Britaniya şahzadəsi Harrinin həyat yoldaşı Meqan Marklın 82 yaşlı atası Tomas Marklı 40 ilədək həbs cəzası gözləyir.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Tomas Markl uşaqlara qarşı cinsi istismarı əks etdirən materialları saxlamaqda ittiham olunur.
Federal hüquq-mühafizə orqanları onun Filippində və Los-Ancelesdə yerləşən anbarlarında axtarış apararaq sözügedən materialları müsadirə ediblər. Hazırda Florida ştatında həbsdə saxlanılan Marklın Los-Ancelesdə məhkəmə qarşısına çıxarılması gözlənilir.
Qeyd edək ki, bu ilin əvvəlində demensiya diaqnozu qoyulan Tomas Markl məhkəmənin qərarı ilə psixiatrik ekspertizadan keçirilib. Ekspertiza onun irəli sürülən ittihamların mahiyyətini və nəticələrini anlamaq qabiliyyətinə malik olduğunu müəyyən edib. Markl noyabrın 6-da Floridada yaşadığı qocalar evində saxlanılıb. Əvvəlcə girov müqabilində sərbəst buraxılsa da, bir neçə gün sonra elektron nəzarət cihazını kəsdiyinə görə yenidən həbs edilib.
Tomas Marklın oğlu atasının Filippindəki evində və anbarında uşaqlara qarşı cinsi istismarı əks etdirən materiallar tapdığını polisə bildirib. Markl isə oğlunun iddialarını rədd edib. Meqan Markl atasına qarşı irəli sürülən ittihamlardan dərindən kədərləndiyini açıqlayıb. O, daha əvvəl ortaya çıxan narahatedici iddialar səbəbindən atasının övladları ilə ünsiyyətinə son qoyduğunu bildirib.
Meqanın anası Doria Raqlendin də Federal Təhqiqat Bürosuna (FBI) keçmiş həyat yoldaşının bəzi görüntülərdə müəyyənləşdirilməsində kömək etdiyi bildirilir. Tomas Markl ona qarşı irəli sürülən ittihamlar üzrə təqsirli bilinərsə, 40 ilədək azadlıqdan məhrum edilə bilər.