Yaponların 14 uzunömürlülük  sirri:   100 ildən çox  yaşamaq üçün   nə etmək lazımdır?
26 noyabr 2026 13:16 (UTC +04:00)

Yaponların 14 uzunömürlülük sirri: 100 ildən çox yaşamaq üçün nə etmək lazımdır?

0

Yaponiya dünyada orta ömür uzunluğunun ən yüksək olduğu ölkələrdən biridir. Bu ölkədə yaşayan uzunömürlü insanların bir çoxu 100 yaşına qədər sağlamlığını və zehni fəallığını qoruyub saxlaya bilir.

Lent.az xarici mediaya istinadən yaponların uzun və sağlam həyat sürməsinə kömək etdiyi düşünülən 14 vərdişini təqdim edir.  

1. 80 faiz qaydası

Yaponlar yemək zamanı həddindən artıq doyana qədər qidalanmamağa çalışırlar. Onlar təxminən 80 faiz toxluq hiss etdikdə yeməyi dayandırırlar.

Bu vərdiş artıq çəki almağın qarşısını almağa və həzm sisteminin həddindən artıq yüklənməsini azaltmağa kömək edir. Yaponiyada bu yanaşma sağlam qidalanmanın mühüm prinsiplərindən biri hesab olunur.

2. Səhər tezdən oyanmaq

Yaponlar günəşin ilk şüaları ilə oyanmağın insanın həyatına müsbət təsir göstərdiyinə inanırlar. Onların fikrincə, günə erkən başlamaq həm fiziki, həm də zehni fəallığı artırır.

Günəş işığına uyğun qurulan gündəlik rejim orqanizmin bioloji ritmini tənzimləməyə, əhvali-ruhiyyəni yaxşılaşdırmağa və gün ərzində daha enerjili olmağa kömək edə bilər. Bununla yanaşı, kifayət qədər yatmaq da vacibdir.

3. Yaşıl çay içmək

Yaponiyada yaşıl çay gündəlik həyatın ayrılmaz hissəsidir. Ölkə sakinləri gün ərzində bir neçə dəfə bu içkidən istifadə edirlər.

Yaşıl çay antioksidantlarla zəngindir. Onun tərkibindəki faydalı maddələr ürək-damar sisteminin sağlamlığını dəstəkləyə, beyin fəaliyyətinə müsbət təsir göstərə və həzm prosesinə kömək edə bilər.

4. Ənənəvi yapon səhər yeməyi

Yaponiyada səhər yeməyi “asa gohan” adlanır. Bu ifadə hərfi mənada “səhər düyüsü” deməkdir.

Ənənəvi yapon səhər yeməyi yalnız bir yeməkdən ibarət olmur. Süfrəyə kiçik porsiyalarla bir neçə müxtəlif qida təqdim edilir.

Bunlara düyü, miso şorbası, tərəvəzlər, balıq və turşuya qoyulmuş məhsullar daxildir. Belə qidalanma orqanizmi enerji ilə təmin edir və gün ərzində toxluq hissini qorumağa kömək edir.

5. Döşəmədə yatmaq

Yapon evlərində ənənəvi çarpayıların əvəzinə çox vaxt futon adlanan qalın pambıq döşəklərdən istifadə edilir.

Bu döşəklər birbaşa döşəməyə sərilir və yatmaq üçün nəzərdə tutulur. Yapon ənənəsində qaranlıq, sakit və yaxşı havalandırılan otaqda yatmaq rahat istirahətin vacib şərtlərindən sayılır.

Döşəmədə yatmağın qaməti düzəltdiyi və yuxunu dərinləşdirdiyi iddia edilsə də, bunun hər kəs üçün adi çarpayıdan daha faydalı olduğunu təsdiqləyən kifayət qədər elmi sübut yoxdur.

6. Xüsusi tabi corabları

Yaponiyada “tabi” adlanan xüsusi corablardan istifadə olunur. Bu corabların əsas xüsusiyyəti baş barmaq üçün ayrıca hissənin olmasıdır.

Belə quruluş ayaq barmaqlarının daha sərbəst hərəkət etməsinə şərait yaradır. Tabi corablarının qan dövranını yaxşılaşdırdığı və ayaq ağrılarını azaltdığı da iddia edilir. Lakin bu faydalar barədə elmi sübutlar məhduddur.

7. Gündəlik fiziki fəallıq

Yaponiyada insanlar yaşlarından asılı olmayaraq hərəkətli həyat tərzi keçirməyə çalışırlar.

Hətta yaşlı insanlar da gündəlik olaraq piyada gəzir, velosiped sürür və yüngül fiziki məşqlərlə məşğul olurlar.

Ölkədə “Radio Taiso” adlanan səhər gimnastikası da geniş yayılıb. Bu məşqlər bədənin müxtəlif əzələ qruplarını hərəkətə gətirməyə, elastikliyi və ümumi fiziki fəallığı qorumağa kömək edir.

8. İncəsənətlə məşğul olmaq

Yaponların həyat fəlsəfəsinə görə, insan yalnız pul qazanmaq və ya uğur əldə etmək üçün deyil, şəxsi zövqü üçün də yaradıcı fəaliyyətlə məşğul olmalıdır.

Rəsm çəkmək, musiqi ilə məşğul olmaq, əl işləri hazırlamaq və digər yaradıcı fəaliyyətlər insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.

Belə məşğuliyyətlər gündəlik stressi azaltmağa və həyata daha çox məna qatmağa kömək edir.

9. İlıq vanna qəbul etmək

Yaponiyada günün sonunda ilıq vanna qəbul etmək geniş yayılmış ənənədir.

Bu vərdiş gün ərzində yığılan fiziki və zehni gərginliyi azaltmaq üçün istifadə olunur.

Yatmazdan əvvəl ilıq vanna qəbul etmək əzələlərin rahatlamasına, stressin azalmasına və yuxu keyfiyyətinin yaxşılaşmasına kömək edə bilər.

10. Meditasiya etmək

Meditasiya yapon həyat fəlsəfəsində mühüm yer tutur.

Müntəzəm meditasiya insanın daxili sakitliyini qorumasına, diqqətini toplamasına və gündəlik stresslə daha yaxşı mübarizə aparmasına kömək edə bilər.

Bunun üçün hər hansı mürəkkəb üsulu mənimsəmək vacib deyil. Sadəcə sakit bir yerdə oturmaq, nəfəsə diqqət yetirmək və bədənin hisslərini müşahidə etmək kifayətdir.

11. Hər gün miso yemək

Miso fermentləşdirilmiş soya paxlasından hazırlanan ənənəvi yapon məhsuludur.

Bu qida bağırsaq sağlamlığını dəstəkləyə bilən maddələrlə zəngindir. Fermentləşdirilmiş məhsulların müəyyən növləri bağırsaq mikroflorasına müsbət təsir göstərə bilər.

Lakin bunun üçün mütləq miso yemək lazım deyil. Qida rasionuna müxtəlif fermentləşdirilmiş tərəvəzlər və digər uyğun məhsullar da əlavə etmək olar.

12. Bağçılıqla məşğul olmaq

Yaponiyada bir çox yaşlı insan bağçılıqla məşğul olur, müxtəlif bitkilər və tərəvəzlər yetişdirir.

Bu fəaliyyət həm yüngül fiziki hərəkət imkanı yaradır, həm də insanın təbiətlə əlaqəsini gücləndirir.

Bitkilərə qulluq etmək gündəlik gərginliyi azaltmağa, insanı sakitləşdirməyə və emosional vəziyyəti yaxşılaşdırmağa kömək edə bilər.

13. Hər gün minnətdarlıq hissini ifadə etmək

Yapon mədəniyyətində “kanşa” adlı anlayış mövcuddur. Bu söz daxili minnətdarlıq və qədirbilənlik hissini ifadə edir.

Yapon fəlsəfəsinə görə, insan gündəlik həyatda sahib olduğu sadə şeylərin də dəyərini bilməlidir.

Bir qab düyü, sağlam bədən, istifadə etdiyimiz əşyalar və gündəlik rahatlıqlar belə minnətdarlıq üçün səbəb hesab olunur.

Bu yanaşma insanın həyatındakı müsbət məqamlara daha çox diqqət yetirməsinə və kiçik şeylərdən sevinc duymasına kömək edir.

14. İkiqai – yaşamaq üçün səbəb tapmaq

Yaponların uzunömürlülük fəlsəfəsində ən maraqlı anlayışlardan biri “ikiqai”dir.

Bu anlayış insanın həyatında məna və məqsəd tapmasını, hər yeni gündən məmnunluq duymasını ifadə edir.

Başqa sözlə, ikiqai insanın səhər yuxudan oyanmasına səbəb olan, ona yaşamaq həvəsi verən məşğuliyyət və ya məqsəddir.

Bu, sevimli iş, maraqlı məşğuliyyət, ailəyə qayğı göstərmək, yaxın insanlara kömək etmək və ya cəmiyyət üçün faydalı olmaq istəyi ola bilər.

Yapon fəlsəfəsinə görə, hər bir insan öz ikiqaisini tapmağa çalışmalıdır. Çünki həyatda məqsədinin olması insanın psixoloji rifahını gücləndirə və yaşamaq həvəsini artıra bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 166

Oxşar yazılar