25 min manatlıq mənimsəmə – Taksi sürücüsündən MƏHKƏMƏDƏ İLGİNC İFADƏ
17 noyabr 2026 13:48 (UTC +04:00)

25 min manatlıq mənimsəmə – Taksi sürücüsündən MƏHKƏMƏDƏ İLGİNC İFADƏ

0

Bakıda 42 yaşlı kişini döyərək naməlum ünvana aparmaqda və ondan hədə-qorxu ilə 25 min manat tələb etməkdə təqsirləndirilən Aqşin Əsgərov və Səxavət Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Aqşin Əsgərov ifadə verib.

O bildirib ki, hadisədən əvvəl 5 ay ərzində icarəyə götürdüyü “Chevrolet” markalı avtomobillə taksi fəaliyyəti göstərib. Digər təqsirləndirilən Səxavət Məmmədovla da məhz taksi işləyərkən tanış olub.

Aqşin Əsgərovun sözlərinə görə, sonradan onların münasibətləri ailəvi dostluğa çevrilib:

“Hadisə günü Səxavət mənə zəng edərək onu “Neapol” dairəsi ərazisinə aparmağımı xahiş etdi. Onu deyilən ünvana apardım. Özü yuxarı çıxdı və mənə tapşırdı ki, qonağı gələcək, onu müşayiət edib yuxarı çıxarım. Mən də dediyi kimi etdim. Həmin əraziyə sonradan adının Elvin olduğunu öyrəndiyim şəxs yaxınlaşdı. Ona yaxınlaşıb Səxavətin qonağı olub-olmadığını soruşdum”.

Təqsirləndirilən şəxs bildirib ki, daha sonra Səxavət Məmmədov aşağı düşərək ondan avtomobilin açarını istəyib:

“Mən də açarı ona verdim. Sadəcə Səxavəti ora aparmışam. Onların arasında nə danışıldığından məlumatım olmayıb. Səxavətdən 16 manat yolpulu alıb Xırdalana, daha sonra isə evimə getdim. Axşam saat 5 radələrində gedib avtomobili götürdüm”.

Aqşin Əsgərov ifadəsində hadisədən sonrakı gün baş verənlərdən də danışıb:

“Ertəsi gün Səxavətin nömrəsindən mənə zəng gəldi. Yuxulu olduğum üçün gec cavab verdim. Geri zəng edəndə isə telefonu açmadı. Mən Səxavəti bir də polis idarəsində gördüm”.

Məhkəmənin növbəti iclası dekabrın 15-i saat 12:00-a təyin olunub.

Xatırladaq ki, hadisə 2026-cı il fevralın 4-də Bakının Xətai rayonunda baş verib.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, Bakı şəhər sakini olan 42 yaşlı kişi Neapol küçəsində yerləşən kafelərdən birində iki nəfər tərəfindən zorakılığa məruz qaldığını bildirib.

Zərərçəkənin sözlərinə görə, həmin şəxslər onu daha sonra naməlum ünvana apararaq 25 min manat tələb ediblər. Pulun verilməyəcəyi təqdirdə isə həyat və sağlamlığı üçün təhlükəli zor tətbiq edəcəkləri ilə hədələyiblər.

Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 21 yaşlı Aqşin Əsgərov və 36 yaşlı Səxavət Məmmədov saxlanılıblar.

Faktla bağlı cinayət işi başlanılıb. Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.3-cü (zor tətbiq etməklə törədildikdə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Onların barəsində həbs qətimkan tədbiri seçilib.

Məhkəmə araşdırması davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 134

Oxşar yazılar