Doğuşdan sonra qadınların GİZLƏTDİYİ PROBLEM:  Məşhur aktrisa da yaşayıb
22 noyabr 2026 19:40 (UTC +04:00)

Doğuşdan sonra qadınların GİZLƏTDİYİ PROBLEM: Məşhur aktrisa da yaşayıb

0

Uşaq dünyaya gətirmək qadının həyatında ən böyük dəyişikliklərdən biridir. Lakin analıq sevinci hər zaman yalnız xoşbəxtlik hissi ilə müşayiət olunmur. Bir çox qadın doğuşdan sonra səbəbsiz ağlama, güclü yorğunluq, narahatlıq, qorxu və depressiya ilə üzləşir. Bəziləri isə yaşadıqlarını ətrafındakılardan gizlədir.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu problemə diqqət çəkənlərdən biri də Hollivud ulduzu Riz Uizerspundur (Reese Witherspoon).

Aktrisa “Harper's Bazaar” nəşrinə müsahibəsində 23 yaşında ilk övladını dünyaya gətirdikdən sonra ağır doğuşsonrası depressiya yaşadığını etiraf edib.

“İlk altı ayda eyni zamanda həm xoşbəxt, həm də depressiyada idim. Daim ağlayırdım, gecələr yatmırdım, tamamilə tükənmişdim”, – deyə aktrisa bildirib.

Uizerspunun sözlərinə görə, doğuşdan və altı ay sonra ana südü ilə qidalandırmanı dayandırdıqdan sonra yaşadığı hormonal dəyişikliklərə hazır olmayıb. Gənc ana kimi ətrafındakı insanların davamlı məsləhətləri də onun psixoloji vəziyyətini ağırlaşdırıb.

Aktrisa yaxın rəfiqəsinin tövsiyəsi ilə mütəxəssisə müraciət etdiyini, lakin bir çox qadının belə imkanının olmadığını vurğulayıb.

Doğuşdan sonra depressiya niyə yaranır?

Doğuşsonrası depressiya bir çox qadının qarşılaşdığı, lakin bəzən açıq danışmaqdan çəkindiyi sağlamlıq problemidir.

ABŞ Milli Sağlamlıq İnstitutlarının məlumatına görə, doğuşdan sonrakı depressiya hormonal dəyişikliklər, yuxusuzluq, psixoloji gərginlik və digər bioloji, sosial amillərlə əlaqəli ola bilər.

Araşdırmalara əsasən, təxminən hər səkkiz qadından biri doğuşdan sonra depressiya yaşayır.

Bu vəziyyət özünü davamlı kədər, səbəbsiz ağlama, əsəbilik, gücsüzlük, yuxu və iştaha pozuntuları, özünü günahlandırma, hətta körpə ilə emosional bağ qurmaqda çətinlik çəkməklə göstərə bilər.

Adi yorğunluq, yoxsa depressiya?

Doğuşdan sonrakı ilk günlərdə qadınlarda müvəqqəti əhval dəyişiklikləri müşahidə oluna bilər. Lakin kədər, narahatlıq və ümidsizlik iki həftədən artıq davam edirsə, gündəlik həyata mane olursa, bu, doğuşsonrası depressiyanın əlaməti ola bilər.

Mütəxəssislər belə hallarda psixoloq, psixiatr və ya digər müvafiq həkimə müraciət etməyi tövsiyə edirlər.

Doğuşsonrası depressiya müalicə oluna bilən tibbi vəziyyətdir. Ailənin dəstəyi, psixoterapiya və zərurət olduqda həkim tərəfindən təyin edilən dərman müalicəsi qadının sağalmasına kömək edə bilər.

Əsas məsələ qadınların yaşadıqları psixoloji çətinlikləri gizlətmək məcburiyyətində qalmaması və vaxtında dəstək almasıdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 184

Oxşar yazılar