Xarici diplom, yoxsa yerli təhsil? - İşə qəbulda onlara   üstünlük verilməlidir
13 noyabr 2026 14:06 (UTC +04:00)

Xarici diplom, yoxsa yerli təhsil? - İşə qəbulda onlara üstünlük verilməlidir

0

Xaricdə təhsil almaq çoxları üçün lüks hesab olunur. Hətta çoxları xarici ölkədə oxuyan insanları daha çox bilgili hesab edirlər. İş yerlərində vakansiyalara müraciət olunanda, oraya ilk növbədə xaricdə təhsil alanların cəlb edildiyini düşünürlər.

Məhz bu səbəblərdən dolayı Çin dövləti yeni bir yanaşmaya keçib. Əvvəllər xaricdə təhsil alıb ölkəyə qayıdan məzunlar Çində yüksək qiymətləndirilən, istedadlı kadrlar kimi xarakterizə olunurdular. Ancaq indi Çində dövlət qurumlarında yüksək vəzifələrə yalnız ölkə daxilində təhsil almış məzunlar təyinat ala biləcəklər.

Bəs görəsən, bizdə də eyni təcrübənin işlənməsi uğurlu nəticələrə səbəb olarmı? Gənclər hansı səbəbdən xarici ölkələrə üz tuturlar? Burada əsas rolu beyin amili tutur, yoxsa yeni imkanlar?

Karyera üzrə mütəxəssis, təhsil üzrə ekspert Ramin Nurəliyev Lent.az-a açıqlamasında bildirib ki, gənclərin və abituriyentlərin xarici ali təhsil müəssisələrində təhsil alması üçün əsasən dörd istiqamət mövcuddur:

Təhsil ekpertləri haqqında nə bilirik? - Ramin Nurəliyev... | AzEdu.az

"Bunlardan birincisi və ən əlverişlisi dövlət proqramı çərçivəsində Azərbaycan gənclərinin xarici ali təhsil müəssisələrində təhsil almasıdır. Bu halda bütün xərclər dövlət tərəfindən qarşılanır. Yataqxana, geyim, yemək, yol, nəqliyyat, təhsil haqqı və digər xərclər dövlət hesabına ödənilir.

Hər il 500-ə yaxın gəncimiz xarici ali təhsil müəssisələrində bu proqramdan faydalanır.

Əlbəttə, dövlət proqramına müraciət edən şəxslər təhsillərini başa vurduqdan sonra Azərbaycana qayıdır və müvafiq müqavilənin şərtlərinə uyğun olaraq dövlət qurumlarında əmək fəaliyyətinə başlayırlar.

İkinci istiqamət hökumətlərarası təqaüd proqramlarıdır. Bu proqramlar çərçivəsində təhsil xərclərinin müəyyən hissəsi Azərbaycan dövləti və ya xarici dövlət tərəfindən qarşılanır.

Bu zaman Azərbaycanla digər ölkələr arasında hökumətlərarası təqaüd proqramlarına uyğun müqavilələr imzalanır və həmin müqavilələr əsasında tələbələrin təhsil alması təmin edilir.

Məsələn, Azərbaycanla Macarıstan arasında müvafiq müqavilə imzalanır. Bu müqaviləyə əsasən, azərbaycanlı tələbələr Macarıstanda, macar tələbələr isə Azərbaycanda təhsil almaq imkanı qazanırlar.

Burada əsas üstünlük təhsil haqqına və yataqxana xərclərinə müəyyən güzəştlərin tətbiq olunmasıdır. Lakin dövlət proqramından fərqli olaraq, bütün xərclər tam şəkildə qarşılanmır. Müəyyən güzəştlər tətbiq edilir və həmin güzəştlər sayəsində gənclərin xaricdə təhsil alması daha əlçatan olur.

Üçüncü istiqamət gənclərin öz hesablarına xaricdə təhsil almasıdır.

Maddi imkanı olan gənclər müəyyən imtahanların nəticələrinə və ya attestat ortalamasına əsasən xarici ali təhsil müəssisələrinə qəbul olunaraq təhsillərini davam etdirə bilərlər. Bu halda bütün xərclər valideynlərin və ya tələbənin öz üzərinə düşür.

Dördüncü istiqamət isə müxtəlif təqaüd proqramlarına müraciət etməklə xarici ali təhsil müəssisələrində təhsil almaqdır.

Məsələn, hər hansı gənc xarici universitetə qəbul olunur, lakin orada təhsil almaq üçün kifayət qədər maddi imkanı olmur. Bu zaman o, müəyyən qurumlara müraciət edərək maliyyə dəstəyi istəyə bilər.

Tutaq ki, tələbə hansısa quruma müraciət edərək xarici universitetə qəbul olunduğunu, uyğun sahə üzrə təhsil almaq istədiyini, lakin maddi imkanlarının buna çatmadığını bildirir və dəstək istəyir.

Bu istiqamətdə fəaliyyət göstərən müvafiq qurumlar dövlət və ya özəl sektora aid ola bilər. Həmin qurumlar maliyyə vəsaitləri hesabına tələbələrin xaricdə təhsil almasına dəstək göstərə bilərlər.

Beləliklə, Azərbaycan gənclərinin xarici ali təhsil müəssisələrində təhsil alması üçün əsasən dörd istiqamət mövcuddur”.

Ekspert xaricdə təhsil alan gənclərin Azərbaycanda işlə təmin olunma məsələsinə də toxunub:

“Birinci istiqamət üzrə, yəni dövlət proqramı çərçivəsində xaricdə təhsil alan gənclərə dövlət tərəfindən müəyyən şərait yaradılır. Bu şəxslərin xaricdə təhsillərini başa vurduqdan sonra Azərbaycana qayıtması, qazandıqları bilik və təcrübəni ölkəmizdə tətbiq etməsi nəzərdə tutulur. Yəni dövlət həmin gənclərin xaricdə əldə etdikləri təcrübədən Azərbaycanda istifadə olunması üçün şərait yaradır.

Müəyyən bir müddət ərzində Dövlət proqramı çərçivəsində xaricdə təhsil alan gənclərlə müəyyən müddətə, məsələn, yeddi illik müqavilə bağlanır. Həmin müqaviləyə əsasən, onlar Azərbaycana qayıtdıqdan sonra dövlət qurumlarında əmək fəaliyyəti göstərirlər. Çünki dövlət bu gənclərin xaricdə təhsil alması üçün bütün xərcləri qarşılayır.

Hesab edirəm ki, bu, xaricdə təhsil almaq üçün ən yaxşı istiqamətlərdən biridir. Burada həm dövlətin, həm də gənclərin maraqları təmin olunur. Dövlət xaricdə təhsil almış gənclərin qazandıqları bilik və təcrübəni Azərbaycanda tətbiq etməsinə şərait yaradır. Gənclər üçün də bu proqram olduqca əlverişlidir. Çünki onların təhsil xərcləri valideynləri tərəfindən deyil, dövlət tərəfindən qarşılanır.

Bu baxımdan dövlət proqramını ən uğurlu yollardan biri hesab edirəm. Gənclərin də böyük hissəsi məhz bu proqram vasitəsilə xarici ali təhsil müəssisələrinə qəbul olunmağa çalışır.

Lakin burada qəbul şərtləri kifayət qədər çətindir. Namizədlər mütləq seçim mərhələsindən keçməlidirlər. Yalnız həmin seçimdən uğurla keçən gənclər dövlət proqramından yararlanmaq imkanı qazanırlar.  

Bu da nəticədə daha savadlı, hazırlıqlı və yüksək potensiala malik gənclərin həmin proqramdan faydalanmasına şərait yaradır. Onlar xaricdə təhsil aldıqdan sonra Azərbaycana qayıdır, əmək fəaliyyətinə başlayır və qazandıqları beynəlxalq təcrübənin ölkəmizdə tətbiqinə töhfə verirlər.

Əslində, bu, çox müsbət yanaşmadır. Ulu Öndər tərəfindən əsası qoyulan və Prezident tərəfindən davam etdirilən bu proqramı dövlətin maraqlarına xidmət edən mühüm layihə kimi qiymətləndirmək olar.

Digər istiqamətlərə gəldikdə isə hökumətlərarası təqaüd proqramlarının da müəyyən üstünlükləri var. Lakin məni ən çox narahat edən məsələ xaricdə öz hesabına təhsil alan bəzi gənclərin sonrakı taleyidir.

Xüsusilə Azərbaycanda ali təhsil müəssisələrinə qəbul ola bilməyən, daha sonra attestatla xarici universitetlərə üz tutan gənclər arasında müəyyən problemlər müşahidə olunur.

Belə gənclər əsasən Türkiyə və MDB ölkələrində yerləşən ali təhsil müəssisələrində təhsil almağa çalışırlar. Lakin onların bir hissəsi təhsillərini başa vurduqdan sonra Azərbaycana qayıdaraq əmək fəaliyyətinə başlamaqda çətinlik çəkir.

Hətta deyərdim ki, belə tələbələrin təxminən 50 faizə yaxını diplom almaqda belə çətinlik çəkir. Əsas problem də məhz buradan başlayır.

Bəzi valideynlər övladlarının potensialını və akademik hazırlığını nəzərə almadan onlar üçün çətin ixtisaslar seçirlər.

Məsələn, abituriyent Azərbaycanda qəbul imtahanından 70, 80 və ya 100 bal toplayır və ali məktəbə qəbul ola bilmir. Valideyn isə qərara gəlir ki, övladı Türkiyədə mühəndislik, kompüter mühəndisliyi və ya inşaat mühəndisliyi ixtisası üzrə təhsil alsın.

Ancaq həmin gəncin bu ixtisasları mənimsəmək üçün kifayət qədər hazırlığı və potensialı yoxdursa, valideynlər buna xüsusi diqqət yetirməlidirlər.

Əks halda, övladlarının xaricdə təhsil alması üçün xərclədikləri vəsait nəticəsiz qala bilər.

Çünki gənc mürəkkəb ixtisasların tədris proqramını mənimsəyə bilmir, dərslərin öhdəsindən gəlməkdə çətinlik çəkir. Bu isə onun universiteti bitirə bilməməsinə və diplom almamasına səbəb ola bilər.

Bəzi hallarda tələbə universiteti bitirsə belə, seçdiyi ixtisas üzrə kifayət qədər bilik və bacarıq qazanmır. Nəticədə peşəkar kadr kimi formalaşa bilmir.

Belə gənclər Azərbaycana qayıtdıqdan sonra əmək bazarına daxil olmaqda da müəyyən problemlərlə üzləşirlər.

Hesab edirəm ki, bu vəziyyətdə olan gənclər üçün peşə təhsili daha məqsədəuyğun seçim ola bilər”.

R.Nurəliyev qeyd edib ki, Çinin tətbiq etdiyi qaydanı hələ ki, Azərbaycanda tətbiq etmək olmaz:

“Çin böyük və qüdrətli dövlətdir. Bu ölkə, demək olar ki, bütün sahələrdə ciddi inkişaf yolu keçib.

Çinin qəbul etdiyi qərarı düzgün hesab edirəm. Çünki bu ölkənin universitetləri kifayət qədər yüksək səviyyəli ali təhsil müəssisələridir.

Bu gün Çində təhsil almaq müəyyən mənada Avropanın nüfuzlu universitetlərində təhsil almaqla müqayisə edilə biləcək səviyyədə qiymətləndirilir.

Ona görə də Çinin öz universitetlərində təhsil alan şəxslərə üstünlük verməsi, məncə, başadüşüləndir. Bəs bu təcrübəni Azərbaycanda tətbiq edə bilərikmi? Düşünürəm ki, hələlik xeyr. Çünki Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinin hamısı arzuladığımız səviyyədə deyil.

Amma ölkəmizdə kifayət qədər nüfuzlu universitetlər də var. Məsələn, ADA Universiteti, Bakı Ali Neft Məktəbi, UNEC, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Xəzər Universitetini qeyd etmək olar. Bu ali təhsil müəssisələrində oxuyan gənclərin əmək fəaliyyətinə başlamasında, bir qayda olaraq, ciddi problemlər yaşanmır.

Kaş ki, bütün universitetlərimiz eyni səviyyədə olardı. Lakin hazırda vəziyyət belə deyil.

Hesab edirəm ki, Çinin tətbiq etdiyi modelin Azərbaycanda həyata keçirilməsi üçün hələ tezdir. Universitetlərimiz müəyyən inkişaf mərhələsindən keçdikdən, təhsil sistemimiz daha da təkmilləşdirildikdən sonra bu təcrübədən istifadə etmək mümkün olar.

Məsələn, Qarabağ Universiteti gələcək üçün böyük perspektivlər vəd edən ali təhsil müəssisəsidir. Lakin ümumilikdə universitetlərimizin inkişafı üçün müəyyən zamana ehtiyac var.

Hazırda əsas məqsədimiz ali təhsil müəssisələrində tədrisin keyfiyyətini yüksəltmək və təhsil sistemini daha mükəmməl səviyyəyə çatdırmaq olmalıdır.

Azərbaycanda elə ixtisaslar var ki, bəzi universitetlərə onların tədrisi həvalə edilib, lakin həmin ali təhsil müəssisələri bu vəzifənin öhdəsindən lazımi səviyyədə gələ bilmirlər.

Nəticədə kadr hazırlığında ciddi problemlər və çatışmazlıqlar ortaya çıxır.

Məsələn, bəzi universitetlərdə maşın mühəndisliyi və inşaat mühəndisliyi kimi ixtisaslar tədris olunur. Ancaq həmin universitetləri bitirən məzunların bir qisminin öz ixtisası üzrə kifayət qədər bilik və bacarığa malik olmadığını görürük.

Bu, həm dövlət, həm də özəl universitetlərə aid olan problemdir.

Hesab edirəm ki, bu çatışmazlıqlar mütləq aradan qaldırılmalıdır.

Mən əvvəllər də belə bir təklif irəli sürmüşdüm. Bəzi universitetlərdə müəyyən ixtisaslar üzrə keçid balları olduqca aşağıdır. Məsələn, 150 balla tələbə qəbul edən ixtisaslar var. Bu da gələcəkdə həmin şəxslərin peşəkar kadr kimi formalaşması baxımından müəyyən narahatlıqlar yaradır.

İnşaat mühəndisliyi və maşın mühəndisliyi kimi ixtisaslara baxanda görürük ki, bəzi universitetlərdə keçid balları 202, 205 və ya 210 civarındadır.

Düşünürəm ki, bu məsələlər tənzimlənməlidir. Xüsusilə həmin istiqamətdə ciddi nəzarət mexanizmi tətbiq olunmalıdır.

Əgər hansısa universitet müəyyən ixtisas üzrə keyfiyyətli kadr hazırlaya bilmirsə, həmin ixtisasın o universitetdə tədrisinə icazə verilməməlidir”.

Bu zaman ali təhsil müəssisələri arasında sağlam rəqabət yaranacaq. Universitetlər də müəyyən ixtisaslar üzrə kadr hazırlamaq hüququ əldə etmək üçün təhsilin keyfiyyətini yüksəltməyə çalışacaqlar.

Hesab edirəm ki, belə yanaşma universitetlər arasında sağlam rəqabətin formalaşmasına müsbət təsir göstərə bilər.

Bu istiqamətdə nəzarət mexanizmi tətbiq olunmalıdır. Xüsusilə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən müvafiq yoxlamaların aparılmasını vacib hesab edirəm.

Məsələn, bəzi universitetlər maşın mühəndisliyi ixtisası üzrə kadr hazırlayır. Ancaq həmin ali təhsil müəssisəsində tələbələrin praktik təcrübə keçməsi üçün lazımi şərait yoxdur.

Universitetdə nə müvafiq laboratoriya, nə də tələbələrin maşın mühəndisliyi sahəsində praktiki bilik qazana biləcəyi baza mövcuddur. Təhsil müəssisəsi yalnız binadan ibarətdir, amma maşın mühəndisliyi üzrə mütəxəssis hazırlayır.

Bu, əlbəttə ki, yolverilməzdir.

Universitetlərdə yeni ixtisaslar açılarkən həmin ixtisaslar üzrə yalnız nəzəri biliklərin deyil, praktiki bacarıqların da öyrədilməsi üçün imkanların olub-olmadığı yoxlanılmalıdır.

Yalnız bundan sonra müvafiq ali təhsil müəssisəsinə həmin ixtisas üzrə tələbə qəbul etmək və kadr hazırlamaq imkanı verilməlidir.

Əks halda, universiteti bitirən gənclər əmək bazarının tələblərinə cavab verməyəcək və gələcəkdə iş tapmaqda çətinlik çəkəcəklər.

Ona görə də hesab edirəm ki, universitetlərdə ixtisasların açılması, tədrisin keyfiyyəti və praktik hazırlıq imkanları ciddi nəzarətdə saxlanılmalıdır”

Təhsil eksperti Elçin Əfəndi (Əfəndiyev) Lent.az-a açıqlamasında bildirib ki, gənclərin xaricdə təhsil almaqda başlıca məqsədləri yeni ölkələrlə tanış olmaq, dünyagörüşlərini artırmaq və eyni zamanda həmin ölkələrdə karyera qurmaq, iş imkanları əldə etməkdir:

Elçin Əfəndi: "Təhsil sferasında dəyişiklik mütləqdir, valideynlərə  yazığınız gəlsin..."

“Gənclər məhz bu amilləri əsas götürərək xaricdə təhsil almaqda maraqlı olurlar.

Təbii ki, dövlət proqramı çərçivəsində təhsil alan gənclər burada istisnadır. Onlar əvvəlcədən bilirlər ki, dövlət proqramı ilə xaricdə təhsil aldıqdan sonra mütləq ölkəyə qayıtmalı və ən azı beş il əmək fəaliyyəti göstərməlidirlər. Düşünürəm ki, bu, haqlı qərardır.

Amma öz hesabına xaricdə təhsil almaq istəyən gənclər əsasən qeyd etdiyim amillərə görə bu istiqamətə üstünlük verirlər.

Bununla yanaşı, istər dövlət proqramı çərçivəsində, istərsə də öz hesabına xaricdə təhsil alan yüksək potensiallı gənclərimiz var ki, onlar təhsillərini başa vurduqdan sonra Azərbaycana qayıtmırlar. Bu isə beyin axını kimi qiymətləndirilə bilər.

Məncə, bu, kifayət qədər təhlükəli vəziyyətdir. Çünki heç birimiz istəməzdik ki, ölkəmizdən xaricə beyin axını baş versin.

Hesab edirəm ki, həmin şəxslərin Azərbaycana qayıtması üçün burada ideal imkanlar yaratmalıyıq. Onlar öz ölkələrinə və cəmiyyətimizə fayda verməlidirlər.

Qeyd edim ki, xaricdə təhsil alıb Azərbaycana qayıdan məzunlarımız daha çox ali təhsil müəssisələrində fəaliyyət göstərirlər. Hazırkı dövrdə onların bir qismi 2022-2028-ci illəri əhatə edən dövlət proqramına qoşulurlar. Digərləri, xüsusilə öz hesabına xaricdə təhsil alanlar isə ümumilikdə xaricdə qalıb işləməyə daha çox maraq göstərirlər.

Çin və bir sıra digər ölkələrə gəldikdə isə, onlar öz universitetlərinin məzunlarına üstünlük verirlər. Düşünürəm ki, bu yanaşma həmin ölkələrin ali təhsil müəssisələrinin reytinqinə, nüfuzuna və ümumilikdə təhsil sisteminə müsbət təsir göstərir.

Öz ölkəsindəki universitetlərdə təhsil alanlara üstünlük verilməsi həm də yerli kadrların dəstəklənməsi deməkdir. Çin, Cənubi Koreya və bir sıra Avropa ölkələrinin yanaşmasında bu amili görmək mümkündür.

Yəni öz ölkəsinin universitetlərində təhsil alan şəxslərə üstünlük vermək bir növ həmin ali təhsil müəssisələrinin reytinqini və nüfuzunu yüksəltməyə xidmət edir.

Bununla yanaşı, xaricdə təhsil alıb müəyyən təsir dairəsinə düşməyən, öz ölkəsinin təhsil sistemində yetişən kadrlara üstünlük verilməsi də bu yanaşmanın tərkib hissəsidir.

Düşünürəm ki, bu, düzgün qərardır və biz də eyni təcrübəni tətbiq edə bilərik.

Lakin bunun üçün ilk növbədə universitetlərimiz yüksək ixtisaslı kadr hazırlamaq potensialına malik olmalıdır.

Azərbaycanda bir neçə universitet var ki, bu istiqamətdə fəaliyyətini düzgün qurub və getdikcə uğurlar əldə edir. Amma düşünürəm ki, bu inkişafı daha çox universitetdə görə bilsək, xaricdə təhsil almaqda maraqlı olan şəxslərin sayı müəyyən qədər azala bilər.

Eyni zamanda, son dövrlərdə xaricdə təhsil alan gənclərin dövlət qurumlarında və digər idarələrdə işləməsinə imkanlar yaradılır. Bununla da gənclərin xaricdə təhsil almaq arzusu müəyyən mənada həmin imkanlarla əlaqələndirilir.

Yəni bəzi gənclər xaricdə təhsil almağı gələcəkdə daha yaxşı iş imkanları əldə etməyin əsas yollarından biri kimi görürlər.

Ona görə də düşünürəm ki, qarşıdakı illərdə, istər dövlət proqramı çərçivəsində, istərsə də digər istiqamətlərdə, əsas məqsədimiz yerli universitetlərdə təhsil alan gənclərin əmək bazarında daha geniş imkanlara malik olmasını təmin etmək olmalıdır”.

Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə “gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” mövzusunda dərc olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 118

Oxşar yazılar