Universitet bufetlərində bahalıq  – Tələbələrin hesabına qazanc
24 noyabr 2026 15:43 (UTC +04:00)

Universitet bufetlərində bahalıq – Tələbələrin hesabına qazanc

0

Son zamanlar universitet bufetlərində satılan qidaların qiyməti və keyfiyyəti tələbələr arasında ciddi narazılığa səbəb olur. Sosial şəbəkələrdə bununla bağlı çoxsaylı videolar paylaşılır, tələbələr qarşılaşdıqları problemləri ictimailəşdirirlər.

Onlar bildirirlər ki, bəzi universitetlərin bufetlərində satışa çıxarılan qidaların qiyməti hətta market, kafe və restoranlardakı qiymətlərdən daha bahadır. Üstəlik, təqdim olunan yeməklərin porsiyasının kiçik, keyfiyyətinin isə qiymətinə uyğun olmadığı vurğulanır.

Bəs görəsən, universitet bufetlərində qiymətlər niyə bu qədər bahadır? Ümumiyyətlə, tələbələrin daha münasib qiymətə və keyfiyyətli qida alması üçün hansı iqtisadi mexanizmlər tətbiq oluna bilər?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc Lent.az-a açıqlamasında bildirib ki, universitetlərin təklif etdiyi qida nümunələrində qiymətlərin yüksək olması onların icarə haqları ilə bağlıdır:

“Məsələnin gözəgörünməz səbəblər də var. Bir çox hallarda bufetlər universitet rəhbərliyinin nəzarətində olur. Düşünürəm ki, bu işi tənzimləmək üçün təhsil müəssisələrində satınalmalar elan olunmalı, qida və xidmət standartlarına cavab verən təşkilatlar cəlb olunmalıdır.

Bufetlərdə qiymətlər əsasən məhsulun alış dəyəri, daşınma, əmək haqqı, icarə, kommunal xərclər və sahibkarın mənfəət marjası nəzərə alınmaqla müəyyən olunur. Bufetlər adətən özəl sahibklarlar tərəfindən idarə olunur. Qiymətlərin formalaşmasında əsasən şəxsin və ya təşkilatın kommersiya qərarları mühüm rol oynayır. Düşünürəm ki, bu istiqamətdə ciddi monitorinqə və nəzarətə ehtiyac var. Eyni zamanda şəffaflıq və məlumatlılıq da həllini tapmalıdır. Çünki həmin təhsil müəssisələrində qidalanan şəxslər Azərbaycanın gənc nəsli, gələcək mütəxəssisləridir. Onların sağlamlığı, keyfiyyətli qidalarla təchiz olunması vacib məsələlərdən biridir.

Türkiyənin təcrübəsi burada çox önəmlidir. Türkiyə universitetlərində yerləşən bufetlərdəki qiymətlər bazar qiymətlərindən kəskin fərqlənir. Tələbələr onlara verilmiş xüsusi kartlarla daha ucuz yemək əldə edə bilirlər. Bununla yanaşı, həmin yeməklərin keyfiyyəti daim monitorinq olunur və yekun rəy universitet rəhbərliyinə təqdim edilir. Düşünürəm ki, Azərbaycanda da eyni mexanizm təqdim olunmalıdır”.

İqtisadçı vurğulayıb ki, bufetlər universitet rəhbərlərinin gəlir mənbəyindən sosial sahəyə çevrilməlidir:

“Bufetlərdə sosial qiymət qiymət siyasəti formalaşmalıdır. Əlçatan qiymətə səhər yeməyi, nahar və içki daxil olan xüsusi menyular təklif olunmalıdır. Universitetlər bufetlərin icarə haqqını müəyyən güzəştlərlə tənzimləməlidirlər. Sahibkarlar bufetləri işlətməyə namizəd olduqda seçim şəffaf qaydada həyata keçirilməlidir.

Bundan əlavə, universitetlər üçün aşağı qiymətə vahid və ya birgə ərzaq tədarükü mexanizmi yaradıla bilər. Ümumiyyətlə, universitet bufetlərindən gəlir əldə etməkdən daha çox xidmət göstərməyə önəm verilməlidir. Təhsilin əlçatanlığından danışdığımız kimi tələbələrin sağlam və münasib qiymətə qidalanmasını da təhjsil mühitinin tərkib hissəsi kimi qəbul etməliyik. Ali təhsil müəssisələrində iqtisadi səmərəliliklə bağlı sosial məsuliyyət əsasında düzgün balans yaradılmalıdır.

Ərzaqların porsiyasına, qiymətinə və təklif olunan qida vasitələrinin keyfiyyətinə çox ciddi nəzqarət olunmalıdır. Bufetlər universitet rəhbərlərinin gəlir mənbəyindən sosial sahəyə çevrilməlidir”.

Təhsil eksperti Ramin Nurəliyev Lent.az-a açıqlamasında bildirib ki, universitet bufetlərində satılan həm isti yeməklərin, həm də şirniyyatların qiyməti bazar qiymətlərindən xeyli aşağı olmalıdır:

Ekspert: Xarici ölkədə təhsil almaq istəyənlər diqqətli olmalıdır - AZƏRTAC

“Bir çox xarici universitetlərdə yeməklər və şirniyyatlar bazardakı satış qiymətindən 50 faiz daha ucuz təklif olunur. Hesab edirəm ki, Azərbaycanda da bu təcrübə tətbiq edilməlidir.

Bəzən universitetlərdə dərs qrafiki səbəbindən tələbələrin qidalanma saatları gecikir. Bu zaman tələbə məcburən təhsil aldığı müəssisənin bufetində qidalanmalı olur. Əgər bufetdəki yeməklərin qiyməti digər restoran və kafelərdən bahadırsa, tələbənin maddi imkanı həmin qidaları almağa kifayət etməyə bilər.

Azərbaycanda bir sıra universitetlərdə qidalanma ilə bağlı müəyyən tənzimləmələr həyata keçirilir. Bakı Ali Neft Məktəbində, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, Azərbaycan Dövlət İqtisad Universitetində və Qarabağ Universitetində isə tələbələrin qidalanması və bufetlərin fəaliyyəti ilə bağlı vəziyyət qənaətbəxşdir. Lakin bəzi ali təhsil müəssisələrində bu istiqamətdə vəziyyət arzuolunan deyil.

Tələbələrin universitet bufetləri ilə bağlı narazılıqları başadüşüləndir. Tələbə təqaüdləri minimum əməkhaqqından aşağı olduğuna görə bufetlərdəki qiymətlər də onların maddi imkanlarına uyğun tənzimlənməlidir. Bu istiqamətdə Elm və Təhsil Nazirliyi, yaxud Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən ciddi monitorinqlər aparılmalı, təqdim olunan yeməklərin müvafiq standartlara uyğunluğu yoxlanılmalıdır.

Təəssüf ki, bəzi universitetlərdə qidaların yüksək qiyməti ilə yanaşı, keyfiyyətinin aşağı olması da narazılıq doğurur. Bu məsələyə xüsusi nəzarət edilməlidir. Bufetlərdə satılan qidaların qiymətinə və keyfiyyətinə nəzarət universitet rəhbərliyinin diqqət mərkəzində olmalıdır. Əgər rəhbərlik qiymətlərin münasib olmasında maraqlı deyilsə, bu, bufetlərin fəaliyyətində müəyyən maddi maraqların olması ehtimalını yaradır. Əks halda, rəhbərlik qiymətlərin aşağı salınması və qidaların keyfiyyətinin yüksəldilməsi üçün müvafiq addımlar atmalıdır”.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 152

Oxşar yazılar