Cənubi Koreyada ali məktəblərə qəbul imtahanlarında köçürmə hallarının qarşısını almaq məqsədilə məlumat verən şəxslərə 500 milyon von (633 min manat) mükafat veriləcək.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, süni intellekt və elektron cihazlardan istifadə etməklə imtahanlarda köçürmə hallarının artması hökuməti yeni tədbirlər görməyə vadar edib.
Yeni qərara əsasən, hər bir qanun pozuntusu barədə məlumat verən şəxsə minimum 100 milyon, müəyyən şərtlər daxilində isə 500 milyon vonadək mükafat ödənilə bilər. İmtahanda köçürdüyünü etiraf edən şəxslər, eləcə də onlara kömək edənləri ifşa edənlər mükafatdan yararlana biləcəklər. Təxminən iki ay davam edəcək kampaniya çərçivəsində müraciətlər yanvarın 19-dək qəbul olunacaq.

Qeyd edək ki, bu il maliyyə məsləhətçiliyi üzrə keçirilən imtahanda birinci yeri tutan namizədin süni intellektdən istifadə edərək köçürdüyünü etiraf etməsi ölkədə geniş müzakirələrə səbəb olub. Hüquq təhsili üzrə qabiliyyət imtahanında maksimum bal toplayan şəxsin də eyni üsuldan istifadə etdiyi iddia olunub.
Ölkənin təhsil naziri Çoy Kyo Cin isə süni intellekt vasitəsilə köçürmə hallarının qarşısını almaq üçün imtahan ərəfəsində görülən tədbirlərin şagirdlər və ictimaiyyət arasında narazılıq yaratmasından sonra istefa verdiyini açıqlamışdı.