Atalığı və anasından şiddət görən uşaq sığınacağa yerləşdirilib.
Lent.az Mehriban Qadın Uşaq Sığınacağına istinadən xəbər verir ki, atası həbs olunduqdan sonra anası ilə yaşayan uşaq onun yenidən ailə qurması ilə çətinliklərlə üzləşib.
Azyaşlının sözlərinə görə, atalığı onunla kobud davranıb və evdəki münasibətlər dözülməz həddə çatıb. Bu səbəbdən o, gecə saatlarında evdən çıxaraq parka üz tutub.
Uşağı parkda görən vətəndaşlardan biri polisə məlumat verib. Polis əməkdaşları azyaşlını xəstəxanaya yerləşdiriblər. Daha sonra o, sığınacağa gətirilib.
Məlumata görə, uşağın 7 aylıq, 1 yaş 7 aylıq, 4, 7 və 12 yaşlarında beş bacı-qardaşı var. Daha iki bacı-qardaşı isə doğuşdan sonra dünyasını dəyişib.
Hazırda azyaşlı sığınacaqda qalmaq istədiyini bildirir. O, burada özünü təhlükəsiz hiss etdiyini və evə qayıtmaq istəmədiyini deyir.