Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi Badamdardakı torpaq sürüşməsi ilə bağlı məlumat yayıb.
Lent.az xəbər verir ki, Agentliyin mütəxəssisləri tərəfindən Səbail rayonu, Badamdar-20-ci sahədə aparılan növbəti monitorinqlər zamanı əvvəl qeydə alınmış nəticələrlə müqayisədə sürüşmə sahəsində çatların bir qədər də genişləndiyi və aktivliyin davam etdiyi müəyyən edilib.
Ərazidə vəziyyətin dinamikası izlənilir.
***
19 noyabr, saat 18:31
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin mütəxəssisləri Bakı şəhəri, Səbail rayonu, Badamdar–20-ci sahədə baş verən sürüşmə hadisəsi ilə bağlı ərazidə olub.
Lent.az-ın xəbərinə görə, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyindən APA-nın sorğusuna cavab olaraq bildirib ki, ərazidə araşdırma və monitorinqlər aparılıb.
Qeyd edilib ki, aparılan monitorinqlərin nəticəsinə əsasən ərazidə sürüşmə prosesinin aktivləşdiyi, çatların genişləndiyi müəyyən edilib.
***
17:58
Bakı şəhəri, Səbail rayonu, Badamdar sürüşmə sahəsinə (Badamdar şosesi) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə növbəti vizual baxış zamanı ərazidə sürüşmə prosesinin hazırda aktiv fazada olduğu müəyyən edilib.
Lent.az bildirir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq, FHN-dən məlumat verilib.
Bildirilib ki, bununla əlaqədar, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üçün FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən aidiyyəti dövlət qurumlarına sürüşmə prosesinin dinamikası və aktivliyinin artması ehtimalı nəzərə alınaraq, ərazidə olan insanların təhlükəsiz yerə təxliyə edilməsi və yaxınlıqda yerləşən obyektlərin fəaliyyətinin müvəqqəti məhdudlaşdırılması istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədilə rəsmi müraciət edilib.