Dünyanın ən məşhur casus filmlərindən biri olan “Ceyms Bond” franşizasında yeni dövr başlayır. Deniel Kreyqin agent 007 obrazı ilə vidalaşmasından sonra yaradıcı heyət onun yerini tutacaq aktyoru müəyyənləşdirməyə çalışır.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni Ceyms Bondun kimliyi 2026-cı ilin noyabr və ya dekabr aylarında açıqlana bilər.
Məlumata görə, növbəti film məşhur Britaniya casusu haqqında çəkilən 26-cı rəsmi ekran əsəri olacaq. Layihənin rejissoru “Düna” və “Ülgüc üzərində qaçan 2049” filmləri ilə tanınan Deni Vilnöv, ssenaristi isə “Kəskin papaqlar” serialının yaradıcısı Stiven Naytdır.
Hazırda əsas müzakirə mövzusu agent 007 obrazını hansı aktyorun canlandıracağıdır. Namizədlər arasında “Betmen” filmi ilə məşhurlaşan Robert Pattinson, “Tac” serialında rol alan Coş O'Konnor və “Eyforiya” serialının ulduzu Ceykob Elordinin adları çəkilir. Bundan əlavə, “Yavaş atlar” serialından tanınan Cek Louden və “Hava hökmdarları” layihəsində rol alan Kallum Törner də mümkün namizədlər sırasında göstərilir.
Robert Pattinson və Nikolas Holt da rol uğrunda mümkün namizədlər arasında müzakirə olunur. Bununla belə, Amazon MGM studiyası indiyədək aktyor seçimi ilə bağlı yayılan məlumatları təsdiqləməyib.
İlkin proqnozlara əsasən, yeni Ceyms Bond filminin çəkilişlərinə 2027-ci ildə başlanması, premyerasının isə 2028-ci ildə keçirilməsi gözlənilir. Lakin studiya çəkilişlərin başlanma vaxtını və filmin nümayiş tarixini hələ rəsmən açıqlamayıb.
Yeni ekran əsəri 2021-ci ildə nümayiş olunan “Ölməyə vaxt yoxdur” filmindən sonra franşizanın ilk böyük layihəsi olacaq. Həmin filmlə Deniel Kreyqin 15 ildən çox davam edən Ceyms Bond dövrü başa çatıb.
Yeni layihənin rejissoru Deni Vilnöv agent 007 haqqında filmlərin uşaqlıq illərindən onun həyatında xüsusi yer tutduğunu bildirib. Rejissorun sözlərinə görə, o, atası ilə birlikdə Şon Konnerinin baş rolda oynadığı “Doktor Nou” filmindən başlayaraq Bond ekran əsərlərini izləyib. Vilnöv yeni filmdə franşizanın ənənələrini qorumaqla yanaşı, tamaşaçılara fərqli və müasir Ceyms Bond təqdim etmək niyyətindədir. Ssenarist Stiven Nayt isə bu layihədə iştirak etməyi çoxdankı peşəkar arzularından biri adlandırıb.
Agent 007 obrazı kino tarixinin ən tanınmış personajlarından biridir. İndiyədək bu rolu bir neçə məşhur aktyor canlandırıb. Şon Konneri, Corc Lezenbi, Rocer Mur, Timoti Dalton, Pirs Brosnan və Deniel Kreyq müxtəlif dövrlərdə Ceyms Bond obrazı ilə tamaşaçıların qarşısına çıxıblar.
Franşizanın ilk rəsmi filmi “Doktor Nou” 1962-ci ildə ekranlara çıxıb. Sonrakı onilliklərdə “Qoldfinger”, “Qızıl göz”, “Kazino Royal”, “Skayfoll” və digər ekran əsərləri böyük populyarlıq qazanıb. Sonuncu film olan “Ölməyə vaxt yoxdur” 2021-ci ildə nümayiş olunub.
Hazırda kino həvəskarları həm yeni agent 007-nin kimliyini, həm də 26-cı filmdə məşhur casusun hansı macəralarla qarşılaşacağını öyrənməyi səbirsizliklə gözləyirlər.