İsveçin Yokmok kommunasının administrasiya rəhbəri Lars Eriksson pornoqrafik filmlərin çəkilişində iştirak etdiyinin üzə çıxmasından sonra işdən çıxarılıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, İsveçin SVT telekanalının apardığı jurnalist araşdırması nəticəsində Erikssonun 2018-ci ildən “Hans” təxəllüsü ilə pornoqrafik filmlərə çəkildiyi və onların istehsalında iştirak etdiyi məlum olub.
Sözügedən filmlərdən ikisi onun artıq rəhbər vəzifədə çalışdığı 2025 və 2026-cı illərdə yayımlanıb. Məmur sonuncu filmdə də kamera qarşısına keçib.
Araşdırmanın dərc edilməsindən sonra yerli hakimiyyət orqanları Erikssonla əmək müqaviləsinə xitam vermək qərarına gəliblər.
Kommunanın rəhbəri Roland Boman qərarın təhlükəsizlik məsələləri ilə əlaqəli olduğunu bildirib. Onun sözlərinə görə, belə yüksək vəzifə tutan şəxs mümkün şantaj qarşısında həssas vəziyyətdə olmamalıdır.
Eriksson isə sonuncu dəfə 2022-ci ildə, rəhbər vəzifəyə təyin edilməzdən əvvəl çəkilişlərdə iştirak etdiyini bildirib. O, filmlərin yayımlanma tarixlərinə təsir göstərmədiyini və onların reklam edildiyi sosial şəbəkə hesabını idarə etmədiyini açıqlayıb.
Maraqlıdır ki, işdən çıxarılan məmura kompensasiya da ödəniləcək. Onun əmək müqaviləsinin müddəti 2028-ci ilin fevralında başa çatmalı idi.
Erikssona yeddi aylıq əməkhaqqı həcmində, ümumilikdə 594 min 104 İsveç kronu məbləğində kompensasiya veriləcək.