Boş otaqda işığı yanılı saxlamaq elektrik sərfiyyatını artırır. Lakin işığı tez-tez yandırıb-söndürməyin lampanın ömrünə təsiri onun növündən asılıdır. Buna görə bütün lampalar üçün eyni qaydanı tətbiq etmək düzgün deyil.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, LED lampalar közərmə lampaları ilə müqayisədə xeyli az elektrik enerjisi sərf edir. Onları tez-tez yandırıb-söndürmək istifadə müddətinə ciddi təsir göstərmir. Buna görə işığa ehtiyac olmadıqda söndürmək məqsədəuyğundur.
Bu lampaların xidmət müddəti modeldən və istifadə şəraitindən asılı olaraq təxminən 25 min saata çata bilər. Bu, gündə bir neçə saat istifadə zamanı uzun illər deməkdir. Lakin fasiləsiz, sutkada 24 saat işlədikdə 25 min saat təxminən 2,9 ilə bərabərdir.
“15 dəqiqə qaydası” hansı lampalara aiddir?
Kompakt lüminessent lampalar - CFL modelləri də qənaətcil hesab olunur. Lakin onların tez-tez yandırılıb-söndürülməsi xidmət müddətini qısalda bilər.
Bu səbəbdən nəşr belə lampaları otaqdan 15 dəqiqədən çox müddətə çıxarkən söndürməyi tövsiyə edir. Qısa fasilələrdə isə lampanın ömrü ilə elektrik qənaəti arasında seçim yaranır.
Burada əsas məsələ işığı yenidən yandırarkən çoxlu enerji sərf olunması deyil. Başlanğıcdakı qısamüddətli enerji artımı lampanı uzun müddət yanılı saxlamağa əsas vermir. Tövsiyə əsasən tez-tez yandırılıb-söndürülmənin lampanın hissələrinə təsiri ilə bağlıdır.
Halogen lampaları boş yerə yanılı saxlamayın
Halogen lampalar adi közərmə lampalarından nisbətən qənaətcil olsa da, LED modellərdən daha çox enerji sərf edir. İstifadə etdikləri enerjinin böyük hissəsi istiliyə çevrilir.
Buna görə otaqda işığa ehtiyac yoxdursa, belə lampaları söndürmək məsləhətdir. Onların xidmət müddəti adətən təxminən 1000-2000 saat olur.
Közərmə lampaları ən çox enerji sərf edənlərdəndir
Ənənəvi közərmə lampalarında enerjinin yalnız kiçik hissəsi işığa çevrilir, qalan hissəsi istilik şəklində ayrılır. Buna görə boş otaqda onları yanılı saxlamaq əlavə xərc yaradır.
Bu lampaların xidmət müddəti də nisbətən qısadır, adətən 750-1000 saat arasında dəyişir. İstifadə edilmədikdə söndürülməsi tövsiyə olunur.
Elektrik xərcini necə azaltmaq olar?
İşıqlandırmada qənaət üçün az enerji sərf edən lampalar seçmək və onları yalnız ehtiyac olduqda işlətmək vacibdir. LED lampalar ilkin alışda baha olsa da, aşağı enerji sərfiyyatı və uzun xidmət müddəti ilə üstünlük yarada bilər.
Gündüz pərdələri açaraq təbii işıqdan istifadə etmək, bütün otaq əvəzinə yalnız iş və ya mütaliə zonasını işıqlandırmaq da qənaətə kömək edir.
Taymerlər, hərəkət sensorları və ağıllı idarəetmə sistemləri işığın boş yerə yanmasının qarşısını ala bilər. İşıq səviyyəsini tənzimləyən dimmerlərdən istifadə edilirsə, onların lampa ilə uyğunluğu yoxlanmalıdır.
Lampaların üzərində toplanan toz da işıqlandırmanı zəiflədə bilər. Təmizliyi elektrik söndürüldükdən və lampa soyuduqdan sonra aparmaq lazımdır.