsinlər.


 

- Televiziya sahəsində də çalışmısınız. Sizcə, Azərbaycanda televiziyanın filmlərin izlənməsinə dəstəyi hansı səviyyədədir? Yoxsa internet resursları bu istiqamətdə artıq daha önə çıxıb?

- Şübhəsiz, televiziyanın rolu böyükdür. 1990-cı illərdə mən radioda sənətşünas kimi çalışdıqdan sonra televiziyaya, “Azərbaycantelefilm”ə keçmişdim. 90-cı illərin əvvəllərində ölkədə böyük durğunluq var idi, maaşlar gecikirdi, filmlər çəkilmirdi, o dövrdə kinostudiyanın istedadlı rejissorları televiziyada çalışır və maraqlı işlər ortaya qoyurdular. İndi internet daha geniş əhatə dairəsinə malikdir, lakin televiziyasız kino bu qədər geniş auditoriyaya yayıla bilməzdi. Film kinoteatrda nümayiş olunmalı və gəlir gətirməlidir, amma televiziyanın da təbliğat, tanıtdırma, aktyor və rejissorları tamaşaçıya sevdirmə baxımından xidməti çox böyük olub.

- Hazırda hansısa ssenari üzərində işləyirsinizmi və ümumiyyətlə, yaradıcılığınızda hansı yeniliklər var?

- Hazırda daha çox kinoşünaslıqla məşğulam, üzərində işlədiyim bir neçə layihə, dərslik və araşdırma var. Bəzən məzun tələbələrimlə elmi rəhbər, bəzən isə həmmüəllif kimi çalışır, onlara istiqamət verirəm. “Kino: gözlə-söz arasında” kitabından sonra yaxın vaxtlarda ikinci kitabım – “Kino: nəzər və əməl arasında” işıq üzü görəcək.

Foto - Rüfət Mustafayev ©️ APA GROUP

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 146

Oxşar yazılar