"Yehova şahidləri" dini icmasının üzvləri “Gözətçi Qülləsi” adlı jurnalı şəhərin müxtəlif yerlərində insanlara paylayaraq, onları seminarlara, təlimlərə dəvət edirlər.
Jurnalda qeyd olunub ki, bu nəşr 1879-cu ildən çap olunur və Müqəddəs Kitaba əsaslanaraq siyasi məsələlərə toxunmur.
Bəs görəsən, icma üzvlərinin jurnalı ictimai məkanda insanlara təqdim etməsi, onları öz icmalarına dəvət etməsi qanunidirmi? Bu cür seminar və təlimlərin keçirilməsi üçün Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinə məlumat verilməsi və ya əvvəlcədən icazə alınması tələb olunurmu? "Yehova şahidləri" dini icmasının Azərbaycanda və Bakı şəhərində hazırkı hüquqi statusu necədir? İcma dövlət qeydiyyatına alınıbmı? İcma üzvlərinin ictimai yerlərdə dini məzmunlu broşürlər paylaması və insanları seminarlara, təlimlərə dəvət etməsi qanunvericiliklə necə tənzimlənir?
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Dini etiqad azadlığı haqqında” qanuna uyğun olaraq, Bakı şəhəri “Yehovanın Şahidləri” dini icması 8 noyabr 2018-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (Dövlət Komitəsi) qeydiyyata alınıb:
“Dini etiqad azadlığı haqqında" qanunun 22-ci maddəsinə əsasən dini qurumlar, dini qurum olmayan digər hüquqi və fiziki şəxslər Dövlət Komitəsinin razılığı ilə dini təyinatlı ədəbiyyatı (kağız və elektron daşıyıcılarında), audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal, idxal, ixrac edə, habelə onları nəzarət markası ilə markalandıqdan sonra sərbəst yaya bilərlər. Bununla yanaşı, bildiririk ki, “Yehovanın Şahidləri” dini icmasına məxsus dini məzmunlu broşürlərin yayılmasına Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müvafiq dini ekspertizadan keçirildikdən və nəzarət markası ilə markalandıqdan sonra icazə verilir.
“Dini etiqad azadlığı haqqında” qanuna müvafiq olaraq, kütləvi dini ibadət, ayin və mərasimlər dini ibadət yerlərində və ziyarətgahlarda keçirilir. Eyni zamanda, qeyd olunan Qanunun 6-1.2-ci maddəsinə əsasən kütləvi dini ibadət, ayin və mərasimlər dini ibadət yerlərindən və ziyarətgahlardan kənarda yalnız Dövlət Komitəsinin razılığı ilə təşkil oluna bilər.
“Yehovanın Şahidləri” dini icmasının fəaliyyəti ilə bağlı Dövlət Komitəsinə mütəmadi xarakter daşımayan müraciət və şikayətlər daxil olub. Həmin müraciətlər aidiyyəti üzrə araşdırılaraq Komitənin səlahiyyətlərinə aid məsələlərlə bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb".
Milli Məclisin deputatı, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Lent.az-a bildirib ki, qanuna uyğun olmayan, ictimai qaydanı pozmağa yönəlmiş çağırışlar varsa, buna qarşı addımlar atılmalı və müvafiq hüquqi tədbirlər görülməlidir:
“Azərbaycan cəmiyyətində bu kimi məsələlərə münasibətdə müəyyən standart baxış formalaşıb. Hər hansı dini icma – istər ənənəvi, istər qeyri-ənənəvi, istər rəsmi, istərsə də qeyri-rəsmi olsun – müəyyən təbliğat aparanda və yaxud öz fikirlərini bölüşəndə bu, böyük təhlükə kimi qiymətləndirilir.
Bizim Konstitusiyamız var. Konstitusiyada hansı təbliğatın aparılmasının qadağan olunduğu konkret şəkildə müəyyənləşdirilib. Dini, irqi və milli qarşıdurmaya, terrora çağırış edən, hər hansı formada ayrı-seçkiliyi təbliğ edən fikirlər və çağırışlar varsa, bunlara hüquqi baxımdan münasibət bildirilə və müvafiq tədbirlər görülə bilər.
Amma insan öz fikirlərini təbliğ edirsə, kiməsə müəyyən məlumatlar verir, onları bu fikirlərlə tanış olmağa dəvət edirsə, qarşı tərəf də istədiyi halda bunları qəbul edir, istəmədikdə isə qəbul etmirsə, buna dövlətin və cəmiyyətin müdaxilə etməsi doğru deyil. Bu, fikir azadlığına qarşı davranış kimi qiymətləndirilə bilər.
Din məsələsinə gəldikdə isə, Azərbaycanda yüzlərlə “Qurani-Kərim” nəşr olunur, sosial şəbəkələrdə, o cümlədən “TikTok”da dini mövzularda çoxsaylı çıxışlar edilir. Müxtəlif təriqətlərin və məzhəblərin nümayəndələri öz dini baxışlarını təbliğ edirlər.
Bəziləri “Qurani-Kərim”ə istinad edərək təbliğat aparır, digərləri hədislərə, yaxud dinin bütövlükdə qəbul etdikləri sisteminə əsaslanırlar.
İnsanların bunlara inanmaq və ya inanmamaq hüququ var. Eyni zamanda, başqalarının da öz dini baxışlarını təbliğ etmək hüququ mövcuddur.
Burada əsas məsələ odur ki, terrora, milli qarşıdurmaya və ya ictimai asayişin pozulmasına yönəlmiş çağırışlar olmasın. Belə hallar yoxdursa, kimin insanları hansı fikrə və ya inanca dəvət etməsindən asılı olmayaraq, buna normal yanaşılmalıdır.
Bu gün insanlara dini və hüquqi baxımdan yüzlərlə fikir təbliğ olunur, müxtəlif çağırışlar edilir. İnsanlar da həmin çağırışları eşidir, bəzən onlara uyğun davranırlar.
Hansısa dini icma da müəyyən çağırış edirsə və bu çağırışın ardınca cəmi beş nəfər gedəcəksə, bu, cəmiyyətdə hansı nizamın pozulmasına səbəb ola bilər?
Ona görə də belə məsələləri ajiotajla, təhlükə kimi qarşılamaq, məncə, doğru deyil.
Yəni cəmiyyətin böyük əksəriyyəti müsəlmandır deyə, burada ədalət anlayışı daha çox qabarmalıdırmı? Yaxud əlavə beş nəfər xristian olsa, bizim cəmiyyətimizdə nə dəyişəcək?
Bu səbəbdən həmin məsələlərə yalnız hüquqi nöqteyi-nəzərdən qiymət vermək lazımdır.
Əgər qanuna uyğun olmayan, ictimai qaydanı pozmağa yönəlmiş çağırışlar varsa, əlbəttə, buna qarşı addımlar atılmalı və müvafiq hüquqi tədbirlər görülməlidir.
Amma belə hallar yoxdursa, insan öz fikrini, dini əqidəsini və dünyagörüşünü yayırsa, başqalarını həmin fikirlərlə tanış olmağa dəvət edirsə və ya ona qoşulmağa çağırırsa, qoy bunu etsin.
İnsanlar öz fikirlərini sərbəst şəkildə ifadə etsinlər. Ağlı başında olan insanlar da öz seçimlərini yalnız hansısa təbliğata əsasən etmirlər.
Məsələn, insanlar televiziyada hansısa müğənninin konsertinə baxırlar. Amma bu o demək deyil ki, həmin müğənninin geyim tərzini təkrarlayırlar. Yaxud onun davranışlarını, ifadələrini olduğu kimi mənimsəyirlər.
Bu, dini məsələlərə də aiddir. Dinə də, digər sahələrə də eyni prinsiplə yanaşılmalıdır.
Ona görə də hesab edirəm ki, bu məsələləri bu qədər şişirtməyə ehtiyac yoxdur. Məsələyə daha sadə və hüquqi çərçivədə yanaşmaq lazımdır”.
Milli Məclisin deputatı, İlahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov Lent.az-a bildirib ki, Azərbaycan qanunvericiliyinə əsasən, dini icmalar dini təbliğatı yalnız məscidlərdə və kilsələrdə apara bilərlər:

“Təəssüf ki, bu sahədə kifayət qədər ciddi nəzarət yoxdur. Ona görə də bu gün ayrı-ayrı şəxslərin müxtəlif yerlərdə dini təbliğat apardığını görürük. Bu hallar şəhərin müxtəlif ərazilərində də özünü açıq şəkildə göstərir.
Bu, adi bir hal deyil, kifayət qədər ciddi və vacib məsələdir. Dövlət qurumları bu məsələlərə mütləq şəkildə ciddi nəzarət etməlidirlər. Belə halları heç bir halda başlı-başına buraxmaq olmaz.
Yəni, kim nə vaxt, harada və necə istəyirsə, dini təbliğat apara bilməz. Bu sahədə ciddi nəzarət təmin edilməlidir.
Əks halda Azərbaycanda dini xəritənin sürətlə dəyişdiyinin şahidi olacağıq. Bu isə gələcəkdə ölkəmiz üçün ciddi problemlər yarada bilər.
Ona görə də bu məsələ ilə mütləq şəkildə ciddi məşğul olmaq lazımdır.
Heç kimə imkan vermək olmaz ki, dini ibadət yerlərindən kənarda, başqa məkanlarda özbaşına dini təbliğat aparsın və bu fəaliyyəti genişləndirsin.
Belə halların qarşısı qəti şəkildə alınmalıdır. Dövlət qurumları bu istiqamətdə nəzarəti gücləndirməli və qanunvericiliyin tələblərinin yerinə yetirilməsini təmin etməlidirlər”.