Milli Məclisin bu gün keçirilən plenar iclasında sosial şəbəkələrin tənzimlənməsi məsələsi gündəmə gətirilib.
Lent.az APA TV-yə istinadən xəbər verir ki, deputat Ceyhun Məmmədov sosial mediada müşahidə olunan problemlərlə bağlı narahatlığını ifadə edib.
Deputat sosial şəbəkələrin söyüş və təhqir platformasına çevrildiyini bildirib. O, mövcud vəziyyətin qarşısının alınması üçün sosial medianın tənzimlənməsinin vacibliyini vurğulayıb.
Ceyhun Məmmədov sosial şəbəkələrdə baş verən bu kimi halların qarşısını almaq məqsədilə müvafiq nəzarət mexanizminin hazırlanmasına çağırış edib.
Deputat məsələyə ciddi yanaşılmasının və sosial mediada mövcud problemlərin aradan qaldırılması istiqamətində zəruri addımların atılmasının vacibliyini diqqətə çatdırıb.