İnsanların bədən temperaturu dəyişir – 37 dərəcə  artıq norma deyil?
10 noyabr 2026 17:36 (UTC +04:00)

İnsanların bədən temperaturu dəyişir – 37 dərəcə artıq norma deyil?

0

Son 150 ildə insanların orta bədən temperaturu nəzərəçarpacaq dərəcədə aşağı düşüb. Alimlər müəyyən ediblər ki, hazırda sağlam insanın bədən temperaturu ənənəvi qəbul edilən 37 dərəcədən aşağı ola bilər.

Lent.az xəbər verir ki, bu nəticə Stenford Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırmada üzə çıxıb.

XIX əsrdə alman həkim Karl Vunderlix 25 min pasiyent üzərində bir milyondan çox ölçmə apararaq sağlam insanın orta bədən temperaturunun 37 dərəcə olduğunu müəyyən edib.

Lakin Stenford alimləri 1862–2017-ci illərdə təxminən 190 min amerikalının tibbi göstəricilərini araşdıraraq bədən temperaturunun tədricən azaldığını aşkarlayıblar.

Tədqiqatçı Culi Parsonnetin sözlərinə görə, müasir dövrdə yetkin insanların orta bədən temperaturu 36,39 dərəcəyə daha yaxın ola bilər.

İnsanların bədən temperaturu niyə azalır?

Alimlər bunu tibbin inkişafı, peyvəndləmə, sanitariya şəraitinin yaxşılaşması və xroniki infeksiyaların azalması ilə əlaqələndirirlər.

Bundan başqa, istilik sistemləri və kondisionerlərin geniş yayılması da orqanizmin temperaturunu tənzimləmək üçün sərf etdiyi enerjini azalda bilər.

Oxşar dəyişiklik Amazoniyada yaşayan tsimane xalqında da müşahidə edilib. Onların orta bədən temperaturu 20 il ərzində təxminən 37 dərəcədən 36,5 dərəcəyə enib.

Bununla belə, bəzi mütəxəssislər fərqin müəyyən hissəsini keçmişdə istifadə olunan termometrlərin ölçmə xətaları ilə izah edirlər.

Normal bədən temperaturu neçə dərəcədir?

Mütəxəssislər bildirirlər ki, bütün insanlar üçün vahid normal temperatur göstəricisi yoxdur. Bu, yaşdan, cinsdən, günün saatından və fərdi xüsusiyyətlərdən asılıdır.

Adətən səhər saatlarında bədən temperaturu daha aşağı, axşam isə nisbətən yüksək olur.

Həkimlər yalnız 37 dərəcə göstəricisinə əsaslanmamağı, insanın özünə xas normal temperaturunu bilməsini tövsiyə edirlər.

Bədən temperaturunun 35 dərəcədən aşağı düşməsi və ya 40 dərəcəni keçməsi isə təhlükəli ola bilər və təcili tibbi qiymətləndirmə tələb edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 132

Oxşar yazılar