Maliyyə yardımı alan media subyektlərinin veb-sayt və sosial şəbəkə hesablarının göstəriciləri ildə iki dəfə monitorinq olunacaq.
Lent.az xəbər verir ki, bu, yenilənmiş “Media subyektlərinin inkişafına, iqtisadi müstəqilliyinin gücləndirilməsinə, fəaliyyətinin təkmilləşdirilməsinə yönəlmiş, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinin təşkili məqsədilə müsabiqələrin keçirilməsi Qaydaları”nda əksini tapıb.
Qaydalara əsasən, maliyyə yardımının göstərildiyi dövrdə onlayn media subyektinin veb-saytının və ya sosial şəbəkə hesablarının göstəricilərinin süni artırıldığı aşkar edildikdə, Şura həmin ay üzrə maliyyə yardımının ödənilməsini dayandırır və onlayn media subyektinə yazılı xəbərdarlıq edir. Monitorinqin nəticələri aktla rəsmiləşdirilir və aktda aşkar edilmiş hallar və onları təsdiq edən məlumatlar göstərilir.
Onlayn media subyekti bu Qaydalarda nəzərdə tutulan yazılı xəbərdarlıqda göstərilən pozuntuya səbəb olan halları növbəti ay ərzində aradan qaldırmadıqda və ya süni artırmaya növbəti ayda təkrar yol verildikdə Şura maliyyə yardımının göstərilməsinə dair müqaviləyə birtərəfli qaydada xitam verir.
Süni artırılmaya görə ayrı-ayrı monitorinq dövrlərində 2 (iki) dəfə yazılı xəbərdarlıq edilmiş onlayn media subyekti ikinci xəbərdarlıqdan sonra elan edilən ilk müsabiqədə iştirak üçün müraciət edə bilməz.
Müsabiqə iştirakçısına media sahəsində yol verilmiş inzibati xətaya görə qanunvericiliyə uyğun olaraq inzibati tənbeh tətbiq edildikdə və ya Qanunda nəzərdə tutulan pozuntularla bağlı ona xəbərdarlıq edildikdə, Şura inzibati tənbehin tətbiq edildiyi və ya xəbərdarlığın edildiyi ay üzrə maliyyə yardımının ödənilməsini dayandırır.