İnternet xəttinə görə qonşusunu öldürəndən Məhkəmədə ETİRAF
17 noyabr 2026 13:25 (UTC +04:00)

İnternet xəttinə görə qonşusunu öldürəndən Məhkəmədə ETİRAF

0

Bakının Buzovna qəsəbəsində internet xəttinə görə yaranan mübahisə zamanı qonşusunu bıçaqlayaraq öldürməkdə təqsirləndirilən Ceyhun Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Təqsirləndirilən Ceyhun Babayev ona qarşı irəli sürülən ittiham üzrə özünü təqsirli bildiyini deyib.

Digər məhkəmə proseslərinin vaxtının çatması səbəbindən baxış iclası təxirə salınıb. Növbəti məhkəmə prosesi dekabrın 1-i saat 16:45-ə təyin edilib.

Xatırladaq ki, qanlı hadisə 2025-ci il iyulun 11-də saat 19:00 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsində, “Atçılıq” yaşayış massivində baş verib.

İttiham materiallarına əsasən, 1981-ci il təvəllüdlü Xaliq Bağırov yaşadığı evin yaxınlığındakı sahəyə atılmış zibilləri və kəsilmiş internet xətlərini görüb.

Hadisədən bir gün əvvəl qonşuluqda yerləşən Elmir Sultanovun evinə internet xətti çəkilərkən Xaliq Bağırovun evinə məxsus dirəkdən icazəsiz istifadə olunması səbəbindən tərəflər arasında narazılıq yaranıb.

İttihama görə, Ceyhun Babayev internet xəttinin yenidən kəsildiyini düşünərək qonşusu ilə danışmaq qərarına gəlib. O, evindən götürdüyü bıçaqla Elmir Sultanovun həyətyanı sahəsinə gedib və Xaliq Bağırovdan ərazidəki zibillərin yığışdırılmasını tələb edib.

Bu zaman tərəflər arasında mübahisə yaranıb. Mübahisə getdikcə böyüyərək qanlı hadisə ilə nəticələnib.

İttiham aktında bildirilir ki, Ceyhun Babayev üzərində gəzdirdiyi bıçaqla Xaliq Bağırova çoxsaylı zərbələr endirib.

Ağır yaralanan kişi canını qurtarmaq üçün təmir olunan evin içərisinə qaçsa da, təqsirləndirilən şəxs onun ardınca gedərək bıçaqlı hücumu davam etdirib.

Xaliq Bağırov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

İttihama əsasən, qətldən sonra Ceyhun Babayev öz evinə qayıdıb. O, polis əməkdaşlarının gəlməsini gözləyərək təslim olub.

Faktla bağlı cinayət işi başlanılıb. Ceyhun Babayevə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

Onun barəsində həbs qətimkan tədbiri seçilib.

Məhkəmə araşdırması davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 122

Oxşar yazılar