Köhnə mahnılar bizi niyə  gəncliyimizə   qaytarır? –  Sirri açıldı
20 noyabr 2026 17:08 (UTC +04:00)

Köhnə mahnılar bizi niyə gəncliyimizə qaytarır? – Sirri açıldı

0

Bəzən illər əvvəl dinlədiyimiz  mahnı bizi bir anda keçmişə aparır. Unudulduğunu düşündüyümüz xatirələr, uşaqlıq dostları, ilk sevgi və gənclik illərində yaşadığımız hadisələr yenidən gözümüzün önündə canlanır. Alimlər musiqinin insan yaddaşına bu qədər güclü təsir göstərməsinin səbəbini araşdırıblar.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin Prinston Universitetinin alimləri eyni dövrə və musiqi janrına aid mahnıların müxtəlif insanlarda  oxşar xatirələr oyatdığını müəyyən ediblər.

Noyabrın 16-da “Proceedings of the National Academy of Sciences” (PNAS) elmi jurnalında dərc olunan araşdırmada iştirakçılara pop, kantri və hip-hop janrlarında məşhur mahnılardan 30 saniyəlik parçalar dinlədilib. Mahnıların bir qismi iştirakçıların yeniyetməlik dövründə, digərləri isə onların valideynlərinin gənclik illərində populyar olub. Musiqini dinlədikdən sonra iştirakçılardan həmin mahnıların onlarda oyatdığı xatirələri təsvir etmək istənilib.

Alimlər təbii dilin emalı texnologiyalarından istifadə edərək mindən çox xatirə təsvirini təhlil ediblər. Nəticələr göstərib ki, eyni janra və ya dövrə aid mahnılar fərqli insanlarda oxşar hadisələrlə bağlı xatirələri canlandıra bilir. Tədqiqatçılar bu oxşarlığın mahnıların sözlərindən qaynaqlanıb-qaynaqlanmadığını müəyyən etmək üçün daha iki təcrübə keçiriblər.

Birinci təcrübədə iştirakçılara mahnı mətnlərində tez-tez rast gəlinən ayrı-ayrı sözlər təqdim edilib. İkinci təcrübədə isə mahnıların məzmununun qısa izahı verilib. Lakin hər iki halda musiqinin özünün yaratdığı qədər güclü və oxşar xatirələr müşahidə olunmayıb.

Alimlərin fikrincə, bunun səbəbi insan yaddaşında formalaşan və “mədəni ssenarilər” adlandırılan ortaq təsəvvürlərdir. Məsələn, müəyyən musiqi janrı insanlara yay tətilini, avtomobillə uzun səyahətləri, ailə toylarını və ya dostlarla keçirilən əyləncəli gecələri xatırlada bilər. Hətta həmin mahnını əvvəllər eşitməyən insan belə onun janrına və yaratdığı ab-havaya görə tanış hisslər yaşaya bilər.

Tədqiqat müəllifləri hesab edirlər ki, insanların şəxsi xatirələri yalnız fərdi təcrübələr əsasında formalaşmır. Eyni zamanda yaşadığımız cəmiyyət, böyüdüyümüz dövr və ortaq mədəni təsəvvürlər də yaddaşımıza təsir göstərir.

Araşdırma göstərir ki, bəzən bir mahnının bizi illər əvvələ qaytarması təsadüfi deyil. Musiqi fərdi xatirələrlə yanaşı, eyni nəslə mənsub insanların ortaq təcrübələrini də canlandıra bilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 94

Oxşar yazılar