2026-cı ilin noyabrında Yunanıstanın Hersonissos şəhərində keçirilən 8–18 yaşlı şahmatçılar arasında Avropa çempionatında gənc azərbaycanlı şahmatçı Nərmin Abdinova 18 yaşadək qızlar kateqoriyasında qızıl medal qazanaraq Avropa çempionu olub. O, çempionluq yolunda bütün görüşlərini qələbə ilə başa vurub və son turun nəticəsindən asılı olmayaraq birinciliyi təmin edib.
Nərmin Abdinova Lent.az-a müsahibəsində çempionluğa gedən yoldan, hazırlıq prosesindən, yarışdakı həyəcanlı partiyalardan, ailəsinin dəstəyindən və gələcək hədəflərindən danışıb.
- Əvvəlcə sizi təbrik edirəm, Nərmin. Çempionluğa gedən yolda keçirdiyiniz hisslər, yaşadığınız həyəcan və ilk təəssüratlarınız barədə danışmağınızı istərdim.
- Əslində, əvvəlki illərdə də Avropa çempionatlarında iştirak etmişəm, lakin mükafatçılar sırasına düşməyə bir addım qalmış şansı əldən vermişdim. Bu nəticəni özümdən çoxdan gözləyirdim və nəhayət, istəyimə nail oldum.
- Doqquz partiyanın hamısını qələbə ilə başa vurdunuz. Səkkizinci turda artıq çempionluğu rəsmiləşdirmişdiniz. Bütün görüşlərdə qalib gələcəyinizi gözləyirdinizmi?
- Açığı, doqquz oyundan doqquz qələbə qazanacağımı gözləmirdim. Lakin bu elə bir yarışdır ki, itirilən yarım xal belə səni mükafatçılar sırasından kənarda qoya bilər. Bu səbəbdən yarış ərzində xal itirməməyə çalışırdım. Buna da nail oldum.

- Bu çempionluğa nə qədər müddət hazırlaşmışdınız?
- Uzun müddət idi ki, hazırlaşırdım, lakin son üç ayda hazırlığımız daha ciddi xarakter almışdı. Əlbəttə, çempionluq üçün üç ay kifayət etmir. Bundan əvvəl də müxtəlif yarışlarda iştirak etmiş, hazırlıq keçmişdim. Oyun təcrübəm olduğu üçün son üç aylıq intensiv məşqlərdən sonra özümü yarışa tam hazır hiss edirdim. Müəllimlərimlə birlikdə ciddi hazırlıq keçdik. Ən yaxşı nəticə göstərmək və birincilik qazanmaq üçün var gücümlə çalışırdım.
- Doqquz partiya ərzində sizin üçün ən çətin görüş hansı oldu?
- Çətin deməzdim, amma ən həyəcanlı görüşüm səkkizinci turda polşalı şahmatçı Klara ilə oldu. Həmin vaxt mənim yeddi, onun isə altı xalı var idi. Məğlub olsaydım, şəxsi görüşün nəticəsinə görə məni qabaqlaya və birinci yerə çıxa bilərdi. Oyun sabit keçdi, lakin sonda mənim daha çox vaxtım qaldığından gedişləri ətraflı düşünə bildim. Onun isə vaxtı az olduğu üçün kifayət qədər düşünməyə imkanı olmadı və mən qalib gəldim. Şahmatda soyuqqanlılıq da əsas amillərdən biridir. Mən rəqibimdən daha az vaxt sərf etmişdim. O, oyunda daha çox çətinlik çəkdiyindən çox düşündü və buna görə də vaxtı az qaldı.

- Çempionluğunuza görə sizi ilk kim təbrik etdi? Sevincinizi əvvəlcə kimlərlə bölüşdünüz?
- İlk olaraq orada bizi gözləyən müəllimlərimiz — Fərid müəllim, İlahə xanım və Mahir müəllim məni təbrik etdilər. Həmin an yaşadığım sevinc və həyəcan mənim üçün unudulmaz idi. Milli yığmanın üzvləri — Gövhər Beydullayeva, Günay Məmmədzadə və Şəhriyar Məmmədyarov da mesaj yazaraq məni təbrik etdilər. Bu, mənim üçün çox sevindirici idi. Ailəm isə uzun müddət idi ki, məndən bu nəticəni gözləyirdi. Evdən ilk zəng edən qardaşım oldu.
- Bəs rəqibləriniz arasında sizi qələbənizə görə təbrik edənlər oldumu?
- Bir neçə rəqibim məni təbrik etdi. Lakin səkkizinci turda məğlub etdiyim rəqibim çempionluğu əldən verdiyi üçün təbii olaraq çox məyus olmuşdu. Mən də vaxtilə onların yerində olduğum üçün bu hissləri yaxşı anlayıram.

- Ümumiyyətlə, yarışlara psixoloji baxımdan necə hazırlaşırsınız?
- Əvvəlki illərdə yarışların başlanğıcında müəyyən çətinliklər yaşayırdım. Bu dəfə həyəcanı kənara qoyub ilk turlardan xal üstünlüyü qazanmağa diqqət yetirdim. Ümumi nəticəni deyil, yalnız qarşımdakı oyunda qalib gəlməyi düşündüm və bu, işə yaradı.
- Bu Avropa çempionluğundan əvvəl karyeranızın ən çətin mərhələsi hansı olub?
- Yəqin ki, 2022-ci ildə 15 yaşadək şahmatçılar arasında keçirilən dünya çempionatı.
- Beşinci yeri tutmuşdunuz.
- Bəli. Onda özümdən daha yüksək nəticə gözləyirdim. Sadəcə, bir oyunda qazaxıstanlı şahmatçıya məğlub olduğum üçün mükafatçılar sırasından kənarda qaldım.

- Rəqiblərinizin sizin oyun variantlarınızı bilməsi üzərinizdə əlavə təzyiq yaradır, yoxsa əksinə?
- Məncə, bu, daha çox rəqiblərimə təzyiq yaradır. Mənim isə əksinə, xeyrimədir.
- Qarşıdakı illərdə hansı titulları hədəfləyirsiniz?
- Qarşıda qadınlar arasında Azərbaycan çempionatı və 20 yaşadək şahmatçılar arasında dünya çempionatı var. Hər iki yarışa ciddi hazırlaşıb əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam.

- Azərbaycanda qadın şahmatçılardan kimi izləyir və bəyənirsiniz? Ümumiyyətlə, kumiriniz kimdir?
- Qadın şahmatçılardan Ülviyyə Fətəliyevanı bəyənirəm. Ümumilikdə isə bütün güclü şahmatçıların oyunlarını izləyirəm. Hər birinin oyun üslubu fərqli olduğundan onlardan nəsə öyrənməyə və özümü inkişaf etdirməyə çalışıram.
- Ailədə sizdən başqa şahmatla məşğul olan varmı?
- Uşaq vaxtı babam şahmat oynayırdı. Məni də özü ilə rayondakı məktəbə aparırdı və orada müəllimlərlə şahmat oynayırdım. Şahmatla ilk dəfə babamın sayəsində tanış oldum və bu oyuna həvəsim yarandı. Əvvəlcə qardaşım şahmatı öyrəndi, daha sonra isə gedişləri mənə başa saldı. Beləcə, babamın sayəsində şahmata başladım. Mənim 10 yaşım olanda babam dünyasını dəyişdi. Ən böyük dəstəkçim o idi. Azərbaycan çempionu olmağımı çox arzulayırdı, təəssüf ki, bunu görə bilmədi. Ümid edirəm ki, ruhu şaddır.

- Neçə yaşınızdan etibarən şahmatla həvəskar səviyyədə deyil, ciddi məşğul olmağa başlamısınız?
- Yeddi yaşımdan.
- Qardaşınız da hazırda şahmatla məşğul olur?
- O, dərslərinə daha çox vaxt ayırmalı olduğu üçün şahmatla məşğul olmağa davam etmədi.
- Bəs şahmat dərslərinizə mane olmurdu? Vaxt baxımından çətinlik yaratmırdı?
- Vaxt baxımından müəyyən çətinliklər yaradırdı, lakin əsas diqqətimi şahmata yönəltmişdim. Bu il isə Azərbaycan İdman Akademiyasına qəbul üçün hazırlaşmağı düşünürəm. İstəyirəm ki, bu sahədə mütləq ali təhsil alım.
- Nərmin, şahmatdan əlavə nə ilə məşğul olmağı sevirsiniz?
- Boş vaxtlarımda xarici filmlərə, xüsusilə qorxu, döyüş və elmi fantastika janrında filmlərə baxmağı, açıq havada gəzməyi və tək qalıb düşünməyi sevirəm. Həmçinin şəxsi inkişaf və detektiv janrlarında kitablar, məsələn, Aqata Kristinin əsərlərini oxuyuram.

- Bəs şahmatçı olmasaydınız, hansı sahəyə yönəlmək istəyərdiniz?
- Şahmat insana çox şey qazandırır. Bu sahədə olmasaydım, yəqin ki, bir sahə ilə kifayətlənməzdim. İncəsənətin hər hansı bir sahəsinə, məsələn, rəssamlığa yönələ bilərdim. Amma şahmatçı olduğum üçün çox məmnunam.
- Son olaraq, qazandığınız çempionluğun Azərbaycan şahmatı üçün əhəmiyyətini necə qiymətləndirirsiniz?
- Həm mənim, həm də digər şahmatçı yoldaşlarımın qazandığı uğurlar Azərbaycan şahmatı üçün çox önəmlidir. Gənc şahmatçıların bu cür nailiyyətləri digər yeniyetmələr üçün də böyük motivasiya mənbəyidir.
