Uşaq  “məni heç kim sevmir”   deyirsə, valideynlər  nə etməlidir?
26 noyabr 2026 11:12 (UTC +04:00)

Uşaq “məni heç kim sevmir” deyirsə, valideynlər nə etməlidir?

0

Uşaqlar bəzən valideynlərini narahat edən ifadələr işlədirlər. Onlardan biri də “Məni heç kim sevmir” cümləsidir. Psixoloqlar bildirirlər ki, bu sözlərin arxasında çox vaxt konkret bir hadisə, inciklik və ya diqqət ehtiyacı dayanır. Belə vəziyyətdə valideynin reaksiyası xüsusi əhəmiyyət daşıyır. Təsəvvür edin, səkkiz yaşlı qız məktəbdən evə qayıdır, çantasını dəhlizə atır və qəfil “Məni heç kim sevmir” deyir. Ana isə nə cavab verəcəyini bilmir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, bu ifadə çox vaxt sözün həqiqi mənasında işlədilmir. Lakin onu görməzdən gəlmək də düzgün deyil.

Niyə uşağın sözlərinə dərhal etiraz etmək olmaz?

Valideynlərin ilk reaksiyası adətən “Nə danışırsan, axı hamımız səni sevirik” demək olur. Bu sözlər qayğıkeş görünsə də, uşaqda hisslərinin ciddiyə alınmadığı təəssüratını yarada bilər. Uşaq valideyninin yanına müəyyən hisslərlə gəlir, lakin qarşılığında etiraz eşidir. Nəticədə növbəti dəfə yaşadığı problemləri bölüşmək istəməyə bilər.

Psixoloqlar ilk növbədə uşağın hisslərini qəbul etməyi məsləhət görürlər. Məsələn, “Görünür, indi çox kədərlisən və sənə elə gəlir ki, heç kim səni başa düşmür” demək daha faydalı ola bilər. Bundan sonra hadisənin səbəbini öyrənməyə çalışmaq lazımdır. Uşağın hissləri valideynə şişirdilmiş görünsə belə, həmin anda onun yaşadığı emosiyalar realdır.

Uşağın həmin gün nə yaşadığını öyrənmək vacibdir

“Məni heç kim sevmir” ifadəsinin arxasında çox vaxt konkret hadisə dayanır. Məsələn, dostu ilə mübahisə etmək, müəllimdən irad eşitmək və ya sinif yoldaşlarının onu oyuna dəvət etməməsi belə reaksiyaya səbəb ola bilər. Uşaqlar bəzən bir hadisəni ümumiləşdirərək hər kəsin onlara qarşı eyni münasibətdə olduğunu düşünürlər. Belə vəziyyətdə valideyn sakit şəkildə suallar verməlidir.

“Nə baş verdi?", “Bu gün səni kim incitdi?", “Həmin anda nə hiss etdin?" kimi suallar uşağın yaşadıqlarını anlamağa kömək edə bilər. Lakin bütün sualları ard-arda vermək və söhbəti sorğu-suala çevirmək düzgün deyil. Uşaq hadisəni danışdıqca onun üçün böyük görünən problem daha konkret və həll edilə bilən vəziyyətə çevrilə bilər. 15 ildən artıq uşaqlar və yeniyetmələrlə çalışan psixoloqun sözlərinə görə, özünü sevilməyən hiss edən uşaq çox vaxt həmin gün yaşadığı konkret hadisənin təsiri altında olur. Valideynin nə baş verdiyini öyrənməsi bu hissin ağırlığını azaltmağa kömək edə bilər.

Uşaq bu sözləri tez-tez təkrarlayırsa, nə etməli?

Bəzən belə ifadələr müvəqqəti inciklik nəticəsində yaranır və söhbətdən, valideyn qayğısından sonra azalır. Lakin uşaq həftələrlə özünü sevilməyən hiss etdiyini deyirsə, dostları ilə oynamaqdan imtina edirsə və ya məktəbə getmək istəmirsə, vəziyyətə daha ciddi yanaşmaq lazımdır. İlk növbədə ailədə və məktəbdə baş verənləri araşdırmaq tövsiyə edilir.

Valideyn sinifdəki münasibətləri öyrənməli, müəllimlə danışmalı və uşağın ailə daxilində özünü necə hiss etdiyinə diqqət yetirməlidir. Əgər zahirən hər şey qaydasındadırsa, lakin uşaq bu ifadəni təkrarlamağa davam edirsə, psixoloqa müraciət etmək məqsədəuyğundur. Çünki belə davranışın arxasında yalnız inciklik deyil, uşağın sözlə ifadə edə bilmədiyi narahatlıq da dayana bilər. Bununla belə, güclü yorğunluq və ya xəstəlik zamanı uşaqların daha həssas davranması mümkündür. Belə hallarda istirahət, qayğı və valideynin yaxınlığı kömək edə bilər.

Uşaq danışmaq istəmirsə, necə davranmalı?

Uşaq baş verən hadisəni izah etmək istəmirsə, onu məcbur etmək olmaz. Valideyn onun yanında sakit şəkildə otura, istədiyi halda qucaqlaya və bir müddət sonra söhbətə qayıda bilər. Bəzən uşağın özünü təhlükəsiz hiss etməsi üçün valideynin sadəcə yanında olması kifayətdir. Əsas məqsəd uşağı dərhal danışdırmaq deyil, onun istənilən vaxt valideyninə müraciət edə biləcəyinə əmin olmasını təmin etməkdir.

Uşağa onu sevdiyinizi demək lazımdırmı?

Əlbəttə, uşağa sevildiyini bildirmək vacibdir. Lakin bu sözlər onun hisslərini inkar etmək üçün istifadə edilməməlidir. Əvvəlcə uşağın kədərini və narahatlığını qəbul etmək, daha sonra ona sevildiyini və dəyərli olduğunu xatırlatmaq məsləhətdir. Məsələn, “Bu gün səni nəyinsə çox incitdiyini görürəm. İstəsən, mənə danışa bilərsən. Mən səni sevirəm və yanındayam” demək uşağın özünü daha güvəndə hiss etməsinə kömək edə bilər.

Nə zaman psixoloqa müraciət etmək lazımdır?

Uşaq həftələrlə “Məni heç kim sevmir” deyirsə, əvvəlki maraqlarını itirirsə, dostlarından uzaqlaşırsa, məktəbə getməkdən imtina edirsə və ya davranışında ciddi dəyişikliklər yaranırsa, mütəxəssis dəstəyi almaq vacibdir. Belə hallarda yalnız evdə aparılan söhbətlə kifayətlənmək düzgün olmaya bilər. Əgər uşaq özünə zərər vermək və ya yaşamaq istəməmək barədə danışırsa, bunu təcili yardım tələb edən ciddi xəbərdarlıq kimi qəbul etmək lazımdır.

Psixoloqlar vurğulayırlar ki, “Məni heç kim sevmir” ifadəsi nə hökm, nə də mütləq şıltaqlıqdır. Bu, uşağın öz hisslərini ifadə etmək üsulu ola bilər. Valideynin ən düzgün reaksiyası mübahisə etmək deyil, uşağı dinləmək, hisslərini qəbul etmək və yaşadığı problemin səbəbini anlamağa çalışmaqdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 170

Oxşar yazılar