Bəzi insanlar geyimlərini dolaba yerləşdirmək və ya çirkli paltar səbətinə qoymaq əvəzinə, stulun üstünə yığmağa üstünlük verirlər. İlk baxışdan adi tənbəllik və ya səliqəsizlik kimi görünən bu vərdiş insanın xarakteri və gündəlik davranışları haqqında müəyyən məlumatlar verə bilər.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, psixologiya mövzusunda yazılar dərc edən "Psychologies" nəşri paltarlarını daim stulun üstünə yığan insanların davranışlarını təhlil edib.
Məqalədə bildirilir ki, bu vərdiş işləri sonraya saxlamaq, şəxsi məkanı idarə etmək və nizamsızlığa münasibətlə əlaqəli ola bilər.
Mütəxəssislərin fikrincə, belə davranış insanın mütləq səliqəsiz olduğunu göstərmir. Əksinə, bunun arxasında müəyyən psixoloji səbəblər dayana bilər.
1. Kiçik işləri sonraya saxlamağa meyillilik
Psixoloqların diqqət çəkdiyi ilk xüsusiyyət gündəlik həyatda əhəmiyyətsiz hesab edilən işlərin sonraya saxlanılmasıdır.
Məsələn, insan yorucu iş günündən sonra paltarlarını dolaba yerləşdirmək əvəzinə, yaxınlıqdakı stulun üstünə qoyur.
Bu davranış hər zaman şüurlu şəkildə baş vermir. Beyin həmin işi vacib hesab etmədiyi üçün əlavə enerji sərf etmək istəmir.
Məqalədə qeyd olunur ki, insanın zehni daha az enerji sərf etmək üçün əhəmiyyətsiz saydığı tapşırıqları təxirə salmağa üstünlük verə bilər.
Beləliklə, paltarların stulun üstünə yığılması bəzən tənbəllikdən deyil, insanın gündəlik enerjisini daha vacib işlərə yönəltmək istəyindən qaynaqlanır.
2. Sərt qaydalardan çox sərbəstliyə üstünlük vermək
İkinci xüsusiyyət insanın nizamsızlığa qarşı daha dözümlü olmasıdır.
Mütəxəssislərin fikrincə, insanın yaşadığı mühitdəki səliqəyə münasibəti onun gündəlik həyat tərzi haqqında müəyyən təsəvvür yarada bilər.
Paltarlarını stulun üstünə yığan insanlar bəzən ciddi qaydalara əməl etməkdənsə, daha sərbəst və rahat davranmağa üstünlük verirlər.
Belə şəxslər üçün hər bir əşyanın mütləq öz yerində olması vacib deyil.
Onlar müəyyən nizamsızlığı qəbul edə bilir və bu vəziyyət gündəlik həyatlarına ciddi mane olmur.
Məqalədə bildirilir ki, bu xüsusiyyət müəyyən psixoloji çevikliklə əlaqəli ola bilər. Yəni insan hər şeyin mükəmməl qaydada olmasını tələb etmir və dəyişən şəraitə daha rahat uyğunlaşa bilir.
3. Stuldan müvəqqəti saxlama yeri kimi istifadə etmək
Üçüncü xüsusiyyət isə şəxsi məkanın praktik şəkildə təşkil olunması ilə bağlıdır.
Yaşayış mühitinin psixologiyasını araşdıran mütəxəssislərə görə, paltarların yığıldığı stul insan üçün xüsusi funksiyanı yerinə yetirir.
Bu stul bir növ müvəqqəti saxlama sahəsinə çevrilir.
İnsan paltarlarını otağın müxtəlif yerlərinə səpmir, eyni zamanda onları dərhal dolaba yerləşdirməyə də ehtiyac duymur.
Beləliklə, stul səliqə ilə nizamsızlıq arasında keçid sahəsi rolunu oynayır.
Psixologiyada bu cür məkan bəzən bufer zona adlandırılır.
Bu üsul insana otağın tamamilə dağınıq görünməsinin qarşısını almağa və əşyalarını müəyyən bir yerdə saxlamağa imkan verir.
Bu vərdiş insanın səliqəsiz olduğunu göstərirmi?
Məqalədə vurğulanır ki, paltarları stulun üstünə yığmaq insanın mütləq məsuliyyətsiz və ya səliqəsiz olması demək deyil.
Bu davranış yorğunluq, rahatlığa üstünlük vermək, gündəlik işləri təxirə salmaq və şəxsi məkanı fərqli şəkildə təşkil etmək istəyi ilə əlaqəli ola bilər.
Bununla belə, təkcə bu vərdişə əsaslanaraq insanın xarakteri haqqında qəti nəticə çıxarmaq mümkün deyil. Eyni davranış müxtəlif insanlarda fərqli səbəblərdən yarana bilər.