“Ev yalnız ailələrə kirayə verilir”, elanları ilə yəqin ki, hamımız rastlaşmışıq. Lakin bu elanlarla yaxından tanış olanda görürük ki, ailə dedikdə ər və arvadın birgə yaşadığı mühit nəzərdə tutulur. Təsadüfi deyil ki, bu halla bir çox boşanmış qadın qarşılaşıb. Hətta sosial şəbəkələrdə, müxtəlif qruplarda müxtəlif vaxtlarda paylaşım ediblər. Onlar bildirirlər ki, ev elanları ilə maraqlananda “övladımla,anamla, yaxud tək yaşadığımızı bildirəndə, həyat yoldaşımdan ayrıldığımı söyləyəndə evi kirayələməkdən imtina edirlər, bəzən isə nikah haqqında şəhadətnamə istəyirlər”.


Bəs görəsən, bu cür diskriminasiya salan elanlara qarşı hüquqi tədbir görmək mümkündürmü? Ev sahibinin kirayəçinin ailə vəziyyətinə görə ona ev verməkdən imtina etməsi nə dərəcədə doğrudur?
Hüquqşünas Şamil Paşayev Lent.az-a açıqlamasında bildirib ki, boşanmış qadına və ya subay kişiyə ev verməmək cəmiyyətdəki stereotiplərin göstəricisidir:

“Kirayə mənzil bazarında yalnız rəsmi nikahda olan ər-arvada üstünlük verilməsi məsələsinə həm hüquqi, həm də sosial baxımdan yanaşmaq lazımdır.
İlk növbədə qeyd etməliyik ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi bərabərlik prinsipini təsbit edir. Eyni zamanda Konstitusiyanın 29-cu maddəsi mülkiyyət hüququnu qoruyur. Mülki Məcəllənin 390-cı maddəsinə əsasən isə fiziki və hüquqi şəxslər müqavilə bağlamaqda azaddırlar. Bu baxımdan mənzil sahibinin əmlakını kimə kirayə verəcəyini seçmək hüququ var.
Lakin burada mühüm bir məsələ var: mülkiyyətçinin müqavilə azadlığı ilə şəxslərin ailə vəziyyətinə görə fərqləndirilməsi eyni anlayışlar deyil. Mənzil mülkiyyətçisi kimin hansı həyatı yaşamalı olduğunu müəyyənləşdirməli, özünü arbitr və ya mentalitet, əxlaq mühafizəçisi yerinə qoymamalıdır. Kirayə verməkdən imtina üçün konkret səbəblər və tətbiq olunan hüquqi normalar qiymətləndirilməlidir.
Bununla belə, mənzilin yalnız rəsmi nikahda olan ər-arvada verilməsi, boşanmış qadınların, tək yaşayan kişilərin və ya övladını tək böyüdən valideynlərin əvvəlcədən arzuolunmaz kirayəçi hesab edilməsi sosial baxımdan ayrı-seçkilik xarakteri daşıyan yanaşmadır.
Ailə yalnız nikah şəhadətnaməsi ilə müəyyən edilən münasibət deyil. Ailə həm də qohumluq, qayğı, məsuliyyət və qarşılıqlı bağlılıqdır. Nikahın pozulması ailənin bütün münasibətlərinin yox olması demək deyil.
Təəssüf ki, cəmiyyətimizdə bəzən boşanmış qadına və ya kişiyə onun fərdi xüsusiyyətlərinə görə deyil, ailə vəziyyətinə görə münasibət göstərilir. Belə hallarda insanın davranışı, məsuliyyəti və maddi imkanları deyil, onun şəxsi həyatı haqqında ehtimallar ön plana çıxır.
Halbuki rəsmi nikahda olmaq heç kimin intizamlı, məsuliyyətli və etibarlı kirayəçi olacağına təminat vermir. Eyni qaydada, boşanmış və ya subay olmaq da insanın mənfi xüsusiyyətə malik olduğunu göstərmir.
Mənzil sahibinin kirayəçinin ödəniş qabiliyyətini, əmlakdan istifadə qaydalarına münasibətini və müqavilə öhdəliklərini yerinə yetirmək imkanlarını qiymətləndirməsi tamamilə anlaşılandır. Lakin insanın şəxsi həyatını onun etibarlılığının əsas meyarına çevirmək obyektiv yanaşma deyil.
İnsanın sosial dəyəri onun ailə vəziyyətindən deyil, şəxsiyyətindən, davranışından və başqalarının hüquqlarına münasibətindən asılıdır.
Məhkəmənin rolu da burada yalnız şəxslərin mülkiyyət hüquqlarının qoruması ilə deyil, həm də insan ləyaqətinə və bərabərlik prinsipinə hörmətlə xarakterizə olunur.
Nəticə etibarilə, bu məsələdə mülkiyyət hüququnu məhdudlaşdırmaqdan daha çox, cəmiyyətdə mövcud olan stereotipləri dəyişmək lazımdır.
Çünki insanın kirayə mənzildə yaşamağa layiq olub-olmadığını onun nikah şəhadətnaməsi deyil, məsuliyyəti və müqavilə öhdəliklərinə münasibəti müəyyən etməlidir”.
Daşınmaz əmlak işləri üzrə mütəxəssis Fərid Cəfərli isə Lent.az-a açıqlamasında bildirib ki, insanların ailə vəziyyətinə, boşanmış olmasına və ya tək valideyn kimi övlad böyütməsinə görə mənzil kirayələmək hüququ məhdudlaşdırılmamalıdır:

“Mən hesab edirəm ki, bu yanaşma ciddi sosial ayrı-seçkilik nümunəsidir. Boşanmış qadın da, övladını tək böyüdən ana da cəmiyyətin digər üzvləri kimi bərabər hüquqlara malikdir.
Əlbəttə, ev sahibi öz əmlakını kirayəyə verərkən müəyyən şərtlər irəli sürə bilər. Lakin bu şərtlər insanın şəxsi həyatına və ailə statusuna görə ayrı-seçkiliyə çevrilməməlidir. Əsas meyar ailənin ər-arvaddan ibarət olması deyil, kirayəçinin öhdəliklərini yerinə yetirməsi və mənzilə məsuliyyətlə yanaşması olmalıdır.
Ən narahatedici məqam isə odur ki, belə münasibət boşanmış qadınları onsuz da üzləşdikləri sosial və iqtisadi çətinliklər qarşısında daha da müdafiəsiz vəziyyətə salır. Cəmiyyət olaraq anlamalıyıq: ailə yalnız ər-arvaddan ibarət deyil. Ana və övlad da ailədir. Heç bir qadın boşandığına görə mənzil tapmaqda əlavə maneələrlə üzləşməməlidir”.