Bir evi neçəyə təmizləyirlər?  Azərbaycanda təmizlik şirkətləri və qiymət fərqi - ARAŞDIRMA
23 noyabr 2026 17:12 (UTC +04:00)

Bir evi neçəyə təmizləyirlər? Azərbaycanda təmizlik şirkətləri və qiymət fərqi - ARAŞDIRMA

0

Azərbaycanda ev təmizliyi xidmətlərinə tələbat artdıqca bu sahədə fəaliyyət göstərən şirkətlərin təklif etdiyi qiymətlər də diqqət çəkir. Xüsusilə işləyən insanlar, azyaşlı uşaqları olan ailələr və təmirdən yeni çıxmış mənzil sahibləri peşəkar təmizlik xidmətlərinə daha çox maraq göstərirlər. Lakin eyni ölçüdə olan mənzilin təmizlənməsi üçün şirkətlərin təklif etdiyi qiymətlər arasında ciddi fərqlər var.

Bəs Azərbaycanda bir evi təmizlətmək neçəyə başa gəlir? Hansı xidmətlər daha bahadır və qiymətlər nəyə əsasən müəyyənləşdirilir?

Lent.az-ın apardığı araşdırma zamanı məlum olub ki, Bakıda fəaliyyət göstərən bəzi təmizlik şirkətləri adi ev təmizliyini 40-45 manatdan başlayan qiymətlərlə təklif edir. Digər şirkətlərdə isə oxşar xidmət üçün ilkin qiymət 80-90 manat təşkil edir. Bu fərq əsasən xidmətin müddəti, təmizliyə daxil edilən işlər və ayrılan əməkdaşların sayı ilə bağlıdır.

İkiotaqlı evi təmizlətmək neçəyədir?

Araşdırmaya əsasən, bəzi şirkətlər sahəsi 45-65 kvadratmetr olan ikiotaqlı mənzilin adi təmizliyini 40–60 manata həyata keçirir. Digər şirkətlərdə isə ikiotaqlı mənzilin əsaslı təmizliyi 120 manatdan başlayır. Üçotaqlı, sahəsi 65-90 kvadratmetr olan mənzillərdə adi təmizlik üçün 60-90 manat tələb olunur. Əsaslı təmizlik zamanı isə qiymət 150 manata qədər yüksəlir.

Dörd və daha çox otağı olan mənzillərdə adi təmizlik üçün 90-140 manatlıq təkliflərə rast gəlinir. Lakin mənzilin sahəsi böyükdürsə, qiymət fərdi qaydada hesablanır. Bəzi şirkətlər qiyməti otaqların sayına görə deyil, təmizlik üçün ayrılan vaxta əsasən müəyyənləşdirir. Məsələn, dörd saatlıq ev təmizliyi üçün 80-90 manat tələb edən şirkətlər var. Səkkiz saatlıq dərin təmizlik paketləri isə 110 manatdan başlayır. Digər təkliflərdə bir əməkdaşın dörd saatlıq xidmət haqqı 80 manat, iki əməkdaşın eyni müddətdə işləməsi isə 160 manat təşkil edir. Əlavə hər iş saatı üçün əməkdaş başına 10 manat ödəniş nəzərdə tutulur.

Əsaslı təmizlik niyə daha bahadır?

Adi və əsaslı təmizlik arasında həm görülən işlərin həcminə, həm də qiymətə görə fərq var. Adi təmizlik zamanı əsasən döşəmələr yuyulur, mebellərin üzərindəki toz silinir, mətbəx və sanitar qovşaqlar təmizlənir. Əsaslı təmizlikdə isə şkafların içərisi, mebellərin arxası, pəncərələr, qapılar, kafellər və çətin əlçatan yerlər də təmizlənə bilər. Araşdırma göstərir ki, bəzi şirkətlər əsaslı təmizlik xidmətini 90 manatdan başlayan qiymətlərlə təqdim edir. Bir otaqlı mənzilin əsaslı təmizliyi üçün 90 manat, ikiotaqlı mənzil üçün 120 manat, üçotaqlı mənzil üçün isə 150 manat tələb edən şirkətlər də var. Digər şirkətlərdə dərin təmizliyin qiyməti hər kvadratmetr üçün 2 manat hesablanır. Belə xidmətlərdə minimum sifariş məbləği 180 manata çata bilir.

Təmirdən çıxan evi təmizlətmək neçəyə başa gəlir?

Ən bahalı xidmətlərdən biri təmirdən sonrakı təmizlikdir. Bunun əsas səbəbi tikinti tozunun, boya, sement və yapışqan qalıqlarının təmizlənməsinin daha çox vaxt və xüsusi vasitələr tələb etməsidir. Bakıda fəaliyyət göstərən bəzi təmizlik şirkətlərində təmirdən sonrakı təmizlik 120 manatdan başlayır. Digər şirkətlərdə isə qiymət mənzilin sahəsinə görə hesablanır. Belə ki, hər kvadratmetr üçün 2-2,50 manatlıq tariflərə rast gəlinir.

Bu qiymətlərlə 50 kvadratmetrlik mənzilin təmizliyi 100-125 manata, 80 kvadratmetrlik mənzilin təmizliyi 160-200 manata, 100 kvadratmetrlik mənzilin təmizliyi isə 200-250 manata başa gəlir. Sahəsi 150 kvadratmetr olan mənzildə xidmət haqqı 300-375 manat, 200 kvadratmetrlik evdə isə 400-500 manat təşkil edə bilər. Bununla belə, qeyd edilən məbləğlər kvadratmetr tarifləri əsasında aparılan hesablamalardır. Təmirdən qalan çirklənmənin səviyyəsi və görüləcək əlavə işlər yekun qiymətə təsir göstərə bilər.

Pəncərə, divan və xalça təmizliyi ayrıca hesablanır

Ev təmizliyi sifariş edərkən müştərilərin diqqət etməli olduğu əsas məqamlardan biri əlavə xidmətlərdir. Araşdırma zamanı məlum olub ki, bəzi şirkətlər pəncərələrin yuyulmasını ayrıca xidmət kimi təqdim edir. Bu xidmətin qiyməti pəncərənin bir tayı üçün 8 manatdan, bütöv pəncərə üçün isə 15 manatdan başlaya bilir. Yumşaq mebellərin kimyəvi təmizliyi də əlavə xərc yaradır. Bəzi şirkətlərdə divanın təmizlənməsi 35 manatdan, matrasın təmizlənməsi isə 20 manatdan başlayır. Xalçaların yuyulması üçün hər kvadratmetrə 3 manatlıq təkliflər mövcuddur. Beləliklə, müştəri əsaslı ev təmizliyi ilə yanaşı, divan, matras, xalça və pəncərələrin ayrıca təmizlənməsini də sifariş edərsə, yekun məbləğ ilkin qiymətdən xeyli yüksək ola bilər.

Daimi təmizlik sifariş edənlər daha az ödəyə bilər

Araşdırma zamanı məlum olub ki, bəzi şirkətlər mütəmadi təmizlik sifariş edən şəxslərə endirimlər də təklif edir. Məsələn, həftəlik abunəlik zamanı xidmət haqqına 20 faiz endirim tətbiq edən şirkətlər var. Digər şirkətlərdə aylıq təmizlik abunəliyi 160 manatdan başlayır. Həftədə üç dəfə təmizlik sifariş edildikdə isə dörd saatlıq xidmətin bir günlük qiymətini 70 manata endirən təkliflərə rast gəlinir. Bu baxımdan, mütəmadi təmizlik xidmətinə ehtiyacı olan ailələr üçün abunə paketləri birdəfəlik sifarişlə müqayisədə daha sərfəli ola bilər.

Şirkətlər arasında qiymət fərqi niyə bu qədər böyükdür?

Təmizlik xidmətlərinin qiymətinə bir neçə amil təsir göstərir. Bunlardan ən əsası mənzilin sahəsi və çirklənmə səviyyəsidir. Bununla yanaşı, təmizliyə ayrılan işçi sayı, istifadə olunan kimyəvi vasitələr, xüsusi avadanlıqlar və xidmət müddəti də qiyməti dəyişir. Bəzi şirkətlər yalnız əsas təmizlik işlərini yerinə yetirdiyi halda, digərləri daha geniş xidmət paketi təqdim edir. Bu səbəbdən aşağı qiymət təklif edən şirkətin xidmətini daha bahalı paketlə birbaşa müqayisə etmək düzgün deyil. Mütəxəssislərin tövsiyələrinə görə, sifariş verməzdən əvvəl pəncərələrin, mətbəx şkaflarının, məişət texnikasının və sanitar qovşaqların təmizlənməsinin ümumi qiymətə daxil olub-olmadığını dəqiqləşdirmək vacibdir.

Bir evi təmizlətmək üçün nə qədər büdcə ayırmaq lazımdır?

Araşdırmanın nəticələrinə əsasən, Bakıda kiçik və orta ölçülü mənzillərin adi təmizliyi üçün 40-90 manat arasında təkliflər mövcuddur. Əsaslı təmizlikdə qiymətlər 90-180 manatdan başlayır və mənzilin sahəsindən asılı olaraq daha yüksək ola bilir. Təmirdən sonrakı təmizlik üçün isə bəzi şirkətlər minimum 120 manat tələb edir, digərləri hər kvadratmetrə 2-2,50 manat hesablayır. Eyni mənzilin təmizliyi üçün müxtəlif şirkətlərdən fərqli qiymət təklifləri almaq mümkündür. Buna görə də müştərilərin yalnız xidmət haqqını deyil, həmin məbləğə hansı işlərin daxil olduğunu da müqayisə etməsi daha məqsədəuyğundur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 134

Oxşar yazılar