Şirin və sulu naringi seçmək göründüyü qədər asan deyil. Parlaq qabıq və yaşıl budaqlar meyvənin dadlı olacağına zəmanət vermir. Bəzi zahiri əlamətlər isə alıcıları yanılda bilər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, yaşıl yarpaqlar naringinin ağacdan yenicə dərildiyini göstərmir.
Meyvələr uyğun şəraitdə saxlanılıbsa, uzun müddət daşındıqdan sonra da yarpaqların rəngi yaşıl qala bilər. Əksinə, yarpaqların quruması da meyvənin keyfiyyətsiz olması demək deyil.
Naringinin şirinliyinə əsasən onun sortu, yetişmə dərəcəsi və saxlanma şəraiti təsir edir. Buna görə yarpaqların olmaması meyvənin dadsız olacağı anlamına gəlmir.
Naringi alarkən nələrə baxmaq lazımdır?
Meyvənin sulu olub-olmadığını yoxlamağın sadə yollarından biri onu əlinizə götürməkdir. Təxminən eyni ölçüdə olan iki naringidən daha ağır olanı, adətən, daha çox şirəyə malik olur. Həddindən artıq yüngül meyvənin içi isə nəmini itirmiş ola bilər.
Meyvənin bərkliyinə də diqqət yetirin. Keyfiyyətli naringi həddindən artıq yumşaq olmamalıdır. Qabığında kif, ciddi zədə və batıq yerlər olmamalıdır. Qırışmış qabıq meyvənin qurumasının əlaməti ola bilər.
Naringinin qoxusu da onun keyfiyyəti barədə məlumat verir. Saplaq hissəsindən xoş, meyvə ətri gəlirsə, bu, yaxşı əlamətdir. Lakin kifli və ya qıcqırmış qoxu hiss etdikdə həmin meyvəni almaq məsləhət görülmür.
Şirin naringi mütləq parlaq rəngdə olmalıdır?
Naringini yalnız qabığının rənginə görə seçmək də doğru deyil. Parlaq narıncı rəng meyvənin içinin şirin olacağına zəmanət vermir.
Naringinin rəngi sortundan və yetişdiyi dövrdəki temperaturdan asılı ola bilər. Buna görə yaşılımtıl meyvə mütləq kal sayılmamalıdır. Dadı müəyyən edən əsas amil meyvədəki şəkər və turşuluq nisbətidir. Deməli, qabığın rəngi həmişə naringinin şirinliyini göstərmir.
Budaqlı naringiyə artıq pul verməyə dəyərmi?
Alıcıların sitrus meyvələrinə münasibətinə yaşıl yarpaqların təsiri 2021-ci ildə “Foods” jurnalında dərc olunan araşdırmada da öyrənilib. Nəticələrə görə, təzə yarpaqlar meyvəni yalnız sorğuda iştirak edənlərin bir qismi üçün daha cəlbedici edib. İştirakçıların çoxu isə bunu ciddi üstünlük hesab etməyib.
Buna görə yarpaqlı naringinin daha baha olması onun keyfiyyətinin mütləq yüksək olduğu anlamına gəlmir. Çəki ilə satılan yarpaqsız meyvələr də eyni dərəcədə sulu və şirin ola bilər.
Naringi alarkən yalnız görünüşünə deyil, çəkisinə, bərkliyinə və qabığının bütövlüyünə də diqqət yetirin. Bu, quru və ya xarab meyvə almaq riskini azalda bilər.