Əvvəl ağ idi: təkər şinləri  niyə qara rəngdə  istehsal olunur?
13 noyabr 2026 12:31 (UTC +04:00)

Əvvəl ağ idi: təkər şinləri niyə qara rəngdə istehsal olunur?

0

Bu gün yollarda gördüyümüz avtomobillərin demək olar ki, hamısının təkərləri qara rəngdədir. Lakin maraqlıdır ki, ilk avtomobil şinləri qara deyil, ağ rəngdə istehsal olunurdu. Bəs zamanla onların rəngi niyə dəyişdi?

Lent.az xarici mediaya istinadən xəbər verir ki, avtomobil şinlərinin qara rəngdə olmasının səbəbi yalnız xarici görünüşlə bağlı deyil. Bunun arxasında həm tarixi hadisələr, həm də istehsal texnologiyasındakı dəyişikliklər dayanır.

Əslində, təbii kauçukun rəngi qara deyil, ağımtıldır. Avtomobil sənayesinin ilk illərində istehsal olunan şinlər də məhz bu səbəbdən açıq rəngdə idi.

Həmin dövrdə istehsalçılar şinlərin möhkəmliyini artırmaq üçün sink oksidindən istifadə edirdilər. Bu maddə şinlərin ağ rəngdə görünməsinə səbəb olurdu.

Avtomobil şinlərinin qara rəngə keçməsində Birinci Dünya müharibəsinin də mühüm rolu olub. Müharibə dövründə hərbi sursat istehsalında istifadə edilən sink oksidinə tələbat kəskin artıb. Nəticədə bu maddənin tədarükündə çətinliklər yaranıb. Şin istehsalçıları isə kauçuku möhkəmləndirmək üçün alternativ material axtarmağa başlayıblar. Beləliklə, istehsalda texniki karbon adlı qara rəngli maddədən istifadə geniş yayılıb. Bu maddə şinlərin yalnız rəngini dəyişməyib, həm də onların möhkəmliyini, aşınmaya davamlılığını və istifadə müddətini artırıb. Maraqlıdır ki, texniki karbonun ilk təchizatçılarından biri bu gün rəngli karandaşları ilə tanınan “Crayola” brendinin istehsalçısı “Binney & Smith” şirkəti olub. Şirkət əvvəllər bu maddədən mürəkkəb istehsalında istifadə edirdi.

Bəs ağ kənarlı təkərlər necə yaranıb?

Bir müddət istehsalçılar xərcləri azaltmaq üçün texniki karbonu şinlərin yalnız yolla təmasda olan hissəsinə əlavə ediblər. Nəticədə təkərlərin yerə toxunan səthi qara, yan hissələri isə ağ rəngdə qalıb. Avtomobil tarixində klassik görünüşü ilə yadda qalan ağ yanlıqlı şinlər də məhz bu istehsal üsulu nəticəsində yaranıb. Sonrakı illərdə texniki karbonun şinlərin bütün hissələrində istifadəsi genişlənib və qara rəng avtomobil təkərlərinin standart görünüşünə çevrilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 122

Oxşar yazılar