Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə keçirilən üçtərəfli danışıqların birinci mərhələsi başa çatıb.
Lent.az xəbər verir ki, noyabrın 10-da keçirilən görüş beş saat davam edib.
Məlumata görə, qapalı formatda təşkil olunan danışıqlarda Ukraynadakı müharibənin nizamlanması ilə bağlı əsas məsələlər müzakirə edilib.
Görüşlərin iki mərhələdə keçirilməsi nəzərdə tutulur. Danışıqların ikinci raundu noyabrın 11-də baş tutmalıdır.
Tərəflərin görüşün nəticələri ilə bağlı hələlik ətraflı açıqlama vermədiyi bildirilir.
***
12:23
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə üçtərəfli danışıqlar başlayıb.
Lent.az xəbər verir ki, bu barədə danışıqlar qrupundakı mənbə məlumat verib.
Məlumata görə, görüşdə Ukraynadakı müharibənin sülh yolu ilə nizamlanması ilə yanaşı, daha geniş təhlükəsizlik məsələlərinin müzakirəsi nəzərdə tutulur.
Rusiya nümayəndə heyətinə Prezident Vladimir Putinin köməkçisi Vladimir Medinski rəhbərlik edir.
Heyətdə həmçinin xarici işlər nazirinin müavinləri Sergey Ryabkov və Mixail Qaluzin, Federal Təhlükəsizlik Xidmətinin rəsmisi Aleksey Komkov və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının nümayəndəsi İqor Kostyukov yer alırlar.
***
11:55
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Ukrayna nümayəndə heyətinin ABŞ və Avropa İttifaqı (Aİ) təmsilçiləri ilə görüşü başlayıb.
Lent.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi, nümayəndə heyətinin rəhbəri Rüstəm Umerov məlumat verib.
Görüşdə tərəflər gündəlikdəki məsələləri müzakirə edir və əsas danışıqlara hazırlıq görürlər.
Qeyd edək ki, növbəti mərhələdə Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə üçtərəfli danışıqların keçirilməsi nəzərdə tutulur.
Noyabrın 10–11-də keçirilməsi planlaşdırılan üçtərəfli danışıqlarda əsas məqsəd Ukraynadakı müharibənin dayandırılması və təhlükəsizlik təminatlarının müzakirəsidir. Avropa nümayəndələri isə ayrıca məsləhətləşmələrdə iştirak edəcəklər.