Çinin Anhoy əyalətində yaşayış kompleksinin yeraltı dayanacağında sürücüsüz elektromobil bir gecə ərzində avtomatik parklanma funksiyasını 868 dəfə işə salıb.
Lent.az xəbər verir ki, avtomobil bütün gecə ərzində irəli və geri hərəkət edərək dayanacaqda park etməyə çalışıb.
Daha sonra avtomobilin sahibi bort sisteminin qeydlərini yoxlayıb və avtomatik parklanma funksiyasının gecə ərzində 868 dəfə aktivləşdiyini aşkar edib. Nasazlığın dəqiq səbəbi hələlik məlum deyil.
Sosial şəbəkə istifadəçiləri isə hadisəyə yumorla yanaşıblar. Bəziləri “texniki nasazlıqlar olur” deyə şərh yazıb, digərləri isə insanların avtomobil park edərkən bundan daha ciddi səhvlərə yol verdiyini bildiriblər.
Qeyd edək ki, avtomobilin markası və modeli açıqlanmayıb.
Digər mənbələr isə bunun "Huawei Qiankun" ADS intellektual idarəetmə sistemi ilə təchiz edilmiş “Avatr” markalı elektromobil ola biləcəyini ehtimal edirlər. Lakin bu məlumat rəsmi təsdiqini tapmayıb.